Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olaraq qəbul olunur. O dövr üçün dünyada mövcud olan üç demokratik dövlət var idi, ABŞ, Fransa və Azərbaycan Cümhuriyyəti. Qısa zamanda böyük tarixi işlərə imza atan Cümhuriyyətimizin bizə mirası üç rəngli, ay-ulduzlu Bayrağımızdır. Çox təəssüf ki, bu gün cəmiyyətdə Bayrağımızın fəlsəfəsini bilmədən onun barəsində yanlış məlumatlar deyirlər, yazırlar. Oxumadan danışmağa nə var ki, prinsipi ilə hərəkət edirlər. Ən təhlükəlisi isə cəmiyyəti, dövlət başçısını və rəsmləri, medianı çaşdırırlar. Bunlar iddia edirlər ki, guya Azərbaycan bayrağının yaradılması ideyası Cümhuriyyət dövründə Bakının general-qubernatoru olmuş, general-leytenant, Ser Vilyam Montqomery Tomson olub. Bunu iddia edənlər də ortaya nəinki tutarlı fakt qoymurlar, heç Bayrağımızın fəlsəfəsini bilmirlər.
Gəlin buna qısa izah verək. Ser Vilyam Montqomery Tomson 1918-ci ilin sentyabrından 1919-cu ilin may ayına qədər Britaniya ordusunun Şimali İran Qüvvələrinin komandanı olmuşdur. Bu müddət ərzində həmçinin Cənubi Qafqazdakı ingilis qoşunlarının da komandanı olmuşdur. Onun Azərbaycan Cümhuriyyətinin daxili işlərinə qarışmaq hüququ çox olmayıb. 1992-ci ildə Stanford Universitetində Audrey L. Altstadtın “Azərbaycan türkləri: Rusiya hakimiyyəti altında güc və kimlik” kitabı nadir sənədləri özündə əks etdirir. O dövrün qeydləri üzrə nəşr edilən kitabda generalın dövlətin daxili işlərinə qarışmayacağına dair öhdəlik götürdüyü qeyd olunur. O, İngilis Qoşun Komandanlığına və Antanta Ali Şurasına verdiyi hesabatlarda AXC-nin müstəqil yaşaya bilmə qabiliyyətinin yüksək olduğunu bildirmişdir.
Tomson Bakının general-qubernatoru olsa belə, Azərbaycan Cümhuriyyətinin Bayraq məsələsinə müdaxiləsi olmayıb. O modern bir dövlətin türk-islam dövləti kimi dünyaya tanınmamasını istəyirdi. Cəmi bir dəfə təklifi olub ki, ilk gündə bayraq üzərində olan yaşıl rəng öndə olmasın ki, Qərb dövlətləri Azərbaycanı İslam dövləti kimi tanımasın. Çünki o dövrdə Cümhuriyyətin ən böyük hədəfi Antanta dövlətləri tərəfindən müstəqilliyinin tanınması idi. Bu tanınma olsa idi, Azərbaycan işğal olunmazdı.
İkinci niyə ilk qəbul edilən qırımızı, ay ulduzlu bayraq dəyişdi sualına da cavabı elə bu izahda vermək olar. Məlumdur ki, Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra 1918-ci il iyunun 21-də qırmızı parçadan hazırlanmış, qırmızı yerlik üzərində ağ aypara və səkkizguşə ulduz təsvir edilmiş bayrağı dövlət bayrağı kimi qəbul edib. Lakin dünya Osmanlıların da istifadə etdiyi oxşar bayraqla ikinci dövləti qəbul etmək istəmirdilər. Tomson bu barədə Cümhuriyyətçilərə tövsiyə edirdi ki, əgər Antanta dövlətləri tərəfindən tanınmaq istəyirsinizsə və istəmirsinizsə sizi “Osmanlı intiriqası ilə yaradılan dövlət” kimi qəbul etmələrini istəmirsinizsə müstəqilliyinizi dünyaya göstərəcək qərarlar verin.
Əlbəttə bu təklifdə haqlı idi və o da istəyirdi ki, Azərbaycan müstəqil dövlət kimi tanınsın, qəbul edilsin. O dövrdə Britaniya başda olmaqla Fransa, İtaliya, ABŞ Osmanlını xatırladacaq hər şeyə qarşı idilər. I Dünya müharibəsində qarşı-qarşıya gələn iki dövlət arasında bu kimi addımlar təbii qarşılanmalı idi.
