“Hakimiyyət əlindən gələni edir ki, AXCP ilə Müsavat arasında düşmənçilik yaratsın”
Müsavat Gənclər Təşkilatının yeni sədri Cavid Hacıbəylinin “Qafqazinfo”ya müsahibəsi:
– Seçki nəticəsində siz Müsavat Gənclər Təşkilatının yeni sədri seçildiniz. İstərdim həmin prosesi danışasınız. Çünki qalmaqal yarandı ki, siz seçkiyə öz yaş həddinizdə olan insanları çağırmısız və bu da nəticəyə təsir edib.
– Müsavat Gənclər Təşkilatının özünün əsasnaməsi var. 25 avqustda bizim konfransımız oldu. Biz 2-3 aydır ki, bu konfransa hazırlaşırdıq. Hazırlıq dövrünün mahiyyəti odur ki, təşkilatın bütün özəklərində konfranslar keçirilməlidir. Özəklərdən protokollar alındıqdan sonra konfrans təyin olunmalıdır. Biz rayonlarda olan üzvlərimizin sayını müəyyənləşdirdik və siyahılaşdırdıq. Bu seçkidə hansı gənclərin iştirak etməsi üçün lazım idi. Burada mən və Rauf bəy namizəd olduğumuz üçün ikimizin arasında rəqabət getdi. Düşünürəm ki, sağlam rəqabət oldu. Çünki Müsavat partiyası 102 ilin partiyasıdır. Burada bütün seçkilər tam demokratik, ədalətli şəkildə keçirilir.
– Əgər sağlam rəqabət var idisə, həmin qalmaqal nə səbəbdən yarandı?
– Mən deməzdim ki, qalmaqal yaranıb. Çünki mən məlumatı sizə ötürən mənbəni bilmirəm. Tam əminliklə deyə bilərəm ki, orda seçkinin nəticələrinə təsir edən bir problem olmayıb. Müsavat Partiyasında ilk dəfə deyil ki, seçkilər keçirilir. Təcrübəli seçki mütəxəssislərimiz var. Gənclər bir qədər emosional olduğu üçün ola bilsin ki, hansısa texniki çatışmazlığa reaksiyası kənara, yəni sizə başqa şəkildə ötürülüb. Əgər belə bir məqam olubsa, partiyada ədalətli şəkildə araşdırılır. Partiya üzvləri qərarlara tabe olur.
– Məsələnin üstündən bir neçə gün keçib. Siz qeyd etmişdiniz ki, məsələ dəqiqləşdiriləcək. Hələ dəqiqləşməyib?
– Mən facebook profilimdə də yazdım ki, əgər jurnalistlər bu barədə mənə sual versələr, bu fikrimi cavab kimi qəbul etsinlər. Bu haqda geniş danışmaq istəmirəm. Jurnalistlər üçün bu maraqlı ola bilər.
– Bilirsiz, Müsavat Partiyası ölkənin ana müxalifət partiyasıdır. Burada baş verən proseslər təkcə jurnalistlər üçün deyil, cəmiyyətin özü, bütövlükdə isə iqtidarlı müxalifətli bütün dairələr üçün maraqlıdır. O baxımdan suala cavab axtarmaq istəyimi məqbul hesab etməlisiniz…
– Təbii ki.
– Bu məsələ ortaya çıxdığında partiya səviyyəsində danışıqlar oldumu?
– Müzakirə olunmayıb. Əgər belə bir problem varsa, ona baxan strukturlar var. Birbaşa bu məsələyə görə partiya başqanıyla müzakirə aparılmayıb. Hər hansı texniki çatışmazlıq olarsa, təşkilat komitəsi bu məsələni araşdırır. Bizə də bu barədə məlumat verir.
– Təşkilatın nizamnaməsində yaşı 29-a qədər olan gənclərin təşkilata sədrlik etmək səlahiyyəti var. Sizin də yaşınız 28-dir. Belə çıxır ki, 1 illik fəaliyyət göstərmək üçün sədr olmaq istəmisiniz?
