Sabiq rektor bu dəfə medianı hədəf aldı; “Komissiya yalan məqalələr yazan, bunu sifariş edənlərin istintaqını aparsa, onsuz da açıq olan cinayət işi bir daha açılmış olar…”
Fransada yaşayan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev yenidən prezident İlham Əliyevə müraciət edib. Onun dünən səhər moderator.az-a yolladığı müraciətin bir mətni də Müstəqil İstintaq Komissiyasının sədri Eldar Camalova göndərilib. Müraciətdə öncə 4 dekabr 2012-ci ildə Müstəqil İstintaq Komissiyasının yaranmasının iki ayının tamamlandığı qeyd olunur. Abdullayevin yazdığına görə, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın sifarişçisinin KİV-lərində onun əleyhinə sifariş verdiyi həqiqətə uyğun olmayan sensasiya xarakterli yazılardan görünür ki, cinayətin sifarişçisi MİK-dan çəkinmir.
Sabiq rektor buna misal kimi 01.XlI.2012 il tarixli www.aznews.az xəbər portalında “Elşad Abdullayevə Parisdən veto” adlı məqaləni misal çəkib və bunu bir daha təkzib edib.
O, həmçinin 03 dekabr 2012-ci ildə www.olaylar.az İnformasiya Agentliyində “Elşad Abdullayev Bakıya gətirildi” başlıqlı məqaləni də həqiqətə uyğun olmayan adlandırıb. Keçmiş rektor bəzi mətbuat orqanlarının yaydığı şayiələri pisləyərək, onlar barəsində “bunlar əsas məsələni qoyub, başqa problemlərdən danışırlar, bulanıq suda balıq axtarırlar” deyib: “Başqa tərəfdən, elə qatıb-qarışdırılar ki, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatı ifşa etmək mümkün olmasın. Müasir dünyada adam oğurluğu kimi cinayətlərin çoxillik məhkəmə təcrübəsi təsdiq edir ki, adam oğurluğu cinayətinin sifarişçisi etmiş olduğu cinayəti ört-basdır etmək və zərərçəkmiş şəxsin başını qatmaq və xalqı yayındırmaq məqsədi ilə mətbuat vasitələrinin bəzi qəzetçilərindən zərərçəkmişin qohum-əqrəbasına qarşı təhdidedici vasitə kimi istifadə edir. Qardaşım Mahirin oğurluğunun sifarişçisi də sərəncamında olan dövlətin gücündən istifadə edərək bəzi qəzetçilərdən zərərçəkmişi təhdid etmək və susdurmaq məqsədi ilə istifadə etmişdir. Müstəqil İstintaq Komissiyası da yalnız mənim əleyhimə yayılan, həqiqətə uyğun olmayan məqalələrin istintaqını apararsa Azərbaycanda adam oğurluğu kimi daha sosial təhlükəli cinayətin sifarişçisini də müəyyən edə bilər. Bu, sifarişçi də birbaşa Mahiri oğurlamaqda günahkar olan şəxsdir”.
E.Abdullayev müraciətinin bundan sonrakı hissəsində konkret jurnalist adları çəkib. Sabiq rektor yazıb ki, 9 il müddətində reket jurnalist Asif Məmmədov (Mərzili – “Təzadlar” qəzeti) Mahirin adam oğurluğu cinayətinin sifarişçisini gizlətmək və zərərcəkmişin qohum-əqrəbasını susdurmaq məqsədi ilə onun əleyhinə yüzlərlə həqiqətə uyğun olmayan məqalələr yazıb: “Reket jurnalist Asif Məmmədovdan bir jurnalist kimi deyil, qardaşım Mahir Abdullayevin oğurlanmasında mütəşəkkil cinayətkar təşkilatın üzvü kimi 7 aprel 2009 -cu il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət etdim. Yasamal Məhkəməsi elə məhkəmə zalındaca Asif Məmmədovu və Zümrüd Məmmədovanı bir il azadlıqdan məhrumetmə cəzasına məhkum etdi. Bu zaman Asif Məmmədovun yoldaşı və yaxınları Mahirin oğurluğunu tam təfərrüatı ilə əsəbi halda məhkəmənin qarşısında qışqırmağa başladılar”.
