Fevralın 18-dən başlayaraq Ukraynada vəziyyət yenidən kəskinləşib. Qarşıdurmalarda hər iki tərəfdən 30-a yaxın insan həlak olub.
Müxalifət 2004-cü ilə qədər mövcud olan konstitusiyanın geri qaytarılmasını, Ali Radanın buraxılmasını, prezidentin istefaya getməsini, Avropa Birliyi ilə əməkdaşlıq sazişinin bağlanmasını tələb edir. Görünən budur ki, Ukraynada siyasi böhran getdikcə dərinləşir və bu vətəndaş müharibəsinə çevrilir. Bizə dost ölkə olan Ukraynada baş verən proseslər, qarşıdurmalar, bundan çıxış yolları, gələcəkdə vəziyyətin hansı ssenari üzrə davam edə biləcəyi və digər məsələlər haqda sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə danışıb.
– Vəfa müəllim, Ukrayna savaş meydanına bənzəyir. Sizcə, hansı səbəbdən ölkə bu vəziyyətə gəlib çıxdı?
– Ukraynanın bu vəziyyətə gəlib çıxmasının bircə səbəbi var. Prezident Viktor Yanukoviç öz xalqını aldadıb. Hələ ötən ildən məlum idi ki, Ukrayna Avrointeqrasiya yolunu seçib. Bu da, həm ölkə konstitusiyasında, həm də Ali Rada da qəbul olunan qanunlarda öz əksini tapırdı. Bu istiqamətdə də Ukrayna hökuməti ilə Avropa Birliyi arasında danışıqlar gedirdi. Razılığa əsasən Yanukoviç Vilnüsə gedərək oradakı əməkdaşlıq və tərəfdaşlıq haqda sənədlərə imza atmalı idi. Lakin son dəqiqədə məlum oldu ki, prezident Yanukoviç Putinlə sövdələşib və ölkəni geriyə-Rusiya və Gömrük İttifaqına doğru sürükləmək istəyir. Bax, bu səbəbə görə, Ukraynada kütləvi etirazlar başladı. Sonra isə proses inkişaf etdi, meydan hərəkatı yarandı və bundan sonra tərəflər arasında qarşıdurma başladı. Ukraynanın başqa şəhərlərində də bu proses getdi.
– Bu prosesi dayandırmaq mümkün deyildimi?
– Ukraynada xalqın və müxalifətin tələbi var. Tələb də budur ki, prezident Yanukoviç hakimiyyətdən getməli, yeni seçkilər elan olunmalı və Ali Rada buraxılmalıdır. Yanukoviç isə bu tələblərin heç birini etmək istəmir. Həm də hiss edilir ki, Yanukoviç xalqa qarşı güc tətbiq etməkdən də qorxur. Ona görə ki, güc tətbiqi silahlı qarşıdurmaya gətirib çıxaracaq.
– Bu halda nə baş verə bilər?
– Ukraynanın özünəməxsus xüsusiyyətləri var. Birincisi, Ukrayna xalqı çox döyüşkən xalqdır. Bu xalq uzun müddət Sovet İttifaqının əleyhinə mübarizə aparıb, döyüşüb. İkinci dünya müharibəsi başa çatmışdı, amma 1960-cı ilə qədər Qərbi Ukraynada Sovet İttifaqının əsgərlərinə atəş açırdılar. Ukrayna tamam başqa ölkədir. Orada müstəqillik və azadlıq tələbləri çox güclüdür. Eyni zamanda məlumdur ki, Rusiya ukraynalıları nə xalq olaraq tanımaq istəyir, nə də Ukrayna dilinin dil olmasını qəbul etmək istəyir. Onlar Ukraynaya şovinist mövqedən, imperiya prizmasından yanaşırlar və çalışırlar ki, Ukrayna xalqı Rusiyanın bir hissəsi, koloniyası olsun. Ukraynalılar isə bunu istəmir. Əsas səbəbləri də burada axtarmaq lazımdır. Bu məsələlərə kompleks yanaşmaq vacibdir. Əgər Rusiya Ukraynanı azad buraxsa, belə məsələlər baş verməz. Prezident Yanukoviçə təsir edən Rusiyadır.
– Hazırda Rusiyanın Ukraynaya hansı təsir imkanları var?