İndi Rusiya, Osmanlı və İran təsirində olan şəxslər Britaniyanı və onun generalını ittiham edirlər. Lakin unudurlar ki, məhz ilk dəfə Cümhuriyyətçilərin bu addımı sayəsində ingilis komandanlığı rəsmi tanınma barədə qərar verməsə də, bəyanatlarında “Azərbaycan Cümhuriyyəti rəyasəti” ifadəsini istifadə edib, xüsusi olaraq tanıyıb. Qeyd edim ki, 1918-ci ilin dekabrın 28-də müttəfiqlərin Bakıdakı nümayəndəsi general Tomson F.Xoyskinin sədrliyi ilə yaradılmış Koalisiya hökumətini Azərbaycanda yeganə qanuni hakimiyyət kimi tanıdı.
Yavaş-yavaş o dövrün proseslərinə neytral baxmaq lazımdır. Rus-Osmanlı-İran təsirindən çıxmaq lazımdır. General Tomson olmasaydı digəri olsa idi əslində hadisələr başqa cürə hərəkət edəcək idi. Bir az loyal olub baxmaq lazımdır bu məsələyə. Saxta vətənpərvlik nöqteyi-nəzərindən yox. Ən azından Azərbaycan hökumətinin başçısı Fətəli Xan general Tomsonla görüşündə olan söhbətə diqqətlə baxsınlar. (Bax: Nağı Keykurin “Nağı Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri”. Bakı 2007).
Bir faktı da qeyd edim. 1919-cu il aprelin sonunda ermənilər Qarabağ general-qubernatorunun hakimiyyətini tanımaqdan imtina etmişdilər. General Tomson 1919-cu il mayın 5-də onların rəhbərlərinin Qarabağdan çıxarılması haqqında sərəncam vermiş və iyunun 5-də onlar ingilis nümayəndələrinin müşayiəti ilə Şuşadan Tiflisə sürgün edilmişdi. İyunun 6-da isə Şuşanın ermənilər yaşayan hissəsində keçirilən mitinqdə ermənilər Azərbaycan hökumətini tanıdıqlarını bildirmişdilər.
Üç rəngli bayrağın qəbulu və ideyası müstəqil dövlət olan Cümhuriyyətə məxsus idi, həm də artıq müstəqil hökumətin simvolu idi.
1918-ci ilin 4 noyabrında Əli Bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Xan Xoyski birgə üç rəngli bayraq barədə müzakirə edib qərar verilər ki, yaşıl, qırmızı və göy rəngdə bayraq qəbul etsinlər. Bu rənglərin də seçilməsi təsadüfü deyil idi. Bu üç nəfərin istinad etdikləri və tariximizlə birbaşa bağlı olan rənglər idi.
Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə Üçrəngli bayrağın yaradılması haqqında M. Ə. Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi. Bayraqdakı rənglərin təsviri və düzülüşü ilə bağlı beynəlxalq güclərə izah vermək lazım idi ki, Azərbaycan Milli Şurasının sədri M.Ə. Rəsulzadə yazırdı: “Müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, İslam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir…”
Əslində bu məqalədə Rəsulzadə sadəcə Britaniyanın eşitmək istədiyi sözləri deyirdi. Əlbəttə, Britaniya bəzi məsələlərdə bizə düzgün yön vermiş idi, müstəqil dövlət olan Azərbaycanı dünya tərəfindən qəbul edilməsi üçün. Lakin Azərbaycan bayrağının nə ideya müəllifi, nə də rənglərini seçən Britaniya deyil. Bunu general Tomson da seçməyib. Onlar qəbul olunan Bayrağımızın dünyada tanınmasına dəstək veriblər. 1919-cu ildə İngilis qoşunlarının Bakını tərk etməsinin isə səbəbi dövlətimizin müstəqil olması və müstəqil idarə edilməsi idi. Azərbaycan hökumətinin nümayəndələri Qafqazdakı müttəfiq qoşunlarının komandanı general V.Tomsonla danışıqlar zamanı Azərbaycanın beynəlxalq sülh konfransında iştirakına təminat almışdılar. Bunu da unutmaq lazım deyil. Bayraq isə tamam bir başqa fəlsəfəni izah edirdi.
Zaur ƏLİYEV, dosent