– Əvvəlcə ölkədə gənclik yaşı 35 idi. Sonra Milli Məclis bu yaş həddini 30-a endirdi. Sonra yenə qərar qəbul olundu, yaş 29-a endirildi. Bizim məclisin də yaş həddinin 29-a endirilməsi barədə qərarının olub-olmadığından məlumatsızam. İkincisi, yaş tamam olanda Müsavat Gənclər Təşkilatından çıxarılmaq barədə qərarımız yoxdur. Sədr iki illik müddətə seçilir. Mən də gənclik yaşım bitmədiyimə görə iki illik müddətə seçilmişəm. Amma istər bir, istərsə də iki olsun. Qarşıma böyük işlər görməyi məqsəd qoymuşam.
– Hansı işlər görəcəksiniz?
– Qarşıdan prezident seçkiləri gəlir. Seçki kampaniyasına qoşulacağıq. İmzatoplama və vahid namizədimiz Cəmil Həsənlinin təbliğat kampaniyasında fəal iştirak edəcəyik.
– Rəqibiniz Rauf Məmmədli idi. Siz qalib gəldiniz. Rəqibinizdən özünüzü bu iş üçün daha enerjili hesab edirsinizmi?
– Rauf bəylə 2011- ci ilin 12 mart mitinqində tanış olmuşuq. Eyni partiyada təmsil olunmağımızdan əlavə, aramızda dostluq var. Rauf bəyin də layiqli gənc kimi namizədlyini verməyə haqqı var idi. O cümlədən mənim də haqqım var idi. Mən partiyada 10 illik təcrübəmə əsaslanaraq namizədliyimi verdim. 2003-cü ildən partiya üzvüyəm. Seçkini də gənclərin verdiyi səs çoxluğu ilə qazanmışam.
– Sizcə, gənclər sizi niyə seçdilər?
– 10 illik partiya fəaliyyətim var. Gənclərlə əlaqələrim çoxdur. Təbliğatımı geniş qurmuşam.
– Xələfiniz Tural Abbaslının fəaliyyətini necə qiymətləndirirsiniz?
– Tural bəy, 2007-cildən təşkilata sədrlik edib. Onun fəaliyyəti göz önündədir. Mən də rəhbərlikdə təmsil olunmuşam. Tam əminliklə deyə bilərəm ki, əvvəlki rəhbərliyin fəaliyyətiini qənaətbəxşdir. Biz hakimiyyətlə mübarizədə öz sözümüzü demiş gənclərik. 2 aprel mitinqində partiyadan 6, Gənclər Təşkilatından isə 4 nəfər vicdan məhbusu var idi.
– Tural Abbaslıdan fərqli hansı işlər görməyi planlaşdırırsınız?
– Biz partiyanın nizamnaməsindən kənar fəaliyyət göstərmirik. Partiyanın proqramına uyğun hədəflərimiz var. O da Azərbaycanın bütövlüyü, demokratikləşməyi və azadlığıdır. Fərqlilik gənclərin təşkilata cəlb olunması prosesinin sürətləndirilməsində ola bilər. İstər yerli, istərsə də beynəlxalq təşkilatlarla əlaqələrimizi daha da genişləndirmək istəyirik. Milli Məclisə və partiyaya yeni qanun və təkliflər vermək istəyirik. Gənclərin partiyanın yüksək orqanlarında təmsilçiliyini artırmağı, xanımların partiya sıralarına cəlb etməyi düşünürük.
– İndiyə kimi Milli Məclisə öz təkliflərinizi vermisiniz?
– Milli Məclisi qeyri-legitim hesab etmişik. Heç vaxt inanmamışıq ki, Müsavat Partiyası Gənclər Təşkilatı tərəfindən hazırlanan təklifi qəbul etsinlər. Buna baxmayaraq, ehtiyac yaranacaqsa, biz yenə təkliflərimizi verəcəyik.
