İlhamiyyə Rza “Ölülər”in plagiat adlandırmasına və bu iddiaya verilən reaksiyalara mövqe bildirdi
“Bu gün prezidentə itaət və ibadət edənləri tənqid edənlər özləri Mirzə Cəlilə yaltaqlanırlar”
Yazıçı-publisist Həmid Herişci bu günlərdə deyib ki, Mirzə Cəlilin “Ölülər” pyesi belçikalı yazıçı Moris Meterlinkin pyesindən köçürülmədir. Hersçi iddia edib ki, Belçika dramaturqu Moris Meterlinkin ateist dünyagörüşlü insan olub: “Onun “Müqəddəs Antoninin möcüzəsi” adlı pyesi də məhz bu mövzuda idi. Bu əsər XX əsrin əvvəllərində Rusiyaya da gəlib çıxır. Bunu Poltava teatrı səhnələşdirir. Sonradan teatr bu tamaşa ilə qastrola çıxır, bütün Rusiyanı şəhər-şəhər dolaşır. Ən nəhayət, Tiflisə gəlirlər”. H.Herisçi deyib ki, güman ki, 1907-ci ildə əsər səhnəyə qoyularkən o zaman Tiflisdə yaşayan Mirzə Cəlil bu tamaşaya baxıb və bundan təsirlənib: “Sonradan o əsər bütünlüklə “Ölülər” əsərinə köçürülür”.
Xatırladaq ki, Moris Meterlinkin Nobel mükafatçısı olub.
H.Herisçinin bu iddialarına Azərbaycanın bir çox yazıçıları, publisistləri cavab veriblər. Əksəriyyətin rəyinə görə, “Ölülər” plagiat deyil. Bu mövzuda danışan yazıçılar Həmid Hersçini bu mövqeyinə görə kəskin tənqid də edib.
Mövzu ilə bağlı tanınmış telejurnalist İlhamiyyə Rza musavat.com-a açıqlama verib. İ.Rza bir neçə günlük israrlı xahişlərimizdən sonra bu barədə danışmağa razılıq verdi. Xatırladaq ki, İlhamiyyə xanım həmçinin H.Hersçinin həyat yoldaşıdır.
İlhamiyyə xanımın sözlərinə görə, ədəbiyyatda, incəsənətdə plagiatçılıq, iqtibas, süjetlərin təkrarçılığı yeni mövzu deyil: “Səyyar süjetlər deyilən bir anlayış var ədəbiyyatşünaslıqda. Onlar xüsusilə folklorda və musiqidə müşahidə olunur. Belə süjetlər müxtəlif yerlərdə və müxtəlif xalqlarda təkrarlana bilirlər. Nəzərə alsaq ki, müxtəlif təsnifatlara əsasən ümumiyyətlə süjet növləri məhdud saydadır, o zaman, təkrarlanmaları çox da normal və təbii bir hal hesab etmək olar. Məsələn, Borxesin təsnifatına görə, dünyada cəmi 4 süjet var. Digər nəzəriyyələrə əsasən isə, 36 standart süjet növü mövcuddur. Yəni nə edirsən et, bu süjetlərdən birini təkrarlayacaqsan, matrisadan kənara çıxa bilməyəcəksən”.
Cəlil Məmmədquluzadənin “Ölüləri”nin plagiat olub-olmamasına gəlincə, o, dedi ki, hər halda, bunu araşdırmaq faydalı olar: “Hər dövrün öz sosial sifarişi olur. Həmin dövrün də maarifçiliyə bir sifarişi olub ki, belə bir cərəyan yaranıb. Bu sifariş xalqdan gəlib, ya kənardan? Bu sualların cavabı məgər maraqlı deyil? Ümumiyyətlə, hesab edirəm ki, biz bütpərəstlik dövründə yaşamırıq. Bu gün prezidentə itaət və ibadət edənləri tənqid edənlər, belələrini yaltaq, məddah hesab edənlər, özləri bəs nədən Mirzə Cəlil və digər ədiblərimizə yaltaqlanırlar? Mən bunu məhz yaltaqlanma hesab edirəm. Çünki, maarifçilərin dəyərlərini bölüşən insanlar belə müzakirələri alqışlamalıdırlar. Bunu regionçuluq, yaxud inanc mübahisələri müstəvisində müzakirə etməməlidirlər.
Regionçuluğa gəlincə, Mirzə Cəlil öz həmyerlilərini hər kəsdən daha çox tənqid də edib, hətta bir stiqma da yaradıb. Həm də tək həmyerliləri ilə bağlı yox, bütövlükdə azərbaycanlılarla bağlı.
Yaxud, Həmidi pirlərə sevgidə ittiham edən kəslər özləri pir zəvvarlarına bənzəyirlər ki, öz pirlərinin sahiblərinə ( mücavirlərinə) şəkk gətirəni daşqalaq etməyə hazırdırlar”.