– Rusiya Ukraynada hərbi bazalara sahibdir. Sevastopol da hərbi baza və əsgəri qüvvələr Rusiyaya məxsusdur. Eyni zamanda Sevastopolda güclü rus əhalisi yaşayır. Eləcə də, Krımda rus əhalisi var. Başqa yerlərdə də bu cür imkanlar var. Bunların arxasında Rusiya dayananda ölkədə vətəndaş müharibəsi baş verə bilər. Odur ki, indi hadisələr belə cərəyan edir.
– Vəfa müəllim, demək olarmı ki, artıq Ukrayna hakimiyyəti son qərarını verərək hərbi qüvvələr vasitəsilə etirazçıları sakitləşdirmək və ölkəni əvvəlki kimi sabit duruma gətirmək istiqamətində addımlara başlayıb?
– Xeyr. Hələlik son qərar verilməyib. Rusiya və prezident Yanukoviç vətəndaş müharibəsinə start verib-verməmək məsələsində tərəddüd edirlər. Ancaq Ukrayna xalqı döyüşə hazırdır və döyüşəcək də. Əgər belə bir şey baş versə, silah arsenalları ələ keçiriləcək və Ukraynanın Avropadakı sərhədləri yaxınlığında böyük vətəndaş müharibəsi baş verəcək. Nəticə etibarilə bu həm də Ukrayna-Rusiya müharibəsinə çevrilə bilər.
– Artıq onlarla insanın öldüyünə dair ziddiyyətli xəbərlər yayılır. Bu artıq vətəndaş müharibəsidir?
– Bu, vətəndaş müharibəsinin başlanğıcıdır. Amma bu prosesləri cilovlamaq üçün imkanlar var. Bu da yalnız bir adamdan-prezident Yanukoviçdən asılıdır.
– Yanukoviç bəyan edib ki, onun köməkçiləri dəfələrlə təklif ediblər ki, sərt tədbirlərə əl atsın, amma o buna getməyib. Bəs hansı səbəblərdən Soçidə Olimpiya yarışı gedə-gedə Yanukoviç gücdən istifadə etmək qərarını verdi?
– Hazırda prezident Yanukoviçə Rusiyadan ciddi təzyiqlər var. Yanukoviçi rahat buraxmırlar. Ukrayna Rusiya tərəfindən böyük təpkilərə məruz qalmaqdadır. Rusiyanın özünün maraqları var və bu səbəbdən də Ukrayna hökumətinə hər vəchlə təsir göstərməyə çalışır. Bu səbəblərdən də meydanda güc tətbiqinə başlandı. Əslində, belə təzyiqlər Ukraynanın baş naziri Azarova da edilirdi. Amma Azarov bu təzyiqlərdən canını qurtara bildi. Azarov baş nazir postundan istefa etdi və hazırda Avstriyadadır. Məncə, orada gözəl bir həyat yaşayır. İndi Yanukoviçin nəyə qadir olduğu, nə edəcəyi məlum deyil. Hələlik Yanukoviç xalqına qarşı silah tətbiq etməyib. Sadəcə olaraq baş verən iğtişaşlar nəticəsində hər iki tərəfdən otuz nəfərə yaxın şəxs ölüb. İndi Rusiyanın tələbi ondan ibarətdir ki, Yanukoviç fövqəladə vəziyyət elan etsin. Bundan sonra isə qarşıdurmanı davam etdirən xalqa qarşı silahdan istifadə olunsun. Onlar ümid edirlər ki, etiraz edən, Rusiyaya qarşı çıxan ukraynalıları qırıb qurtarmaq mümkün olacaq. Ancaq mən bu cür düşünmürəm. Əksinə, bu, Rusiya üçün böyük başağrısı olacaq. Bəlkə də, bu Rusiyanın çökməsinə aparacaq. Odur ki, indi əsas məsələ prezidentin xalqa qarşı silahdan istifadə edib-etməyəcəyi məsələsidir. Rusiyanın fitnəsi ilə etiraz edən xalqa qarşı silahdan istifadə etmək prezidentin ən böyük səhvi ola bilər.
– Kiyevdə iğtişaşlar başlamazdan əvvəl prezident Yanukoviç Soçidə Putinlə, müxalifət lideri Kliçko isə Almaniyanın kansleri Merkellə müzakirələr aparıb. Bu görüşlərin iğtişaşların başlanmasına hansı təsiri ola bilərdi?
