İldə 11 milyon dollar qazanır, üstəlik, ən nüfuzlu şəxslər sayılırlar; Amerikada işə yeni başlayan müxbir ayda 3 min dollar alır…
2013-cü ilin noyabrında 59 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişən türkiyəli jurnalist Savaş Ayın vəsiyyətnaməsi açıqlanıb. Məlum olub ki, bu vəsiyyətnamə 13 il öncə hazırlanıb. 36 yaşında bir oğlu və 16 yaşında bir qızı olan qəzetçinin bütün mal varlığını oğluna verməsi diqqət çəkib. Amma bir azərbaycanlı jurnalist kimi mənim diqqətimi daha çox S.Ayın mal varlığında nələrin olması cəlb etdi.
Savaş Ayın 5 evi, 1 “CİP”i, 2 dəniz motoru, iri şirkəti və bankda xeyli pulu olub…
Məlum, qonşu ölkələrdə eyni məsləyi icra edirik. Maddi imkanlar, media sektorunun durumu, müqayisəli təhlil öz yerində, amma S.Ayın gənc yaşlarından icra etdiyi bu peşənin ona nələr qazandırdığı da maraqlı idi.
Siyahıya diqqət kəsildikdə maraqlı mənzərə yarandı. Deməli, jurnalistin İstanbulun Beşiktaş, Fatih bölgələrində, eləcə də Bodrumda 5 evi, Saat Film Yayıncılıq şirkətində 51 faizlik payı, 1 CİP markalı maşını, 2 dəniz motoru, bankda və maliyyə qurumlarında isə pulu və səhmləri var.
Bu isə Türkiyədə brendə çevrilmiş bir imza sahibinin nələr qazana bildiyini göstərir. Xüsusən ciddiyə alanda ki, S.Ay ömrünün son illərində xəstəliyinə görə çalışa bilməyib, daha çox qazandıqlarını xərcləmək və satmaqla müalicə xərclərini ödəyib… bu halda siyahının daha uzun olma ehtimalını da nəzərə ala bilərsiniz.
“Amerikanın səsi” radiosunun bir araşdırmasında da sözügedən mövzuya toxunulub. Araşdırmada bildirilir ki, ABŞ-da karyera və iş yerləri haqda Career Cast saytına əsasən, 10 ən stresli peşələrdən biri qəzet müxbiridir. Bunun əsas səbəbi müxbirlərin üzərinə düşən məsuliyyət və onların yüksək ictimai statusu ilə izah edilir.
İllər keçdikdən sonra artıq Amerikada tanınmış teleaparıcıların həyatı haqda daha geniş və daha dəqiq məlumatım oldu. Böyük ekranda böyük xəbərlərin ulduzları həqiqətən də böyük gəlirlərə və nüfuza malik insanlardır.
ABŞ-da media işçilərinin gəlirləri və ictimai nüfuzu hər il “Forbes”, “Huffinqton Post” kimi mötəbər dərgilər tərəfindən açıqlanır. Bu siyahılara nəzər salsaq, tanış adlara rast gələ bilərik.
Hər axşam cəmi iki saat efirdə olur, ildə 11 milyon dollar qazanır…
CNN teleşirkətinin tanınmış aparıcısı Volf Blitser 3 milyon dollar illik gəlirlə ən zəngin media işçilərinin siyahısında ən yüksək yerləri tutmur. ABŞ seçkiləri zamanı 24 saat efirdən, demək olar, düşməyən Volf Blitser hər gün 2 saat analitik proqramında ölkədə və dünyada baş verən hadisələri təhlil edir…
ABC şirkətinin “Meet the Press” (mətbuatla görüş) proqramının aparıcısı Corc Stepanopulosun illik gəliri 5 milyon dollardır. Həftənin ən başlıca hadisələri bu proqramda ABŞ Konqresi və administrasiyanın yüksək səviyyəli nümayəndələri tərəfindən müzakirə edilir.
