“Moskva-Bakı münasibətləri aşağı səviyyəyə enib”; Əliyev hökumətinə qarşı Kremlin ən böyük kozırı nə ola bilər və RLS-i bağlamaqla o, hansı mesajı verib?…
Qəbələ RLS-in fəaliyyətinə xitam verilməsi Rusiya KİV-lərinin diqqət mərkəzində saxladığı əsas mövzulardan olaraq qalır. Moskvanın stansiyadan imtinası ilə bağlı pravda.ru saytında gedən şərhdə məsələ konkret olaraq Azərbaycan-Rusiya və Azərbaycan-Qərb münasibətləri kontekstində təhlil edilib.
Yazıda Qəbələ RLS-in mövcudluğu getdikcə daha çox Qərbə stavka edən Azərbaycan və “Qərbin aqressiv İran siyasəti üçün” əhəmiyyətli olduğu qeyd edilir: “Bakı həmçinin iqtisadi cəhətdən müstəqil oyunçu olmağa çalışır. Məsələn, Azərbaycan Avropa bazarı üçün Rusiyanın “Cənub axını”na alternativ qaz kəməri inşa etməkdədir”.
Məqalədə daha sonra RLS-in rəsmi Bakının əlində Qarabağ məsələsində Rusiyaya təzyiq üçün əsas kozır olduğuna diqqət yönəldilir: “Kreml Dağlıq Qarabağ konfliktində ermənipərəst mövqe tutur. Ən azı ona görə ki, Dmitri Medvedyev (ozamankı prezident – Z.S.) 2010-cu ilin avqustunda Ermənistan rəhbərliyi ilə Gümrüdəki 102 saylı rus hərbi bazası ilə bağlı qüvvədə olan 1995-ci il ikitərəfli müqaviləsinə əlavələr haqda protokol imzalayıb. Həmin sənədə görə, Rusiya nəinki Ermənistanın İran və Türkiyə ilə sərhədlərini qorumağa boyun olur, ümumən ölkə ərazisində təhlükəsizliyi öz öhdəsinə götürür. Bu o deməkdir ki, Azərbaycanla hərbi qarşıdurma variantında Moskva Ermənistan tərəfdə çıxış eləmək zorunda qalacaq”.
“Bu səbəbdən Rusiyanın S-300 raket kompleksləri Qarabağ səmasını da nəzarətə götürüb. Belə ki, 2011-ci il fotoşəkillərinə görə, Ermənistanın Gorus rayonunda bir neçə batareya yerləşdirilib. Həmin batareyalardakı S-300-lər Ermənistanın və Dağlıq Qarabağ bölgəsinin Hava Hücumundan Müdafiə Sistemini nəzarətə alıb”, – deyə Hərbi Təhlil Mərkəzinin eksperti IMINT Şon O’Konnor sayta söyləyib.
Nəşr ardınca vurğulayır ki, Rusiya Qəbələ RLS-in fəaliyyətinə xitam verməklə faktiki surətdə bəyan edib ki, ondan ötrü Azərbaycanla münasibətlərdə Ermənistan daha “xırda pul” rolunda olmayacaq və Moskva Azərbaycanın daxil olmadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə hazırdır.
Məqalədə Moskvada yaradılan “Milyarderlər ittifaqı” barədə də danışılır: “Moskva-Bakı münasibətlərinin sırf praqmatik axara (aşağı səviyyəyə) salındığını başqa faktlar da təsdiqləyir. Misal üçün, bu ilin sentyabrında Rusiya paytaxtında Rusiya Azərbaycan Təşkilatları İttifaqı (RATİ) təsis edilib. Həmin qurumun rəhbərliyində böyük imkanlara malik azərbaycanlı biznesmenlər – Araz Ağalarov, Vahid Ələkbərov, Telman İsmayılov və s. təmsil olunur və onların ümumi varidatı $40 – 48 milyard dollar həcmində qiymətləndirilir – bu rəqəm Azərbaycanın ÜDM-indən azca kiçikdir. Yeni qurum isə rəsmi Bakı tərəfindən bir il sonra keçiriləcək prezident seçkiləri üçün Azərbaycanın İvanişvilisinin seçiminə hazırlıq kimi dəyərləndirilib. Bundan əlavə, Moskva Bakı ilə hər hansı hərbi əməkdaşlığı dayandırıb. Azərbaycan indi Bakının əsas müttəfiqi olan İsraildən silah-sursat alır”.
Ancaq məqalə müəllifinə görə, dəyişməz qalan bircə şeydir: “Azərbaycandan Rusiyaya miqrant axını. Belə ki, 2011-ci ildə bu ölkədən Rusiyaya 22 306 nəfər köç edib. Bütövlükdə 1989-cu ildən üzübəri Rusiyada azərbaycanlıların sayı 336 mindən artaraq 2.5 milyona çatıb”.
Təhlil yazısında bildirilir ki, sonuncu faktor “məharətlə yararlanılarsa” Azərbaycana qarşı güclü təzyiq rıçağı rolunda çıxış edə bilər: “Belə ki, Rusiyanın əmək bazarı böyük qiymətdədir və satıla bilər, nəinki təmənnasız kiməsə verilə. Xüsusən də o ölkələrə ki, onlar çoxdan öz seçimlərini Rusiya ilə əməkdaşlığın xeyrinə etməyib”.
musavat.com