– Müxalifətin əsas simaları olan Kliçko, Arseniy Yatsenyuk və digərləri istəyirlər ki, qərb bu prosesə qarışsın, müxalifətə açıq dəstək versin və bununla da məsələ bitsin. Amma bununla məsələ bitmir. Prinsipcə, qərb müxalifəti dəstəkləməyə hazırdır. Lakin qərb həm də istəyir ki, bu proseslər sülh və danışıqlar yolu ilə öz məcrasına düşsün, ölkədə vəziyyət stabilləşsin. Bundan sonra Avropa Ukraynada hakimiyyətə gələn müxalifətə həm iqtisadi, həm siyasi, həm də maddi dəstək versin. Prezident Putin də Yanukoviçə dəstək verməyə hazırdır. Bəlkə də, əsgəri dəstək verilə bilər. Amma indi bunu demək çətindir. Hadisələr bir qədər aydınlaşmalıdır.
– Necə düşünürsünüz, hazırda Kiyevdə Yanukoviçin qeyri-rəsmi rus məsləhətçiləri varmı?
– Buna şübhəniz olmasın. Nə qədər istəsəniz var. Elə Yanukoviçin baş naziri Azarov ukraynalı olsa da, heç Ukrayna dilini bilmirdi. Əlbəttə, Ukrayna Sovetlər Birliyinin bir hissəsi olub. Həm də siz Ukraynanı Azərbaycanla müqayisə etməyin. Azərbaycan türkdilli, müsəlman ölkəsi olaraq SSRİ-nin tərkibində olub. Amma Ukrayna hesab edin ki, Rusiyanın bir hissəsi olub. Başqa sözlə, Rusiya Ukraynanı ram etmək üçün burada çox qanlar töküb. Bura həm əsgəri, həm siyasi müdaxilə edib, hər istiqamətdə Ukraynanı ruslaşdırmağa çalışıb. Ona görə də, Ukraynada Rusiyanın mövcudluğu olduqca güclüdür. Rus faktoru burada güclüdür və bu amili əsla inkar etmək olmaz.
– Ukrayna müxalifətinin tərkibini necə qiymətləndirirsiniz, siyasi partiyaların maraqları və məqsədləri nədən ibarətdir?
– Bu saat mən vəziyyəti daha detallı şəkildə şərh etməyi doğru saymıram. Çünki indi orada proseslər sürətlə gedir və bütün dünya oradakı prosesləri izləyir. Hər kəs nəticə ilə maraqlanır. Səbir edin, görək nəticə nədən ibarət olacaq.
– Müxalifət vahid mövqedən çıxış edirmi?
– İndiki şəraitdə əsas məsələ bu qarşıdurmanın nə ilə nəticələnəcəyindən ibarətdir.
– Bundan sonra ssenarilər hansı istiqamətdə davam edə bilər?
– İki istiqamətdə gedə bilər. Birincisi, vətəndaş müharibəsinin başlamasıdır. İkincisi, Yanukoviç və onun komandası hakimiyyətdən gedir, ölkədə yeni prezident seçkiləri keçirilir və Ali Radanın tərkibi yenidən seçilir. Bax bu məsələdə müxalifət qüvvələri eyni mövqedə dayanırlar. Fikrimcə, bu halda müxalifəti parçalamaq və bir-birinə qarşı qoymaq imkanı yoxdur.
– Bəs küçələrdə olan insanlar müxalifəti eşidirmi, belə iddialar var ki, müxalifət heç də meydanlara çıxan insanların hamısına nəzarət edə bilmir…
– Bu suallar detallı cavab tələb edir. Ancaq indiki situasiyada buna heç kim dəqiq cavab verə bilməz. Mən də bu sualı cavablandırmıram.
– Ali Rada da müxalifət 2004-cü il konstitusiyasının geri qaytarılmasını tələb edir. Burada maraq nədir?
– Ukraynada müxalifət hesab edir ki, onların 2004-cü ilə qədər olan konstitusiyaları oğurlanıb. Bunu da geri qaytarmaq istəyirlər. Ancaq indi əsas məsələ yaşanan proseslərin nə ilə nəticələnəcəyi məsələsidir. Bundan sonra biz digər məsələlərin təhlilini apara bilərik. İndilikdə hər kəs ancaq prosesləri diqqətlə izləyir. Bu başa çatdıqdan sonra isə təhlillər aparıla bilər.
teleqraf.com