– Təşkilata hazırda üzv olan hansı xanımı gələcəkdə sədr kimi görmək istərdiniz? Bu həm də bir yenilik olardı…
– Konkret ad çəkmək istəmirəm. Gərək xanımlardan kimsə namizədliyini versin ki, biz onu müzakirə edək. Proses gizli səsvermə yolu ilə keçirilir.
– Gənclər nədən sizin arxasınızca gəlməlidir?
– Mən tam əminlikə deyə bilərəm ki, Müsavat GT ən güclü gənclər təşkilatıdır. Üzvlərimizin sayı çox olduğuna görə ən güclü olduğumuzu deyirik. Əksər bölgələrdə bizim təşkilatın özəkləri var. Bu 102 illik partiya tarixində həmişə gənclər azadlıq və demokratiya uğrunda mübarizə aparıb. İnandıqları üçün bizim arxamızca gəlirlər. Bizə qoşulub bizimlə birlikdə mübarizə aparırlar. Üzvlərmizin sayını artırılması üçün həm real həyatda, həm də sosial şəbəkələrdə təbliğatımızı aparırıq.
– Gənclik dəyişiklik, yenilik deməkdir. Çoxları da belə hesab edir ki, məhz dəyişikliyə də gənclər nail olacaqlar. Siz necə düşünürsünüz?
– Həqiqətən indiyə kimi nə edibsə, gənclər ediblər. Azərbaycan hakimiyyəti də gənclərdən çox qorxur. Gənclərin həbs olunması da bunun göstəricisidir. Məntiqlə də belə çıxır ki, gənclərdən qorxduqları üçün dəyişikliyə nail olacaqlarını bildikləri üçün bunu edirlər.
– Ən güclü olmaqdan danışdınız. Partiyalar arasında rəqabətin olması aydındır. Amma bu bəzi vaxtlar gözə başqa şəkildə çarpdırılır. Tutaq ki, bir mitinqdən sonra mübahisələr yaranmağa başlayır ki, ən çox Müsavat, ya da AXCP dən qatılmışdılar və ya əksinə. Bu cür müzakirələri necə qiymətləndirirsiniz?
– Biz istəsək də istəməsək də bu müzakirələr olur. Mitinqdən sonra partiyadan nə qədər adamın iştirak etdiyi açıqlanır. Bu da normaldır ki, partiyalar arasında rəqabət var.
– İndi gənclərin sosial şəbəkədə aktiv olması bir faktdır. Partiya gənclərinin də o cümlədən. Bəzən adama elə gəlir ki, facebookda gedən müzakirələrdə Müsavat və AXCP gəncləri bir-birinə daha çox düşmən mövqedədirlər, nəinki iqtidar qarşı…
– Mən düşünmürəm ki, biz düşmənik. Burada sadəcə rəqabətdən söhbət gedə bilər. Çünki AXCP və Müsavat müttəfiq partiyalardır. İllərdir ki, bir yerdə mübarizə aparıb və bundan sonra da mübarizə aparacaq. Partiya üzvləri arasında mübarizə gedə bilər və bu partiyanın mövqeyi demək deyil.
– Axı mübarizə, rəqabət sağlam şəkildə olmalıdır. Amma bu rəqabətdə təhqirlərə, söyüşlərə yol verilir…
– Belə şeylər olursa, biz bunları pisləyirik. Bizim üzvlərimiz bu tipli müzakirələrdə iştirak etmirlər. Bu iki partiyanın öndə olan tanınmış simalarının bir- birinə qarşı təhqiramiz ifadələrə yol verdiyinə inanmıram.
– Siz də bunların saxta profillər vasitəsilə baş verdiyini iddia edirsiniz?
– Facebook sosial şəbəkə olduğu üçün təbii ki, burda kimlərsə saxta profillərdən istifadə edir. Tutaq ki, kimsə İsa bəyi təhqir edir. Biz araşdıranda həmin profilin kimliyini müəyyən edə bilmirik.