“Təzadlar”ın əməkdaşı mənə dedi ki, Mahiri “Muğanbank”da saxlayırlar…”
Sabiq rektor daha sonra aşağıdakıları yazıb: “Bizim başlıca məqsədimiz zərərçəkmişin əleyhinə yazılan məqalələrin sifarişçisini müəyyən etmək olmuşdur və məhkəmənin gedişatı prosesində Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın sifarişçisi, nəhayət ki, 6 ildən sonra üzə çıxdı . Belə ki, 18 noyabr 2003-cü il tarixində “Azərbaycan Cümhuriyyəti” qəzetində “Bank müdiri reket rolunda” məqaləsində Muğan Bankın Yasamal filialının müdiri Feruzun Mahiri oğurlaması açıq mətinlə yazılmışdır. Qeyd olunan Bank müğənni Mətanət İsgəndərlinin evinin yaxınlığında olduğu üçün süni Bank yaradılaraq Mahirin oğurluq cinayətinin Mətanətin evində olmasını gizlətmək məqsədi ilə edilmişdir. Eyni zamanda Bank və Mətanət İsgəndərlinin Bakı şəhəri , Nizami kücəsi 4, mənzil 8-də “Qafqaz-2” telefon danışıqları antenası dairəsində yerləşir. Həmin məqalə mənə “Təzadlar” qəzetinin jurnalisti Zümrüd Məmmədova vasitəsi ilə ötürüldükdən sonra ertəsi gün Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın xəzinədarı, hazırda həbsdə olan Arzu Kazımov məni süni yaradılmış Bankın önünə gətirərək Muğan Bankın Yasamal Filialını göstərərək bildirdi ki, “Mahiri bu Bankda saxlayırlar, hazırlıq işləri aparırıq, sabah gecə bura basqın edib Mahiri Bankdan alacağıq”. Bundan sonra da məni həmin günü saat 22:00 radələrində Zabrat dörd yolunun, Pirşağı tərəfinə, əri polis olan falcı-baxıcı Lalənin (ünvan və telefonunu təqdim edə bilərəm) evinə apardı ki, “Elşad müəllim, baxıcı Lalə xanım hər şeyi tapır. İndi sənin falına baxıb Mahirin yerini dəqiqi deyəcəkdir. Nə isə… Üç saat müddətində yuxarıda qeyd olunan cinayətkarcasına yazılmış məqaləni əsaslandırmaq üçün baxıcı Lalə xanım məni başa salmağa cəhd etdi ki, qardaşınız Mahiri Bakının mərkəzində Bankda oğurlayıb saxlayıblar. Lakin hələ də bu axmaqlar başa düşə bilmədilər ki, mən baxıcıya gələnə qədər bankı yoxlamışdıq, Arzu Kazımovun və Asif Məmmədovun Muğan Bankın Yasamal filialı Mətanət İsgəndərlinin evini gizlətmək üçün cinayətkar-axmaqların uydurmasıdır”…
E.Abdullayev yenidən A.Mərzilinin yazdıqlarına toxunub və aşağıdakıları yazıb: “Jurnalist Asif Mərzili də bu cinayət faktını gizlətmək məqsədi ilə zərərcəkmişin əleyhinə 9 il müddətində yüzlərlə sifarişli məqalələr yazmışdır. Məhkəmə prosesində “Azərbaycan Cümhuriyyəti” qəzetinin baş redaktoru Nüsrət Rəhimov mənə və Yasamal Məhkəməsinə yazılı təqdim etdi ki, qeyd olunan məqaləni mənə “Təzadlar” qəzetindən jurnalist Zümrüd Məmmədova təqdim edib, bunlar Sizin qardaşınızın oğurluğunda iştirak ediblər. Zümrüd Məmmədova da məhkəmə prosesində etiraf etdi ki, “bu məqalə mənim adımla nəşr olunub, buna görə də aylıq çörəkpulu qazanıram. Mənə də məqaləni reket jurnalist Asif Mərzili verib. Asif Mərzili də bu cinayət faktını gizlətmək üçün dəridən-qabıqdan çıxaraq zərərçəkmişi təhdid edən yüzlərlə məqalə yazır ki, bəlkə bizi çaşdıra bildi!!!??? Digər tərəfdən, 9 il müddətində reket jurnalist Asif Məmmədov yalnız zərərçəkmişi təhdid edirdi, bir dəfə də olsun jurnalist borcunu yerinə yetirib Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın üstünə getmədi, zərərçəkmişin üzərinə gəlirdi. Belə qəzetçilərin simasında Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat açıq-aşkar leqal fəaliyyət göstərir, bandanın ofislərində aparılan danışıqlar, bizimlə mətbuatda açıqladığım reket jurnalistlərin dili ilə danışırdılar. Hətta 9 il müddətində MİK yaranana qədər də hüquq-mühafizə orqanları bizimlə dolayı olaraq reket jurnalistlərin təhdidedici yazılarının dili ilə danışırdılar”.
