İctimai Palata “Seçki islahatları memorandumu” ilə bağlı dinləmələr keçirdi
“Boykot havası əsdirməyə son qoyulmalıdır…”İctimai Palata “Seçki islahatları memorandumu” ilə bağlı dinləmələr keçirdi
“Boykot havası əsdirməyə son qoyulmalıdır…”.
Dekabrın 4-də Müsavat Partiyasının qərargahında müstəqil hüquqşünaslar, seçki mütəxəssisləri və Mərkəzi Seçki Komissiyasının sabiq üzvlərinin hazırladığı “Seçki islahatları memorandumu” ilə bağlı ictimai dinləmələr keçirildi. İctimai Palatanın təşkil etdiyi və Koordinasiya Şurasının dönəm sədri Rauf Arifoğlunun sədrliyi ilə keçirilən dinləmələrdə İP üzvləri, seçki mütəxəssisləri, hüquqşünaslar, siyasi partiyaların rəhbərləri iştirak edirdilər. İlk çıxışı Memorandumun hazırlanmasında iştirak edən hüquqşünas Vidadi Mirkamal etdi. O belə bir sənədin meydana çıxma səbəblərindən danışdı. Dedi ki, bu sənəd demokratik seçki mühitinin yaranması üçün ortaya çıxıb: “İlkin rəylər göstərir ki, cəmiyyət sənədi normal qəbul edib. Ayrı-ayrı siyasi və ictimai qurumlar memoranduma müsbət mövqe nümayiş etdirib. Düşünürük ki, bunun ətrafında demokratik hərəkat yaratmaq və müxalifəti konsolidasiya etmək olar”.
Sənədin hazırlanmasında iştirak edən seçki mütəxəssisi, hüquqşünas Hafiz Həsənov isə əsas məruzəçi qismində çıxış etdi. H.Həsənov bildirdi ki, hazırkı Seçki Məcəlləsi bərbaddır, onunla azad, ədalətli seçki keçirmək mümkün deyil. H.Həsənov müzakirəyə çıxarılan sənədi istiqamətləri üzrə təhlil etdi. Məruzəçi məlumat verdi ki, sənəddə Seçki Məcəlləsinə 6 istiqamət üzrə dəyişikliklərin aparılmasının zəruri olduğu əksini tapıb.
Sənədin müəlliflərindən biri, keçmiş MSK üzvü Gülağa Aslanlı çıxış edərək dedi ki, 1998-ci ildən hakimiyyət dəyişikliklərlə Seçki Məcəlləsini eybəcər, mürtəce hala salıb. O bildirdi ki, ATƏT-in, Avropa Parlamentin təkmilləşdirmə üçün verdiyi 24 vacib təklif var və onlar seçki qanunvericiliyində mütləq əks olunmalıdır. G.Aslanlı dedi ki, Gürcüstanda bu yaxınlarda keçirilən demokratik seçkiləri izləyərkən bu ölkənin Seçki Məcəlləsi ilə yaxından tanış olub: “Gördüm ki, bizim hazırladığımız Seçki İslahatları Memorandumda nəzərdə tutulan dəyişikliklərin 90 faizi Gürcüstanın seçki Məcəlləsində var. Məhz indiki Seçki Məcəlləsinin və siyasi iradənin hesabına Cənubi Qafqazda hakimiyyətin seçki yolu ötürülməsi mexanizmini nümunə olaraq ortaya qoydu”.
AXCP sədri Əli Kərimli hazırlanan sənədi yüksək qiymətləndirdi. O dedi ki, ancaq seçkinin saxtalaşmasında maraqlı olan şəxslər bu sənədin əleyhinə çıxa bilərlər. Ə. Kərimli təklif etdi ki, bu müzakirələrdən sonra sənədin hamılıqla dəstəklənməsi üçün təqdimat mərasimi keçirilsin. AXCP sədri bildirdi ki, bu sənədə hamı imza atmalı, bir növ Seçki Xartiyası statusu almalıdır: “Memorandumda prioritetlər elə seçilib ki, onların birinin belə qəbulu hökumətin seçkiləri tam nəzarətində saxlamaq imkanını əlindən çıxaracaq. İndi bizim əlimizdə unikal sənəd var ki onun ətrafında ən müxtəlif siyasi qüvvələrin geniş konsensusunu əldə edək. Mən sənədin müəlliflərinə təşəkkür edirəm. Təklif edirəm ki, ayrı-ayrı siyasi qüvvələr memorandumla bağlı müzakirələrdən sonra, məlum olsa ki, vətəndaş cəmiyyətinin əksər hissəsi, ictimai-siyasi qüvvələrin əksəri ona dəstək verir, bütövlükdə bu sənədin hamılıqla qəbul olunmasının təqdimatı keçirilməlidir.