– Bəs kimliyi bilinənlərə qarşı hansı tədbirlər görülür?
– Əgər Müsavat Partiyasının hər hansı üzvü başqa partiyanın nümayəndəsinə qarşı ağır ifadələrə yol verirsə, onlara xəbərdarlıq edilir.
– Partiyalara məxsus qruplara nəzarəti necə tənzimləyirsiniz?
– Qruplara nəzarət edirik. Paylaşımları, xəbərləri daimi izləyirik. Üzvlərimizin nələri paylaşdığını da müşahidə edirik. Əgər bu cür hallar baş veririsə, dərhal aradan qaldırılır ki, mübahisələrə gətirib çıxarmasın.
– Belə hallar mövcud iqtidarlar üçün çox gözəl şans yaradır. Zaman- zaman da açıqlamalarında bunu ifadə edirlər. Ümumiyyətlə, belə hallara son qoyulması mümkündürmü?
– Biz üzvlərimizə bildiririk ki, sosial şəbəkə olduğu üçün hakimiyyət buna nəzarət edir. Hakimiyyət çox vaxt saxta profillər vasitəsilə partiyalar arasında düşmənçilik toxumu salmağa çalışır. Üzvlərimizə də tapşırırıq ki, bu tip provakasiyalara getməsinlər. Hakimiyyət əlindən gələni edir ki, AXCP ilə Müsavat arasında düşmənçilik yaratsın.
– Mübarizə metodlarından biri də mitinqlər təşkil etməkdir. Gənclər də mitinqlər də həmişə fəal olublar. Milli Şuranın ilk mitinqi baş tutdu. Say etibarilə güclü bir mitinq oldu demək hər halda düzgün olmazdı. Sentyabrda nəzərdə tutulan mitinq bundan nə ilə fərqlənəcək?
– Həmin mitinqdə mən də iştirak edirdim. Meydana daxil olan yerdə polislər barrikadalar qurmuşdular. Yaş məhdudiyyətini bəhanə gətirərək polislər gəncləri geri qaytarırdılar. Həmin adamların üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün 18 yaşı olduqlarını sübut edə bilmirdilər. Bəzi ərazilərdə məhdudiyyətlər yaratmışdılar. İkincisi də mitinq təyin olunan yer çox uzaqdır. Biz Azərbaycan hakimiyyətinə deyirik ki, bizə şəhərin mərkəzində yer verin. Biz gücümüzü ora toplayaq. Onda baxın ki, zəifik ya yox. Qarşıdan gələn mitinqdə də aktiv şəkildə iştirak edəcəyik. Necə ki Azərbaycan xalqı 1988- ci ildə Azadlıq Meydanına toplaşıb öz haqqını tələb edirdi və bu da demokratiyaya gətirib çıxardı. Düşünürəm ki, Milli Şuranın vahid namizədi qalib gələcək. Biz də mübarizə metodu olan mitinqdən istifadə edəcəyik. Bu bizim qanunla olan haqqımızdır. Amma Azərbaycan hakimiyyəti mitinqlərə keçirməyə süni əngəllər yaradır. Bu da insanlarda qorxu yaradır. Bu niyə yaranmalıdır?
– Qeyd edirsiniz ki, 1988-ci ildə hamı bir nəfər kimi ayağa qalxdı. İndiki halda bəlkə də gənclərin bir hissəsi inamlı olsa da, əksəriyyət prosesə soyuqqanlı yanaşır, qalibiyyətə inanmırlar. Yəni tutaq ki, polis barrikadaları, süni əngəllər içində dəyişikliyə nail olmaq istəyən əzmli bir gəncin qarşısına almağa nə qədər qadirdir?
