“Real”ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldo La Liqada dünən “Sevilya”ya qarşı matçda (7:3) 3 qol vurub.
Virtualaz.org xəbər verir ki, bununla da 28 yaşlı futbolçu İspaniya çempionatında “Real”ın heyətində vurduğu qolların sayını 158-ə çatdırıb. Ronaldo bu nəticəni 146 oyunda göstərib. “Sevilya” ilə qarşılaşmada het-trik edən ulduz oyunçu “Real”ın əfsanəvi futbolçularından olmuş macar Ferents Puşkaşı da (156 qol) geridə qoyub.
Hazırda Ronaldo “Real”ın bombardirləri arasında 5-ci yerdədir. Raul (228 qol), Alfredo di Stefano (216), Santilyana (186) və Uqo Sançes (164) “Real”ın tarixi ərzində İspaniya La Liqasında Ronaldodan çox qol vuran futbolçulardır.
Qeyd edək ki, Ronaldo cari mövsümdə “Real”ın heyətində 11 oyuna 11 qol vurub, 3 məhsuldar ötürmə verib.