“Məncə Mirzə Cəlil sağ olsaydı, heç də onların tərəfini tutmazdı” İ.Rza deyir ki, o, maraqlı polemikalara yol açan mövzuların tərəfdarıdır: “Vaxtilə, Həmid Mirzə Cəlil və onun aşıladığı naqislik kompleksi barədə yazanda hələ mövqeləri xeyli möhkəm olan sovetdənqalma ədəbi ictimaiyyəti buna daha mədəni reaksiya vermişdi. Maraqlı polemikalar başlamışdı. Xatırlayıram ki, mövzunu Rafiq Tağı və sonradan hətta Çingiz Sultansoy da davam və inkişaf etdirdilər. Əkrəm Əylislinin buna qarşı reaksiyası da yadımdadır və əlbəttə daha elmi, maraqlı, indikindən xeyli fərqli , faydalı idi. Bu gün ədəbi gündəmi (əgər o varsa) sırf ədəbiyyatla bağlı mövzular tərpətməlidir. Halbuki, bəzi yazarları oxuyanda adamda elə təsəvvür yaranır ki, hansısa bir siyasi partiya funksionerinin fikirlərini oxuyursan. Bunları nə mövzu, nə də bədii həll baxımından ədəbiyyat nümunəsi hesab etmək olmaz. Amma diqqətimi çəkən fikirlər də oldu. Aydın Dadaşov, Mehriban Vəzir çox adekvat reaksiyalar verdilər. Gör nə günə qalmışıq ki, fikirlərin doğru, yaxud yanlış olmasına deyil, adekvat olmasına sevinirik”.
İ.Rzanın fikrincə, bu müzakirədə müəlliflər elə biliblər ki, müzakirə predmeti Həmiddir: “Odur ki, fürsətdən yararlanıblar, sevgi və nifrətlərini ifadə etməkdən uzağa gedə bilməyiblər. Əsas irad da, Həmidin müxtəlif izmlərə meylli olmasıdır. Halbuki, əksinə, bunu müsbət hal hesab etmək olar. Bir yazıçının hansısa bir cərəyanda ilişib qalması, özü də bu cərəyanda heç də yenilikçi olmamasının nəyi yaxşıdır ki? Xatırlayıram ki, ilk dəfə postmodern cərəyan barədə yazanda bunu rəsmi ədəbi dairələr, AYB-nin mətbuat xidməti öz rəsmi bəyanatında kinayə ilə “ostmodernizm” adlandırmışdı. İndi isə Həmidin yeni-yeni mövzulara müraciət etməsini vaxtilə onun yanında olanlar “kenqurizm” adlandırır. Maraqlı bir oxşarlıq var bu bənzətmələrdə. Postmodernizmi məsxərəyə qoyan bir qurum tezliklə, bu cərəyanın ən parlaq nümayəndəsi olan Orxan Pamuku Bakıya dəvət etdi, onunla görüşlər keçirdi, hətta sonradan rəsmi ədəbi dairələrin bəzi nümayəndələri sırasında özlərini Azərbaycanın ilk postmodernisti elan edənlər də tapıldı. Hazırda isə Həmidi maraqlandıran mövzu- mistika, ədəbiyyatımızda, sənətdə ümumiyyətlə işlənməmiş mövzudur. Hər halda müasir ədəbiyyat bu mövzunu işləməyib. Həmid öz ampluasındadır, o, dəyişməyib, mövzuları dəyişsə də, yeniliyə can atmaq istəyi sabit qalıb. Ümumiyyətlə, Həmidin sayəsində postmodernizm, aksionizm (Gi de Bor məktəbi), konspiroloji təfəkkür kimi anlayışlar tanındı, bəzilərinin ardıcılları yarandı, bəzilərini mənimsəmək çətin olduqda, yaxud bəyənilmədikdə əleyhdarlar da meydana gəldi. Bütün hallarda, Həmid durğunluğun əleyhinədir. Ən çox oxunan vaxtlarında belə, öz uğuruna, ətrafındakıların deferambalarına, “səndən öyrənirik” etiraflarına aludə olmadı. Daim axtarışlar, tapıntılar onun həyat nişanələridir. Bununla ayaqlaşmamaq o demək deyil ki, bu pis bir haldır. Vaxtilə postmodernizm cərəyanı haqda ilk danışan, bu cərəyanı tanıdanda çoxları bunu paylaşmışdı. Özünü postmodernist hesab edən onlarla yazar gündəmə gəlmişdi. İndi Həmid mistisizmi, kosmoenergetikanı öz yaradıcılığında əks etdirə bilirsə və bu yeni yazarlar üçün müəmmalı, əlçatmaz, yaxud arzuolunmazdırsa, bunda Həmidin heç bir günahı yoxdur. Alternativ, yeni, fərqli baxışa dünyagörüşünə dözümsüz olanlar vaxtilə Cəlilə, Sabirə, Ərəblinskiyə və s. yenilikçilərə dözümsüz olanlardan nəylə fərqlənir görəsən?”
Həmsöhbətimiz fikirlərini belə yekunlaşdırır: “Rəhmətlik Sabirin bu sözləri yadıma düşür: “Çalxalandıqca, vurulduqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.”
İstənilən çalxalanmalar, sonda hansısa həqiqətləri ortaya çıxaracaq. Amma indən belə müzakirələrə ədəbi tənqidçilər (varsa) qatılsa, nehrədən daha çox yağ çıxa bilər.
Hələliksə, ayranla kifayətlənməli oluruq. Yəni faydasız, susuzluğu müvəqqəti yatıran bəsit, primitiv bir maye. Əlbəttə, bunu da öz yeri var, yaradıcılıqda primitivizmi bir üslub kimi işlədirsənsə, bu, maraqlı alına bilər. Əks təqdirdə bu, sadəcə primitivlikdir-yaradıcı kasadlıq göstəricisi.