– Azərbaycan gənci dəyişiklik istəyir. Biz buna görə də uzun illərdir ki, mübarizə aparırıq. Ölkə başçısı İlham Əliyev deyirdi ki, Azərbaycanda müxalifət yoxdur. Amma bizim mitinqlərimizin qarşısının alınması, üzvlərimzin həbs olunması onlara şər böhtan atılması göstərir ki, Azərbaycan müxalifəti var və mübarizəsini də aparır. Gənclər prosesdə inamlıdır. Azərbaycanda xalqın istədiyi dəyişiklik olacağına əminəm.
– Bu dəyişikiyin olacağına əminliyinizi bildirirsiniz. Tutaq ki, mübarizəniz sonda iqtidar olmaqla nəticələndi. Özünüzü hansı postda görürsünüz?
– Konkret post adı çəkmək istəmirəm.
– Hər halda sizin öhdənizdən gələ biləcəyiniz bir sahə və ona uyğun vəzifə lazımdır ki, töhfə verə biləsiniz….
– Azərbaycanda milli hakimiyyət fornalaşanda kim hansı işin öhdəsindən gələ bilirsə, ona uyğun da vəzifəsi olacaq.
– Siz ixtisasca iqtisadçısınız. Bu sahədə işləmək istəyirsiniz, bəlkə gənclər və idman naziri olmaq arzunuz var…
– Məncə komandir olmaq istəməyən əsgər əsgər deyil. Mən də bu gün Müsavat Gənclər təşkilatının sədriyəmsə mənim də öz ambisiyalarım var. Azərbaycanda demokratik hakimiyyət formalaşarsa, hakimiyyətin yüksək postlarında vəzifə tutmaq istəyərəm. Biz əvvəlcə vəzifə yox, demokratik seçki uğrunda mübarizə aparırıq. Vəzifə artıq xalqa xidmətdir. İmtiyaz deyil. Azərbaycan hakimiyyətinin məmurları isə vəzifədən imtiyaz kimi istifadə edirlər. Elçibəyin bir illik hakimiyyəti dövründə verilən vəzifələrdən xalqa xidmət üçün istifadə edildi. İnanıram ki, biz də elə edəcəyik
– Siz xalqın uzun illər gördüyü simalara deyil, gəncliyə daha çox yer verilməsinin tərəfdarısınız?
– Gənclərə daha çox yer verilməsi labüddür. Gənclər hər zaman yeni nəfəs, kreativlik gətirir. Bizim hakimiyyətdə gənclərə üstünlük veriləcəyinə əminik. İndiki iqtidarda əsas kadrlar yaşlılardır. Onlar da Azərbaycan xalqı üçün heç bir iş görmürlər.
– Elə müxalifətdə də uzun illər eyni postda əyləşənlər var…
– Azərbaycanda müxalifətdə olmaq çətindir. Müxalifətdə 20 il olmaq cəsarət tələb edir. Çünki hər an təqiblərlə, həbslərlə üz-üzəsən. Onların haqqı var ki, hakimiyyət dəyişikliyi olsa, o şəxslər hakimiyyətdə təmsil olunsun.
– Gənclər ən çox sosial problemlərindən şikayət edirlər. İş, ev problemi var. Buna görə də çoxları yaşı ötsə də, evlənə bilmirlər. Sizin də 28 yaşnız var. Belə problemləri siz də yaşayırsınız?
– Sosial problemlərin təsiri olur. Gənclərin əksəriyyəti subaydır. Əgər müxalifət iqtidar olsa, məhz bu problemlərin həllini reallaşdıracaq. İpoteka şərtlərini yumşaltmaq lazımdır ki, gənclər ev ala bilsinlər, ailə qursunlar.
– Və son olaraq, qarşıdan seçki gəlir. Ana müxalifətin gənclər təşkilatının yeni sədri olaraq proseslərə hansı yeni nəfəs gətirəcəksiniz?
– Biz tək seçki ili üçün çalışmırıq. İndiyə kimi necə əzmlə davam etmişdiksə, indi də elə davam edəcəyik. Partiya sıralarına yeni gənclər cəlb edəcəyik.