Qalmaqallı görüntülərdəki baş rol ifaçısı Sevinc Babayeva ilə bağlı şok gizlinlər üzə çıxır.
Sabiq YAP-çı deputat Gülər Əhmədovanın rüşvət videosu öz aktuallığını itirməyib. Xüsusən də G.Əhmədovanın özü və Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev verdiyi açıqlama və səs-küylü bəyanatlarla mövzunu gündəmdən düşməyə qoyur. Hazırda mətbuata danışmayan G.Əhmədovanın əhvalını, kimlərəsə verdiyi mesajları isə ancaq onun sosial statusları vasitəsilə görmək mümkündür. O, son günlər bir qayda olaraq romantik mahnılar paylaşırdı.
Dünəndən isə istiqaməti dəyişib, son olaraq “Maşa i medved” multfilmini paylaşıb. Ondan öncə isə rusca bəzi hikmətli sözləri dostlarının müzakirəsinə verib. O statuslardan biri “Əgər işlər sən istəyən kimi getmirsə, qoy onlar düz getsin. Deməli, bu, sənin işin deyil” kimi hikmətli söz olub. Ardınca M.Jvanetskinin bir sözünü paylaşıb: “Belə düşünmək çətindir. Çünki əksəriyyət ittiham edir”.
G.Əhmədova keçmiş köməkçisi Əhməd Şahidovun kitabını reklam etməkdən də qalmır, kitabla bağlı hər yeni xəbəri paylaşır.
Bu arada Fransa “cəbhəsi” də boş dayanmır. Hazırda Fransada E.Abdullayevin işini araşdıran blogger Elnur Məcidli “Yeni Müsavat”a açıqlamasında son video üzərində texniki əməliyyatları yekunlaşdırdıqlarını dedi. Onun sözlərinə görə, video dekabrın 13-də internetlə yayılacaq. 7-8 dəqiqəlik video G.Əhmədovanın rüşvət videosunda vasitəçilik edən Sevinc Babayeva ilə bağlıdır. Orada S.Babayevanın E.Abdullayevdən necə pul alması, bu pulun taleyi ilə bağlı söhbətlər və başqa detallar yer alır. “Yeni Müsavat” videonun detallarını və stenoqramını təqdim edəcək.
S.Babayevanın yenidən gündəmə gəlməsi isə onunla bağlı məlumatların da artmasına səbəb olub. Son olaraq onun xalq artisti Habil Əliyevin oğlu Rəvan Habiloğlu ilə sevgili olması barədə yazmışdıq. Amma dünən redaksiyamızla əlaqə saxlayan və adının çəkilməsini istəməyən bir oxucu S.Babayevanı çoxdan tanıdığını, onunla bağlı məlumatlı olduğunu dedi. Müsahibimizin sözlərinə görə, bu qadın 1986-cı ildə BDU-nun şərqşünaslıq fakültəsində təhsil alıb. 1992-1993-cü illərdə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi qazanıb. Mənbə onun hazırda 50-55 yaşlarında gözəl bir qadın olduğunu, R.Habiloğlunun müsahibəsində dediyi kimi, yüzlərlə kişi “tanışı”nın bulunduğunu dedi.
Biz öncə S.Babayevanın “Xeyir və şər” qəzetinin baş redaktoru olduğunu demişdik. Mənbəmiz bildirdi ki, bu qəzetin təsisçisi onun atası Telman Babayev olub. S.Babayevanın bir oğlu var. Mənbəmiz bu uşağın 1986-cı ildə 7-8 yaşının olduğunu dedi: “İndi yəqin 32-33 yaşı olar. Onun əri də pis adam olmayıb. Amma narkomandır bəhanəsi ilə ondan ayrılmışdı. Sevincin keçmiş qayınatası Politexnik İnstitutunda professor idi. O vaxt 6-cı mikrorayonda yaşayırdılar”.
Mənbəmiz S.Babayevanın bibisi Sevinc Zeynalovanın da sovet vaxtı Yeyinti Sənayesi Komitəsində mötəbər vəzifələrdə çalışdığını dedi. Hətta şəhərin mərkəzində, Hökumət Evi ilə üzbəüz “Aynur” məişət evinin də vaxtilə S.Babayevanın bibisinə məxsus olduğunu vurğuladı. Müsahibimiz S.Babayevanın bibisinin Lalə Şövkətlə yaxın rəfiqə olduğunu da söylədi. Bu xanımın ata tərəfi Salyandandır və əksər qohumları da vaxtilə orada yaşayıb.