Vətəndaş cəmiyyəti nümayəndələri, hətta bu prosesdə iştirak edən ayrı-ayrı ziyalılar, siyasi qüvvələr seçki xartiyası kimi bu sənədin altına imza qoysunlar. Cəmiyyət də görsün ki, artıq bir-birinə münasibətindən asılı olmayaraq hökumətdən başqa hamı azad seçki istəyir, hamı seçki islahatı olmalıdır deyir, hökumət də məcbur olub cəmiyyətin önündə maskasını çıxarıb etiraf etsin ki, bəli islahatlara qarşı olan bizik, çünki biz seçkini saxtalaşdırmaq istəyirik. Azərbaycan hakimiyyəti elə bir təbiətdədir ki, təzyiq olmasa heç bir seçki islahatı getməyəcək”.
ACP sədrinin müşaviri Salman Əliyev təmsil etdiyi partiyanın hazırladığı bir sənədi təqdim etdi. Məlum oldu ki, Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı ACP-nin mövqeyi ilə müzakirəsi keçirilən sənəddə əksini tapan təkliflər üst-üstə düşür. “Gəlin birləşək, bir olaq, güclənək”, deyə çıxış edən S. Əliyev İsa Qəmbəri və Əli Kərimlini Demokratik Məşvərət Məclisində iştirak etməyə səslədi. Daha sonra ACP-nin İP-in Dəyirmi masasına ünvanladığı rəsmi müraciəti oxudu.
Demokratik Qüvvələrin Məşvərət Məclisi adından çıxış edən Dünyəvi Boz Qurd Partiyasının sədri Şakir Ulubəy bildirdi ki, Məşvərət Məclisi bu sənədi bütövlüklə qəbul edib. Ona görə də bu sənədi Məşvərət Məclisinin də sənədi hesab etmək olar. Ş.Ulubəy bütün qüvvələri dialoqa çağırdı.
Sonra vəkil Qurban Məmmədov seçki və müzakirəyə çıxarılan sənədə münasibətini bildirdi. O, sənədin müzakirəsinə keçməzdən əvvəl dedi ki, əgər müxalifət hazırkı anti-demokratik şəraitdə seçkidə iştirak etsə, bütün xalqın özünə inamını itirə bilər: “Çünki hamı bilir ki, seçkilər Azərbaycanda necə keçirilir. Ya seçki mühitini dəyişərək, təzyiq mexanizmlərini işə salmalı, ya da seçkidə iştirakdan imtina etməliyik. Xalq seçkiyə gedib bülletenləri götürüb müxalifətə təqdim eləməlidir ki, biz hakimiyyətə qarşı ciddi fakt ortaya qoya bilək. İndiki mühitdə seçkiyə getməyi mən hakimiyyətin seçki cinayətlərinə özümüzü şərik etmək hesab edirəm”.
Q. Məmmədov dedi ki, böyük iş görülsə də, Memorandum imzaya hazır deyil. Onun fikrincə, sənəddən öncə müxalifətin seçkiyə münasibəti aydın olmalıdır.
Memoranduma tanınmış vəkil Namizəd Səfərov da münasibət bildirdi. O, Memorandumu mütərəqqi sənəd adlandırdı. Lakin belə bir demokratik təklifləri hakimiyyətin heç vaxt qəbul etməyəcəyini dedi: “Azərbaycanda hakimiyyətin dəyişməsinin yolu seçkidən keçməyəcək. Biz meydan mübarizəsinin əsas yol olduğunu nəzərdən qaçırmamalıyıq”.
İP üzvü, professor Sultanhəmid Məlikov sənədi yüksək qiymətləndirdi. Həmçinin dedi ki, Azərbaycanda ya seçki adına heç nə olmayacaq, ya da tam demokratik seçkilər olacaq.
Seçki mütəxəssisi Bəşir Süleymanlı bildirdi ki, siyasi iradə olsa, bu sənəddəki təkliflər həllini asanlıqla tapar. Mübarizə və iş aparılmalıdır.
AXCP sədrinin müavini Nurəddin Məmmədli dedi ki, dəyişikliyin yolu ilk növbədə xalqın və müxalifətin aktivliyindən keçir. Aktivlik olmasa hətta demokratik seçki qanunu da dəyişikliklərə gətirib çıxarmayacaq.
Müsavat Partiyasının başqanı İsa Qəmbər də sənədi hazırlayan mütəxəssislərə təşəkkür edərək, dedi ki, bu qrup ciddi bir iş görüb. İsa Qəmbərin fikrincə, bu Memorandum müxalifətdəki qüvvələri bir araya gətirmək istiqamətində ciddi təkan ola bilər. Eyni zamanda həm xalqın qarşısında, həm hakimiyyətə qarşı, həm beynəlxalq birliklə dialoqda bu sənəd bizim işimizə çox ciddi şəkildə yarayacaq. “Ona görə də mümkün qədər sürətlə bu sənədin rəsmiləşməsi istiqamətində çalışmaq lazımdır; yaxud da bu sənədin sadəcə texniki şəkildə imzalanıb cəmiyyətə, dünyaya təqdim edilməsini də həyata keçirmək olar”.