CNN tele-kanalında hər axşam canlı yayımda iki saat sürən “Anderson Live” proqramının təsisçisi və aparıcısı Anderson Kuper 11 milyon dollarla Amerika tele-məkanında ən yüksək gəlirə malik jurnalistlərdən biri hesab edilir. Hər axşam efirə çıxan proqram Amerikada gənc tamaşaçılardan ibarət ən böyük auditoriya toplayan proqramlar arasında göstərilir. Anderson Kuperin populyarlıq səviyyəsini onun 2012-ci ildə Nyu-Yorkda Madam Tüsso muzeyində mum heykəlinin açılışı ilə ölçmək olar.
Təkcə gəlirləri yox, nüfuzları da yüksəkdir…
Lakin məsələ təkcə yüksək gəlirlərlə bitmir. “Forbes” jurnalı hər il media sahəsində nüfuzlu adamların siyahısını dərc edir. Bu siyahıda adları göstərilən aparıcı jurnalistlər təkcə böyük maliyyə deyil, həm də cəmiyyətdə yüksək mövqe tuturlar. Bu nüfuz onlara xəbərləri qərəzsiz çatdırmaqla yanaşı, ictimai hadisələrə öz münasibətini bildirmək imkanı verir. Cəmiyyət də onların fikirlərinə diqqət verir.
Beləliklə, istər yayım mediası, istərsə də mətbu orqanlarda çalışan jurnalistlər və ictimaiyyət arasında münasibət yaranır. “Forbes” dərgisinin nüfuzlu media adamları siyahısında bir neçə tanınmış qadın jurnalisti göstərmək olar.
“Hufftington Post” media şirkətinin təsisçisi və baş redaktoru Arianna Hafftinqton 2013-cü ildə “Forbes” jurnalının siyahısında dünyada 100 ən nüfuzlu qadın arasında 63-cü yerdə göstərilib. Onun 8 il bundan əvvəl yaratdığı media qurumuna 250 milyondan çox şərh daxil olub.
ABŞ-ın ən nüfuzlu qadın jurnalistlərindən biri, ABC şirkətinin aparıcısı Dayan Soyer Forbes jurnalının siyahısında 73-cü yerdə göstərilib. Amerikada qadın jurnalistlərin professional karyera qura bilməsində böyük rolu olmuş Dayan Soyer media sahəsində ən tanınmış və nüfuzlu adlardan biridir. Dünyanın bir çox liderlərindən müsahibələr götürmüş və artıq məşhurlar və Hollivud ulduzları kateqoriyasına daxil olan Dayan Soyerin illik gəliri 12 milyon dollardır.
CNN tele-şirkətinin tanınmış aparıcısı Kristian Amanpur “Forbes” jurnalının 2012-ci ildə hazırlanmış siyahısında dünyanın ən nüfuzlu 100 qadını arasında 53-cü yerdə göstərilib. 1991-ci ildə ABŞ-ın birinci Körfəz müharibəsi zamanı və 1990-cı illərin əvvəllərində Sarayevodan reportajları ilə hərbi müxbir qadın obrazını Amerika televiziyasına gətirmiş Amanpurun ümumi varidatı 12 milyondan çoxdur.
Mediaya yeni gələn jurnalistlər 36 min dollar qazanır
Amerikada media sahəsinə yeni gələn jurnalistlərin maaşı ildə orta hesabla 36 min dollar kimi göstərilir. Bu isə ayda orta hesabla 3 min dollar deməkdir. Redaktorlar, tele-radio şirkətlərində yazarların maaşları 60 min dollar və yuxarıdır. Daha böyük media bazarında maaşlar və tələblər daha yüksəkdir. Bunlara baxmayaraq, gəlirindən asılı olmayaraq, media işçiləri cəmiyyətdə statusa malikdir.
Tanınmış yazarlar digərlərini bəyənmir
Türkiyənin tanınmış yazarı və televizyonçusu Fatih Altaylı isə hesab edir ki, Türkiyədəki köşə yazarlarının oxucudan çox özünə faydası var. Küçəyə çıxsalar, onları çox adam tanımaz. Amma bu status onlara yüksəlmə şansı verir: “Köşə yazarlarımız birdən-birə elitanın bir üzvü, sənət cameyəsinin yaxını, iş dünyasının tanışına çevrilir. Lüks restoranlara gedir, bahalı rayonlarda yaşayır, dünya mətbəxinə ”bələdçi”likləri ilə öyünürlər. Türkiyədə insanlar köşə yazarı olunca qələmləri yox, amma dillərindəki dad alma duyğusu sanki inkişaf edir. Heç bir təməli olmayan burjuaya, soysuz bir aristokrata çevrilirlər sanki. Ən vahiməlisi isə odur ki, öz məsləkdaşlarını bəyənmir, müxbirləri aşağılayan bir havaya kökləniblər. Halbuki heç birinin uzun bir keçmişi yoxdur”.
