Rusiya prezidenti Vladimir Putin bu saatlarda mətbuat konfransı keçirərək yerli və əcnəbi jurnalistlərin suallarına cavab verir.
Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq Ukraynada baş verənlərə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, canlı yayımda jurnalistlərin suallarını cavablandıran Putin bildirib ki, Ukraynada baş verənlər antikonstitusion çevriliş və hakimiyyətin silahla ələ keçirilməsidir. Onun sözlərinə görə, parlament qismən legitimdir. Prezident vəzifəsini icra edən şəxsin isə heç bir legitimliyi yoxdur:
“Ancaq bir prezident var, aydındır ki onun heç bir hakimiyyəti yoxdur, lakin hüquqi nöqteyi-nəzərdən Ukraynanın legitim prezidenti Yanukoviçdir.
Mən son vaxtlar xarici həmkarlarımla telefon vasitəsilə çox tez-tez Ukrayna problemini müzakirə etmişəm. Və soruşuram: onlar nədən bunu etdilər? Prezident Yanukoviç saziş imzaladı və öz hakimiyyətini demək olar ki təhvil verdi. Müxalifətin tələb etdiyi hər şeyə razılaşdı. Güc tətbiq etməməyə razılaşdı. O, bütün polis qüvvələrini paytaxtdan çıxarmaqla bağlı tapşırıq verdi. O, Xarkova gəldi və dərhal onun iqamətgahını ələ keçirdilər. Bu, tamamilə axmaq davranışdır.
Bu situasiya nədən yarandı? Sadə ukraynalı əziyyət çəkirdi. Korrupsiya elə həddə çatmışdı ki eləsini biz yuxuda da görməmişdik. Prinsipcə xalq çevriliş istəyir. Lakin qanunsuz çevrilişə stimul vermək olmaz. Postsovet məkanında istisnasız olaraq konstitusion yolla hərəkət etmək lazımdır. Mən hələ də Maydanda hakimiyyətin fasadının təmir edilməsini deyil, kardinal dəyişikliyi tələb edən insanları başa düşmürəm”.