Müstəntiq Rafiq Həsənov məhkəmədə ifadə verdi və etiraf etdi; növbəti proses dekabrın 17-ə qaldı.
Dekabrın 12-də Abşeron Rayon Məhkəməsində müsavatçı gənc fəal, yol qəzasına uğrayan Nigar Yaqublunun növbəti məhkəmə prosesi keçirildi. Bu proses də hakim İlham Kərimlinin sədrliyi ilə keçirilirdi. Prosesdə N.Yaqublunun müdafiə tərəfi qismində tanınmış vəkillər Adil İsmayılovla Elton Quliyev iştirak edirdi. Prosesə Azərbaycandakı səfirliklərin nümayəndələri, hüquq müdafiəçiləri, N.Yaqublunun yaxınları və jurnalistlər qatılmışdı.
Müstəntiqdən ilk etiraf
Öncə müdafiə tərəfinin öncəki məhkəmə prosesi zamanı qaldırdığı vəsatətə baxıldı və Daxili İşlər Nazirliyi Baş Yol Polis İdarəsinin müstəntiqi, mayor Rafiq Həsənov məhkəmə zalına gələrək ifadə verdi. O, hadisə günü barədə danışıb dedi ki, hadisə yerinə gələndə Aydın Acalovun meyitinin artıq başqa bir maşına qoyulduğunu görüb. Müstəntiq əlavə etdi ki, hadisə yerinin müayinəsi Nigarın iştirakı olmadan keçirilib: “Mən hadisə yerində olanda dedilər təcili yardımda bir xanıma ilkin yardım edirlər. Dərhal hadisə yerində araşdırmaya başladım. Öncə isə mərhum Aydın Acalovun morqa aparılması ilə bağlı məktub yazdım. Hadisə yerində araşdırma aparanda mənə dedilər ki, hadisədən zərərçəkən bir xanım qonşuluqdakı həyətdədir. Dərhal ora getdim və ondan hadisə ilə bağlı məlumat verməsini xahiş etdim. Sənədlərini təqdim etməsini istədim”.
Müstəntiq bildirdi ki, sonrakı işi sürücünü müəyyənləşdirmək olub və bu əsnada hadisə yerində ölçmə işləri apararaq foto və video faktları toplamağa başlayıb. Hadisə yerinə gələrkən hər hansı bir ekspert və ya kriminalist aparmadığını deyən R.Həsənov bildirdi ki, yalnız tibbi eksperti meyitə baxış keçirməsi üçün morqa dəvət edib.
Vəkil Adil İsmayılov ifadə zamanı müstəntiqə protokolla bağlı sual verdi: “Protokolda müstəntiq saat 13:50-də morqda olduğunu yazıb. Cinayət işində isə göstərilir ki, bu iş saat 13:20-də açılıb”.
Bu ziddiyyətlə bağlı suala cavabında müstəntiq zaman məsələsində səhvə yol verildiyini etiraf etdi. R.Həsənov əlavə etdi ki, ilk əməliyyat tapşırığı N.Yaqublunun və onun atası Tofiq Yaqublunun ona verdikləri mobil telefon nömrələrini dəqiqləşdirmək olub: “Telefon danışıqlarını dinləmək üçün vəsatət verdim. Bu barədə lazımi sənədlər ”Bakcell”ə və MTN-in Səbayel rayon şöbəsinə göndərildi”.
Vəkil A.İsmayılov dedi ki, şahid ifadələri alınandan, qəzanı N.Yaqublunun törətdiyi müəyyən ediləndən sonra yazılan vəsatətdə qəzadan cəmi 6 saat sonra qeyd olunub ki, T.Yaqublu qızını istintaqdan yayındıra bilər.
Vəkil: “Müstəntiq qanun pozuntusuna yol verib”
Vəkil Elton Quliyev Cinayət Prosessual Məcəlləsi ancaq təqsirləndirilən və ya şübhəli şəxsin telefon danışıqlarının dinlənməsinə icazə verdiyini söylədi: “Bununla da müstəntiq qanun pozuntusuna yol verib”.
