Nazirlər və generallar Rusiyada turizm biznesinə girib
Bura sovet dövründə tikilmiş pansionatlar və kurort mərkəzləri, min hektarlarla ərazi, qoyun sürüləri və s. daxildir.
Azərbaycan oliqarxlarının Şimali Qafqaz respublikalarına ötən ildən başlayaraq iri biznes layihələrinə başlaması barədə yeni məlumatlar daxil olub. Bu günlərdə Şimali Qafqaz respublikalarının birindəki müalicə-istirahət mərkəzindən qayıtmış mənbənin bildirdiyinə görə, Azərbaycan hakimiyyətində yüksək vəzifə tutan məmurlar – generallar və nazirlər, onların etibarlı adamları, digər yüksək ranqlı hakimiyyət təmsilçiləri regionda əsasən turizm olmaqla bir çox sahələrdə irihəcmli biznes sövdələşmələri əldə ediblər.
Mənbənin bildirdiyinə görə, bu sövdələşmələrin bir çoxu İmişli rayonundan deputat, iri biznesi olan Əsabil Qasımov vasitəsilə həyata keçirilib. Lakin belə görünür ki, deputat daha nüfuzlu şəxslərin adından çıxış edir və həmin biznes layihələrinin bir çoxunu özü kurasiya edir.
Məlumata görə, azərbaycanlı oliqarxların maraq dairəsinə əsasən sovet dövründə tikilmiş və hazırda o qədər də yaxşı vəziyyətdə olmayan istirahət mərkəzləri, pansionat və sanatoriyalar, yerləşdiyi ərazilərlə birlikdə köhnə mehmanxanalar, habelə minlərlə hektar münbit ərazi, o cümlədən inşaat materialları yataqları və s. daxildir. Belə ki, sovet dövründə tikilmiş turizm infrastrukturunu xeyli ucuz qiymətə almaq mümkündür və azərbaycanlı zəngin məmurları onları söküb yerində beşulduzlu istirahət mərkəzləri inşa etmək niyyətindədir. İnquşetiya və Qabardin-Balkar respublikasında, habelə Krasnodar vilayətində artıq bir neçə istirahət mərkəzinin tikintisinə başlandığı da bildirilir.
Şimali Qafqazda əksər iri məmurların biznes qurmağa başladığı şübhə doğurmur. Bunların arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov, general Bəylər Əyyubov, nəqliyyat naziri Ziya Məmmədov və digərləri də yer alır. Həmin məmurların sahibi olduqları bir neçə holdinq hazırda Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna tamamilə nəzarət edir. Belə görünür ki, Azərbaycan bazarında imkanların həmin məmurların topladıqları milyardlarla müqayisədə məhdud olması onları sərfəli xarici bazarlar axtarmağa sövq edib. Rusiyanın iqtisadi baxımdan az inkişaf etmiş cənub regionları bu sərmayələri yatırmaq üçün kifayət qədər əlverişli görünür.
Xəbərlərə görə, məmurlar Şimali Qafqazda minlərlə hektar münbit ərazi də alır və orada kənd təsərrüfatı biznesinə də iri yatırımlar qoyurlar. Məsələn, B.Əyyubovun Krasnodar vilayətində böyük qoyun sürüləri və otlaq sahəsi kimi istifadə etmək üçün minlərlə hektar ərazisinin olduğu məlumdur. Həmin qoyun sürülərini Azərbaycandan aparılmış çobanlar otarır.
Deputat Əsabil Qasımova gəldikdə isə onun böyük biznesinin, “Karat Holdinq” adlı şirkətlər qrupunun olduğu məlumdur. Deputat özü isə iddia edir ki, hazırda bizneslə məşğul deyil və onun biznesini oğlanları idarə edir. Xatırladaq ki, ötən il iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Şimali Qafqaza investisiya yatırımları ilə bağlı danışıqlar aparmaq üçün Dağıstan, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz, Qabardin-Balkar respublikalarında səfərdə olub. Naziri Azərbaycan iqtidarının əsas fiqurlarına bağlı iri holdinqlərin rəhbərləri müşayiət edirdi. Bu səfər zamanı turizm, energetika, tikinti, dağ-mədən, emal və digər sahələrlə bağlı çoxsaylı investisiya planları barədə ilkin razılaşmalar da əldə edilib. Çeçenistanda yerli hökumətlə aparılan danışıqlarda azərbaycanlı iş adamları bu respublikada neftayırma, energetika, maşınqayırma, aqrosənaye kompleksi, infrastruktur, tikinti, turizm və digər sektorlara yatırımlar qoyulmasına dair müzakirələr aparıblar.
Dağıstanda da azərbaycanlı investorların iri yatırımlarına dair müzakirələr gedib. Nümayəndə heyətinə daxil olan holdinq təmsilçiləri bu respublikada turizm kompleksinin satın alınması və ora investisiya qoyulması, habelə Xəzər sahillərində kurort zonasının yaradılması, tikinti və digər sektorlar üzrə bir sıra layihələri müzakirə ediblər. Qaraçay-Çərkəz Respublikasında isə Azərbaycan holdinqləri tərəfindən gips yataqlarının alınmasına dair danışıqlar gedib. Həmçinin bu respublikada ağac emalı müəssisələrinin yaradılması, xidmət və turizm sektorları ilə bağlı layihələr müzakirə edilib.
Bir neçə ay əvvəl isə Rusiyanın regional KİV-ində məlumat getmişdi ki, RF Federal Təhlükəsizlik Xidmətinin (FTX) Şimali Qafqazdakı bölmələri azərbaycanlı zənginlərin bu regiona xüsusi marağını və irihəcmli yatırımlarla bağlı planlarını izləyir. Bildirilirdi ki, FTX azərbaycanlı oliqarxların bu marağından məmnun deyil və hətta yerli biznesmenlərə xəbər göndərilib ki, bu cür sövdələşmələrə getməsinlər. Lakin belə görünür ki, Rusiya ilə münasibətlərin hazırda gərgin olmasına baxmayaraq əksər oliqarxlar pullarını yatırmaq üçün bu ölkənin cənubunu, yaxud Qafqazın şimalını seçir. Bu, pulları uzaq və riskli Avropaya yatırmaqdansa daha münasib variantdır.
musavat.com