E.Abdullayev sonda MİK-ə də öz tövsiyələrini verib. Yazıb ki, komissiya onunla bağlı həqiqətə uyğun olmayan, yalan məqalələr yazan, bunu sifariş edənlərin istintaqını aparsa, onsuz da açıq olan bu cinayət işi bir daha açılmış olar: “Bir hüquqşünas kimi demək istəyirəm ki, Müstəqil İstintaq Komissiyası yarananadək 12 müstəntiq olub və mənim üçün qardaşım Mahirin oğurluğu cinayəti açıq işdir, heç bir sübuta ehtiyacı olmayan hüquqi aksiomadır. Yalnız bu problemin obyektiv həll olunması üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin siyasi iradəsi lazımdır”.
Asif Mərzili: “Gəlib redaksiyamızı, əməkdaşlarımızın naharda nə yediyini görsün – bizə reket demək olar?..”
Müraciətdə ciddi ittiham hədəfi olan “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili isə dedi ki, E.Abdullayev bekar olan kimi eyni cümlələri təkrarlayır: “İnsanda bir ləyaqət hissi olmalıdır ki, əlində fakt-sübut olmadan mənə reket deyir. Orqan transplantasiyası, saxta diplom satan adam reket adlandırılmır, amma “Elşadın qardaşı niyə axtarılmır” yazan jurnalistə reket deyir. Onun bu ağılsız iddialarına uzun-uzadı cavab vermək istəmirəm”.
Bununla belə A.Mərzili xatırlatdı ki, qarşı tərəf 2008-ci ildə onu məhkəməyə verib və uduzub. Müsahibimizin sözlərinə görə, həmin vaxt prezident İlham Əliyev məsələyə qarışaraq 2 gün sonra onun azadlığa çıxması üçün fərman verib: “Mən zərərli bir adam olsaydım, bu hadisə baş verməzdi. O ki qaldı bizim Elşad Abdullayevlə görüşümüzə, məndən Abel Məhərrəmov xahiş etdi ki, Elşadla barışın. Dedim ki, “o, barışılası adam deyil. On minlərlə insanı şikəst edib, gənclərə saxta diplom verib”. Amma yenə israr etdilər, mən razılaşdım. Əvvəl razılaşdıq ki, Bakı Dövlət Universitetinin yanına gəlsin. Gəlmədi. Dedilər, “Gəncliyə” gedək. Ora da gəlmədi. İsrar etdi ki, kabinetə gedək. Məcbur oldum kabinetində görüşək. İçəri girən kimi də otağın yuxarısını göstərdim ki, burada kameralar var. Orda başladı ki, sən qardaşımın yerini demirsən. İmtina etdim görüşdən, çıxdım. İsrarla geri qaytardılar. Dedim, qardaşını MTN-dən soruşun”.
A.Mərzili xatırlatdı ki, bu yaxınlarda E.Abdullayev həmin görüşlə bağlı videonu youtube-də yerləşdirib. Müsahibimiz həmin videonun cavabını yazıb yenə həmin saytda yerləşdirdi: “Bu adam belə əməllərlə məşğuldur. Şantaj etmədiyi adam qalmayıb. Özü bataqlıqda olan insan başqalarını da ora çəkməyə çalışır. Bu adam “Vikileaks” saytına dönüb. Əsl reketçilik budur – konstitusiyaya zidd olaraq gizli çəkiliş aparıb, başqalarına buna sövq edən adam pullar alır. Onun məqsədi bəllidir. Arzu Kazımov yazığın nə günahı? Yazıq Gülər xanımın nə günahı var? Demisən ki, deputat olmaq istəyirəm, onlar da səninlə görüşüb. Sevinc Babayeva və digərlərinin nə günahı var? Konkret bizə gəlincə, o, havalanır ki, niyə biz onunla bağlı faktları yayırıq”.
A.Mərzili sonda E.Abdullayevə tövsiyə etdi ki, reket elan etdiyi qəzetin kasıb ofisini və əməkdaşlarının naharını gəlib görsün: “Onda bilər ki, bizə belə söz demək olmaz”.
musavat.com