Müstəntiq isə dinləmə barədə vəsatətini öz daxili şübhələri ilə izah etdi. Aydınlaşdı ki, R.Həsənov qəzanın video görüntülərini yalnız iki gün sonra istəyib. O da aydın oldu ki, müstəntiq Nigarı sentyabrın 4-də şahid qismində istintaqa ifadə verməyə çağırıb, sentyabrın 5-də onu tibbi ekspertizadan keçməyə göndərib. Ayın 6-da T.Yaqublu müstəntiqin yanına gedib, vəkilin rayonda olduğunu və növbəti dəfə onunla gələcəklərini deyib. Məcburi gətirilmə haqda xəbərdarlıq edilmədən həbs qərarı verilib.
Müstəntiq dedi ki, sentyabrın 10-da Nigar və atası vəkil Osman Kazımovla birgə polisə gedib: “Vəkilin orderi olmadığı üçün o getdi. Nigar və atası sərbəst idi. Çıxıb getmək, qaçmaq imkanları vardı. Osman Kazımov gecikdiyi üçün axşam saat 6-dan sonra başqa vəkil təqdim etdim. Nigar növbəti dəfə gəlməyə bilər deyə onun şübhəli şəxs qismində saxlanması haqda qərar çıxardım. Nigarın vəkildən imtinasını qəbul etmədim”.
15 dəqiqəyə həbs qərarı…
Vəkillərin suallarını cavablandıran N.Yaqublu isə bildirdi ki, həmin günü Emin adlı bir vəkil onlara israrla deyib ki, onun vəkili olmaq istəyir: “Ondan imtina edib dedik ki, öz vəkilimiz var və onunla müqavilə bağlamaq istəyirik. Bunu isə ya mən, ya da atam edə bilərdi. Lakin o gün bizi polis idarəsində saxlayaraq vəkil Osman Kazımovla müqavilə bağlamağa qoymadılar. Bizim dövlət tərəfindən vəkildən imtinamızı şifahi dildə qəbul edən müstəntiq yazılı sənəddə həmin imtinanın qəbul olunmadığını yazıb”.
Proses müstəntiq R.Həsənova müdafiə tərəfinin sual verməsi ilə davam etdirildi. Müstəntiq şahid ifadəsində qeyd etdi ki, sentyabrın 10-da N.Yaqublunun başqa vəkillə təminatı üçün müraciət məktubu verib. Məktubun verilməsindən 15 dəqiqə sonra vəkil Binəqədi rayonundan gəlib çıxıb. Nigar haqda həbs qərarı da 15 dəqiqəyə hazır olub. DİN-ə göndərilmiş qərar nazir Ramil Usubovun imzası ilə bu müddətə müstəntiqə qaytarılıb. Vəkil A.İsmayılovun yollarda tıxacın ən gur vaxtında bunların necə mümkün olması barədə sualına müstəntiq cavab verə bilmədi.
Video görüntülərə baxış protokolunda qəza zamanı yaxınlıqda iki maşının da olduğu qeyd edilib. Vəkillər ekspertiza əməliyyatı zamanı bu görüntülərdən istifadə edilmədiyini, müstəntiqin maşınların müəyyən olunması üçün istintaq tapşırığı vermədiyini qeyd etdilər.
Müstəntiq ifadəsində Nigarın idarə etdiyi maşının birinci sırada getdiyini təsdiqlədi. Ancaq ikinci maşının yolun hərəkət hissəsinə keçmədiyini, qəzaya şərait yaratmadığını iddia etdi. O, vəkil E.Quliyevin “Nə üçün digər maşınlarla bağlı araşdırma aparmadınız, video görüntüləri ekspertizaya göndərmədiniz” sualına belə cavab verib: “Ehtiyac görmədim. Həm də siz tələsdirirdiniz ki, işi tez yekunlaşdır”.
E.Quliyevin “Nə üçün yüngülləşdirici halları nəzərə almamısınız” sualını cavablandıran R.Həsənov zərərçəkən və təqsirləndirilənin barışmaq hüququ olmadığını dedi. E.Quliyev isə dedi ki, hətta buna cəhd də yüngülləşdirici haldır. Vəkil A.İsmayılov isə “Bəs zərərçəkənə yardım cəhdini niyə yüngülləşdirici hal kimi qeyd etməmisiniz” deyə istintaqı qərəzdə suçladı. Bundan sonra iş saatı bitdiyindən hakim prosesin dekabrın 17-də, saat 11:30-da davam etdiriləcəyini bildirdi.
Xatırladaq ki, N.Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən yol qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Acalovun maşını “KamAZ”la toqquşub. A.Acalovun maşınını N.Yaqublu idarə edib. İstintaq iddia edir ki, qəza onun təqsiri üzündən baş verib.
musavat.com