İsa Qəmbər vurğuladı ki, məsələ bu sənədin qəbul olunması ilə də bitməyəcək: “Məqsəd xalqın hakimiyyətini bərqərar etmək, Əliyev rejimini tarixin arxivinə göndərməkdir. 2013-cü ildə bunun üçün kifayət qədər real imkanlar var. Ümidsizliyə, pessimizmə son qoyulmalıdır. Bəzi dostlarımız cəmiyyətdə boykot havası əsdirirlər. Bu havaya son qoymaq lazımdır… Bəli, avtoritar ölkələrin heç birində son illərdə hakimiyyət seçki yolu ilə yox, xalqın mübarizəsi nəticəsində dəyişib. Ancaq diqqət eləsəniz, demək olar ki, tam əksəriyyətində xalqın mübarizəsi seçki ilində olub, seçki kontekstində, seçki mübarizəsi müstəvisində olub. Ona görə də seçkinin bizə yaratdığı imkanları kənara qoyub ”ölkədə demokratik seçki məcəlləsi, demokratik seçki mühiti yoxdur, ona görə də seçkidən danışmağa dəyməz” kimi fikirləri düzgün hesab eləmirəm. Həmin məntiqlə yanaşılsa, bu sənədə nə ehtiyac var?! Ölkədə seçki mühiti yoxdursa, heç boykotdan da danışmağa ehtiyac yoxdur. Nəyi boykot edirik?! Biz əgər ölkədə hakimiyyəti dəyişmək istəyiriksə, bu hakimiyyətin üzərinə yerimək istəyiriksə, bunun ən gözəl üsulu elə məhz seçkiyə girib, mübarizə aparıb ya seçkidə xalqın qələbəsini təmin etmək, ya da hakimiyyət seçkini saxtalaşdırıbsa, buna qarşı xalqın mübarizəsini təşkil etməkdir. Əvvəlki mərhələlərdən fərqli olaraq, 2013-də bu, kifayət qədər real görünür. Hər şey seçkiyə indeksləşib. Atılan hər bir addım, verilən hər bir qərar prezident seçkiləri ilə bağlanır. Biz boykot variantını da dəfələrlə sınaqdan keçirmişik. Ən uğurlu boykot strategiyası 1998-ci ildə tətbiq olundu. Amma həmin mərhələdə də ən çox irəliyə doğru addımı seçkidə iştirak edən qüvvələr əldə elədilər. 2008-ci ildəki boykotu xatırlayaq, nəyə nail olduq? Sanki həmin il seçki olmayıb. Seçki haqqında qərar bu gün verilməlidir. Seçkidə iştirakdan imtina haqqında qərar isə namizədlərin irəli sürülməsinin rəsmi mərhələsi olanda verilə bilər… Yaxud seçkiyə namizəd kimi qatılıb seçkinin yaratdığı imkanlardan istifadə eləyəndən sonra ümumi fikrimiz bu olsa ki, sona qədər iştirak xalqımız üçün ziyanlı ola bilər, həmin məqamda seçkidən imtina etmək olar. Amma bu gün seçkidən imtinadan danışmaq cəmiyyətdə pessimizm yaradır. Cəmiyyəti heç vaxt boykot ideyası ətrafında maksimum bir araya gətirmək mümkün olmayıb. Bizim bu gün əsas məqsədimiz cəmiyyətdə özünə inamı yaratmaqdır. Beynəlxalq birliklə ciddi işləmək zərurəti vurğulanmalıdır. Son Avropa səfərimdə bu istiqamətdə müəyyən irəliləyişlər oldu. Avropada demokratiya dalğasına, Cənubi Qafqazda gedən proseslərə diqqət çox ciddidir. Onlar da bildirdilər ki, bizim tərəfimizdən addımlar olacaqsa, onlar da daha rahat şəkildə mövqelərini ortaya qoyacaqlar. Bütün şərtlər ölkədə vəziyyəti dəyişməyə imkan verən şəkildə dəyişməkdədir”.
Sonda hüquq professoru Vidadi Mirkamal irəli sürülən təkliflər, səsləndirilən suallar ətrafında çıxış edərək, bildirdi ki, təkliflər, qeydlər nəzərdən keçiriləcək sənədin yekun variantında nəzərə alınacaq. V.Mirkamal bu ilin sonuna qədər bütün demokratik qüvvələri bir araya gətirib, bu memorandum ətrafında böyük koalisiya yaratmaq zərurəti meydana çıxdığını dedi.
musavat.com