Mənbə bizə onun bir yaxın qohumunun telefon nömrəsini verdi və nömrənin sahibi (ad-soyadını və qohumluq dərəcəsini yazıb onu da zərbə altında qoymaq istəmirik-S.T.) bizimlə söhbətində yuxarıda yazılan bütün detalları təsdiqlədi. Bildirdi ki, S.Babayevanın atası iki il əvvəl dünyasını dəyişib. Hazırda qohumlardan heç biri onun əlaqə nömrəsini və harada olduğunu bilmir: “Heç əvvəldən də qohumlarla yaxın olmayıb. Çünki biz onunla nadir hallarda görüşürük. Son dəfə iki il əvvəl elə bu vaxtlar atasının yasında görmüşdüm. Nə anası, nə də bacısı heç vaxt qohumlarla əlaqə saxlamazdı. Son video söhbətini də qohumlardan eşitdim. Qohum kimi adı qalıb. İndi hansı qohumdan soruşsam ki Sevinc haradadır, mənə gülərlər. Çünki biz onu qohum siyahısından çıxarmışıq”.
Publika.az saytı da S.Babayeva ilə bağlı maraqlı məlumatlar əldə edib. Adının çəkilməməsini istəyən və vaxtilə S.Babayevanı yaxından tanıyan mötəbər mənbənin dediyinə görə, o, Sabir adına kitabxanada müvəqqəti işləməyi nəzərdə tutub. Səbəb keçmiş müdirənin kitab sevgisi ilə bağlı olmayıb. O, bir müddət işlədikdən sonra kitabxananı özəlləşdirmək niyyətində imiş. Dediyinə görə, bu məsələdə ona geniş imkanlara malik dostları kömək etməli imiş. Kitabxananı özəlləşdirəndən sonra o, Milli Məclisdə işləməyi planlaşdırdığını və bu yöndə artıq danışıqlar aparıldığını da öz yaxınlarına söyləyibmiş.
Mənbə bildirir ki, S.Babayeva maddi baxımdan imkanlı qadındır. O, həmişə yaxşı geyinib, brend mallar satılan mağazalardan alış-veriş edib. Tanışları onunla tez-tez ən prestijli restoranlarda rastlaşıblar. Spirtli içkiyə meyllidir. Bəzən restoranda yalqız nahar etdiyini, içki içdiyini görənlər olub…
Və bir də daşınmaz əmlak almağa meyllidir. Yaxınları onun Bakıda ayrı-ayrı binalarda 20-dən artıq mənzilə sahib olduğunu bildirir. S.Babayeva evlərinin hamısını kirayəyə verib, özü isə “Sahil” metrosunun üstündəki möhtəşəm binada yaşayır.
Mənbə bildirib ki, S.Babayevanın geniş çevrəsi olub. O, şou-biznes nümayəndələri ilə görüşməyi, onları yeməyə dəvət etməyi, konsertlərində iştirak etməyi xoşlayırmış. Elşad Abdullayevlə tanış olandan sonra öz əlaqələrini daha da genişləndirib. Məhz onun vasitəsilə bir sıra deputatları tanıyıb. Hətta bir ara özünü hər kəsə “parlament müxbiri” kimi təqdim edib. Amma onun hansı qəzetdə işlədiyi bəlli deyil. O, ABU-nun sabiq rektorunu da “çətin işləri aşırmaq” imkanlarına malik olduğuna inandırıb. Hətta bir ara E.Abdullayevlə birgə bir layihə üzərində də işləyiblər: Rusiyada universitet açmaq. Bu məqsədlə S.Babayeva Moskvaya gedərək bir müddət orada qalıb. Orda yaşayan azərbaycanlı ziyalıları axtararaq onlarla bu universitetdə işləməklə bağlı danışıqlar aparıb. Bəzilərindən şifahi razılıq da alıb. Amma sonra bu ideyanı reallaşdırmaq baş tutmayıb. S.Babayeva qəflətən Bakıya qayıdıb və Moskvada yaşayan azərbaycanlıların telefon zənglərini cavabsız qoyub…
S.Babayevanın inşaat biznesi ilə məşğul olan bəzi biznesmenlərlə işgüzar münasibətlərinin olduğu da bildirilir. Mənbə deyib ki, S.Babayeva bu iş adamlarını məmnun edə bilməyib. Onlardan hansısa işləri “aşırmaq” üçün külli miqdarda pul alsa da nə problemləri həll edib, nə də aldığı pulu qaytarıb. Bu siyahıya bir xeyli də ABU-da təhsil alan və tələbə olmaq istəyənləri əlavə etsək, bu xanımın gəlir mənbələri barədə təsəvvürlər aydınlaşar. İmtahan və zaçot qiymətlərini yazdırmaq üçün neçə-neçə tələbədən 400 manat, qeyri-qanuni yolla tələbə olmaq istəyənlərdənsə 15-20 min manat rüşvət alıb. Bu sövdələşmələrin xeyli hissəsi hətta ABU-nun qapadılması ərəfəsinə təsadüf edib, bəzilərinə isə universitetin fəaliyyət göstərməməsinə rəğmən diplom almaqda kömək edəcəyini vəd edib. Bu valideynlər hələ də Babayevanın onların pullarını qaytaracağı günü gözləyir…
musavat.com