Pəncə-1 və Pəncə-2 hərəkatı ilə Fəratın şərqindəki terrorçuların Şimali İraqla əlaqəsini kəsəcəyik.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında deyib.

Türkiyə lideri bildirib: “Ərbildə Türkiyənin konsulluq əməkdaşına edilən hücum da hərəkatımızın hədəfinin doğru olduğunu göstərir. Diplomatımızı şəhid edən terrorçuların da hamısı ələ keçirdik”.

Ərdoğan onu da qeyd edib ki, montaj və tədris proqramlarından sonra S-400-ləri 2020-ci ilin aprelində aktiv şəkildə istifadə edəcəklər.

“ABŞ-ın düşünülmüş davranacağına ümid edirəm. Nəyin bahasına olursa olsun, Türkiyə gəmisində dəlik, Türkiyə qalasında uçqun açılmasına icazə verməyəcəyik. Bu gün bölgədə xarici güclərə arxayın olub, quldurluq edənlər sabah ya torpağın altına girəcəklər, ya da zülmə razı olacaqlar. Nə ilə nəticələnirsə, nəticələnsin, biz Fəratın şərqindəki terror dəhlizini parça-parça edəcəyik. Bunu həll edəndə Qəndil deyilən bir problemimiz də qalmayacaq”, – deyə o vurğulayıb.

R.T.Ərdoğan, həmçinin bildirib ki, Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutduğu bütün layihələri sona qədər həyata keçirəcək: “Bizim “F-35” layihəsindən kənarlaşdırılma təhdidləri başda olmaqla, heç bir hədə-qorxu ölkəmizin təhlükəsizliklə bağlı prioritetlərini həyata keçirməyimizə mane ola bilməyəcək… Təhlükəsizliklə bağlı nəyə ehtiyacımız varsa, onu da edəcəyik”.

Загрузка...