Xəzərdə adada məktəbin müəllimləri qalıbmış, evə gələ bilmirmiş. Yox, onlar dəniz səyahətinə çıxmış turistlər, Robinzon Kruzonun qardaşları, nə bilim, Kapitan Qrantın uşaqları deyildir. Müəllim hara, ada gəzintisi hara… O geridə qalmış Avropada, Amerikada olur ki, müəllim maaşını yığıb tətilə gedir. Bizim müəllimlər adada dərs keçirmişlər. Hava pozulub, gəmi gəlib aparmır, helikopter ayıran da yoxdur. O cür heyvərə aləti 3-4 müəllimdən ötrü havaya qaldırasan, bu hansı kitaba sığışar? Yaxın vaxtlarda seçki-zad da gözlənilmir.
Mən oradakı məktəbin başqa tərəfdən səmərəsinə də diqqət elədim. 80 uşağın oxuduğu məktəbdə 22 müəllim işləyirmiş. Böləndə hər 1 müəllimə təxminən 3,6 uşaq düşür. Görün təhsilə qayğı hansı səviyyədədir! Bəlkə heç Finlandiyada bu cür məktəb yoxdur.
Ancaq adadakı müəllimlərin qeyri-təşəbbüskarlığını da qeyd etməyə borcluyuq. Elə hər şeyi hökumətdən gözləyirlər, helikopter, gəmi umurlar. Halbuki respublikamızın başqa bölgələrində fəal müəllimlər yaşayır, problemləri özləri həll edirlər. Örnək üçün, bu yaxında bir nəfəri göstərdilər, Neftçalada hər gün Kür çayını qayıqla üzüb keçir, dərs deyib qayıdırdı. Başqa müəllim isə velosipedlə uşaqlara kitab daşıyırdı, düzdür, deyəsən, onun axırı yaxşı olmadı: rayon təhsil şöbəsindəki canavarlar qarlı axşamda meşə cığırında pusqu qurub müəllimi parçaladılar, velosipedini isə məktəbin zavxozuna verdilər, indi həmin alətlə balıq satmağa gedir.
Təbii ki, biz bununla ölkəmizdə hansısa problemlərin olmasını iddia etmirik. Allaha şükür, bəy kefində yaşayırıq, pensiya idarəsinin müdiri isə anons elədi, deyir, özünüzü yaxşı aparsanız, hovuza su da buraxacağam. Başqa yerlərə baxanda bizə min şükür. Su demişkən, bu yaxında özüm xəbərlərdə oxudum, Hindistanda bir kənddə arvadlar suyu 45 kilometrdən daşıyırmış. Kəndin erkəkləri su ehtiyacını lazımi qədər qarşılamaq üçün adama 2-3 arvad alırmışlar. Eyni gündə bir rayonumuzdan xəbər vardı, deyir, orda camaat səhənglə su daşımağı sevir. Bulaq başında qızları görüb evlənən kim, seçkilərdə namizədliyini verən kim… Bulağın üstü əsl diskussiya mərkəzi, ictimai klub rolunu oynayırmış. O üzdən camaat heç istəmir evlərə su xətti çəkilsin. Mənə maraqlıdır, görəsən bizim rayonda vəziyyət Hindistandan yaxşı olsa da, niyə kino sənayemiz zəifdir? Nədən bizdə hələ indiyə qədər “Zita və Gita”, “Toz içində çiçək”, “Əbədi məhəbbət nağılı” səviyyəsində filmlər çəkilməyibdir? Sənətkarlarımız bu temada düşünsələr, yaxşı olar. Həyat inkişaf edir, lakin onun incəsənətdə tərənnümünə rast gəlmirik. Heç Anar müəllim də indiyə qədər regionların inkişaf proqramı haqda adi hekayə belə yazmayıbdır.
O cümlədən həmin adada qalmış müəllimlərin azca savadı olsaydı özləri yeni üzən qurğu kəşf etməliydi. Biz hər gün görürük, hansısa rayon sakini yeni istilik sobası, qaz peçi, nə bilim, manqal üçün şiş kəşf edir. Baxırsan, heç bir güvənliyi, standartı-zadı olmayan qurğuları camaat alıb evə qoyur, dəm qazında rahat-rahat boğulur. Guya bizim iqtisadi imkanlarımız zəifdir? Qaza, toka, oduna qənaət etməyə məcburuq? Qanuni soba almağa pulumuz çatmır? Yox, xeyr, no, net (qəzeti hər yerdən oxuyan adam var, maşallah). Biz istəsək Gürcüstandakı erməni kilsəsinə qaz verərik ki, orda kənddə erməni çaqqala heykəl qoysunlar. Burada yanaşma məsələsi var. Nəsə icad eləmək, kəşf duyğusu, yaradıcılıq bizdə güclüdür.
Yazını bulaqdan su daşımaq temasında bir mahnı ilə bitirirəm:
“Sudan gələn sürməli qız,
Çox incidir kuzə səni,
Elə naz ilə gedirsən,
Aparırlar bizə səni.
Kuzəni əlindən allam,
Əlimi boynuna sallam,
Ay qız, səni özüm allam
Ax, di dur, gəl amandır, ölləm…”.
İndi özünüz fikirləşin, əgər aşıq burada oturub “Azərsu”nun gəlib krantı qayırmağını gözləsə idi, bulağa gedib kuzəli qızın boynuna əlini sala bilərdimi?