Onların təqaüdü 5 min manatdır…
Əslində Türkiyədəki köşə yazarlığını cameyənin içində olan birisinin təqdimatında dinləmək daha maraqlı idi. Statistikaya nəzər salanda isə məlum olur ki, qonşu ölkədə 1000-dən çox köşə yazarı var. Ötən il keçirilən bir sorğuda isə onlardan ancaq 27-nin müəyyən faizlə oxunduğu müəyyənləşmişdi.
İlk onluqda isə Hıncal Uncal, Emin Çölaşan, Bekir Coşkun, Ayşe Arman kimi isimlər yer alır. Maraqlıdır ki, hər il belə anket sorğuları keçirilir. Amma ilk onluqdakı adlar az fərqlə bir-birini üstələyir.
Maraqlıdır ki, qonşu ölkədə köşə yazarları daha çox yaşlı nəslin nümayəndələridir. Məsələn, “Cümhuriyyət” qəzetində yaşı 80-ı aşan yazarlar çoxluq təşkil edir. Bu qəzetdə yaşı 80-i aşan İlhan Selçuk (85), Cüneyt Arcayürek (81), Mümtaz Soysal (80), Oktay Akbal (86) kimi imzalar uzun müddət yazıb.
“Milliyət” qəzetini isə “60’lar klubu” adlandırırlar. “Hürriyət” qəzetində yaşı 60-dan yuxarı olan yazarlar daha çoxdur. Türkiyədəki qəzetlər içərisində gənclərə daha çox yer verən isə heç şübhəsiz ki, “Sabah” və “Habertürk” qəzeti sayılır.
Türkiyə media kapitanları hesab edirlər ki, köşə yazarı olmaq istəyən şəxsin mütləq uzun illərə dayanan həyat və məslək təcrübəsi, biliyi, inandırıcılıq qabiliyyəti olmalıdır. Əks halda, oxucu onun nə demək istəməsi ilə maraqlanmaz, ya da yazdıqlarına inanmaz. Gənclərin bu sahədə az görünməsinin başqa bir səbəbi isə mediada mövcud olan sistemi dəyişməyin çətinliyidir. Güc sahibləri mövcud durumu qoruyaraq güclərini mühafizə edəcəklərini düşünürlər. Buna görə də yeni imzalardan qorxurlar.
Digər tərəfdən, qardaş ölkədə media gənclər üçün cazibədar deyil. Xaricdən baxanda parıltılı görünsə də, sektora yeni daxil olanlara təqdim etdiyi şərtlər bərbaddır. Buna görə də yaxşı təhsili olan və dünyanı tanıyan gənclər bu sektoru tərcih etmirlər.
Türkiyədə isə köşə yazarlığı ciddi bir gəlir mənbəyidir. Belə ki, illərlə qəzetdə köşə yazarı olmuş birisinin aylıq təqaüdü ən azı 5.000 manatdır. Bu, qəzet rəhbərliyinin onun üçün müəyyənləşdirdiyi bir məbləğdir.
15 min dollardan 50 min dollara qədər qazananlar
Bəs hazırda çalışanlar nə qədər alır? Türkiyədə marka olmuş köşə yazarlarının aylıq məvacibi 15.000-50.000 dollar arasında dəyişir. Bu rəqəm onların reytinqinə, populyarlığına görə müəyyənləşir. Özü də Türkiyədə yazarlar qonarar yox, məvacib sistemi ilə çalışır. Yəni ayda 10 köşə yazısı üçün anlaşanı da var, 30 köşə yazısı üçün də. Sonuncu rəqəm çox az rast gəlinən haldır, çünki orada ayın hər günü köşə yazısı ilə çıxış edən yazara rast gəlmək mümkün deyil.
MUSAVAT.COM