Bakıdan 40-50 kilometr uzaqlaşanda, yaxud Ələt qəsəbəsinə çatmamış Azərbaycanın FM dalğaları, radio tezliklər demək olar ki, yoxa çıxır. Bunun əvəzində İran radio siqanalları sərbəst şəkildə tutur, onları dinləmək olur. İran dilində verilişlər gedir.
İnformasiya təhlükəsizliyi baxımdan bu nə dərəcədə normaldır? Bunun qarşısını nə üçün almaq olmur və ya niyə alınmır? Nə etmək lazımdır ki, İran FM dalğalarının Azərbaycan ərazilərinə, xüsusən də paytaxt Bakı ətrafına müdaxiləsinin qarşısı alınsın?
Audiovizual Şuradan Medianews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qonşu dövlətlərin radio, hətta televiziya kanallarının bir-birinin yerüstü yayım məkanına müdaxilə etməsi normal haldır.
Qurumdan verilən məlumata görə, yerüstü radio-televiziya yayımı fiziki-coğrafi sərhədlər tanımır: “Yalnız relyef çox nahamar olanda, dağlıq ərazilər olanda həmin dalğalara maneə olur. Amma relyef düz və hamar olanda bu müdaxilələr baş verir. Ələt və ona yaxın ərazilər daha çox açıq məkanlar olduğundan Xəzər dənizinin üzərindən İran ərazisindən gələn radio siqnalların orada olması, hətta Bakıya çatması (xüsusən aydın hava şəraitində) mümkündür. Azərbaycan radio kanallarının da bir sıra siqnalları İran ərazisinə çatır və ərazinin müəyyən dərinliklərinə gedir”.
Şuradan bildirilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) qəbul etdiyi qonşu ölkələrin radiotezliklərinin tənzimlənməsi ilə bağlı reqlamentə əsasən, ölkə dərinliyinə 200 kilometrədək qonşu ölkənin radio siqnalının çatması qəbul edilən haldır: “Qeyd etdiyiniz ərazidə Azərbaycan radio kanallarının yaxşı qəbul olunmaması isə, tam başqa problemdir və bunun da obyektiv səbəbləri vardır. Bakı Teleqüllə Kompleksindən və Lerik rayonunun hündür ərazisində yerləşən “Lerik” radio-televiziya yayım stansiyasından (RTYS) ötürülən siqnallar məsafə cəhətdən həmin əraziyə yaxşı çatmır. Bu məsələ gündəmdədir və həlli istiqamətində fəaliyyət aparılır”.
Audiovizual Şuradan onu da bildiriblər ki, Azərbaycan radio kanallarının bütün ölkə üzrə yerüstü yayımda əlçatanlığının təmin olunması üçün Prezident İlham Əliyevin 2023-cü ilin 24 iyul tarixində imzaladığı Sərəncama uyğun fəaliyyət həyata keçirilir: “Həmin Sərəncama uyğun olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə bu məqsədlə 13,7 milyon manat pul ayrılıb. Sözügedən nazirliyin tabeliyində olan “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi Azərbaycan Respublikası Audiovizual Şurası ilə birgə ölkə üzrə Bakı Teleqüllə Kompleksi də daxil olmaqla, 17 ən əhəmiyyətli RTYS-ləri müəyyən edib. Həmin stansiyalardan ümumölkə statuslu radio kanalların yayımının tam təmin olunması üçün “Teleradio” İstehsalat Birliyi tərəfindən ölkəyə zəruri verici-ötürücü avadanlıqlar gətirilib və hazırkı mərhələdə onların quraşdırılması həyata keçirilir. İntensiv aparılan işlərin 2024-cü ilin sonuna qədər başa çatması nəzərdə tutulub”.
Şuradan verilən məlumata görə, bütün bu işlər yekunlaşdıqdan sonra ümumölkə statuslu 16 radio kanalın bütün ölkə ərazisində yayımı təmin olunacaq: “Nəticədə həm radiotezliklərdən səmərəli istifadə, həm də qonşu ölkələrdən olan müdaxilələrin minimallaşdırılması mümkün olacaq. Yekunda isə qeyd edilən müdaxilə problemləri öz önəmini kifayət qədər itirəcəkdir”.
Rəsmi qurumun verdiyi məlumatdan da aydın olur ki, İrandan Azərbaycanın yerüstü yayım məkanına müdaxilə ilə bağlı mübarizə tədbirlərinə başlanılıb. Amma təəccüb doğuran budur ki, bu məsələ sadəcə bir il bundan öncənin problemi deyil. İllərdir bu vəziyyət hamı tərəfindən müşahidə olunur, narahatlıq dilə gətirilir, İran tele-radiolarının anti-Azərbaycan təbliğatının ölkəmizdə yayılmasının əngəllənməsinin vacibliyi vurğulanır. Belə olan halda 2023-cü ilə qədər gözləmək nə üçün və kimə lazım idi?
Digər tərəfdən, qeyd olunur ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) qəbul etdiyi qonşu ölkələrin radiotezliklərinin tənzimlənməsi ilə bağlı reqlamentə əsasən, ölkə dərinliyinə 200 kilometrədək qonşu ölkənin radio siqnalının çatması qəbul edilən haldır. Təsəvvür edək ki, İranla yanaşı, Azərbaycana qonşu olan Rusiya, Ermənistan, Türkiyə, Gürcüstanın da radiotezlikləri ölkəmizin ərazisinə 200 kilometr dərinlikdə müdaxilə edir. Belə olan halda xaotik bir vəziyyət yaranar və bunun beynəlxalq standart, norma kimi qəbul edilməsi də düzgün yanaşma deyil. Azərbaycan kimi kiçik ərazisi olan bir ölkə üçün bu standartlar əsas şərt olmalı deyil. Öz radiotezliklərimizi tənzimləməli, kənar ölkələrin bu sahədə müdaxiləsinin qarşısını gecikmədən, birmənalı olaraq almalıyıq. Unutmayaq ki, bu ilk növbədə təhlükəsizlik məsələsidir və buna biganə yanaşmaq olmaz.
Lamiyə MİRZƏYEVA