O gün başımıza bir tragikomik jurnalistika hadisəsi gəlib.
Əslində indi bu yazını xəcalət çəkə-çəkə yazıram və bunu üzrxahlıq köşəsi kimi də qəbul edə bilərsiniz.
İntəhası, gərək durumun tragikomikliyini təfsilatı ilə yazım və bu xüsusda daha geniş məlumat verim ki, yəqinlik hasil olsun.
Hadisə belə oldu. Kriminal müxbirimiz məhkəmədən belə bir başlıqla xəbər göndərdi: “Qadın alverində təqsirləndirilən müğənni qadın azadlığa buraxıldı”.
Dedik, lap yaxş. Xəbəri verdik. Ağır ittihamdan sonra azadlığına qovuşmuş qadının ad-soyadı Təranə Muradova idi.
Əməkdaşlarımız bu ad-soyadı jurnalistlərin yeni və etibarlı dostu Google axtarış motoruna yazıb uyğun şəkil axtardılar və tapdılar. Heç demə, Təranə Muradovanın şəkli Google-də doluymuş. Onlar seçib-seçələyib adı çəkilən xanımın ən yaxşı şəklini verdilər ki, urvatlı olsun.
Xəbər saytda çıxandan 5-6 dəqiqə sonra etibarlı dostlarımızdan biri xəbər verdi ki, o xəbərdə başqa Təranə Muradovanın şəklini qoymusunuz. Tez şəkli dəyişdik, yerinə əli çəkicli və üzü görünməyən hakim şəkli qoyduq.
Amma heç demə, jurnalistikanın yeni kopi-past erasında olduğumuz üçün başqa saytlar bizim xəbəri şəkilli-filanlı kopi edib öz səhifələrində veriblər.
Biz səhvimizi tez düzəltmişik, amma başqa saytlar eyni səhvi təkrarlaya-təkrarlaya gediblər. Bəziləri hətta mətnə də düzəliş ediblər, azadlığa buraxılmış qadının iş yerini, fəxri adını da əlavə ediblər ki, xəbər daha tutarlı olsun.
Nəticədə müğənnilik edən Təranə Muradova qalıb kənarda, mediada rəqqasə Təranə Muradovanın adı hallanmağa, şəkli yayılmağa başlayıb.
Ən pisi odur ki, başqa vaxt xəbəri oğurlayan və istinad etməyən saytlar məhz bu xəbərdə bizə istinad ediblər (ola bilər, bəziləri istinadı sonradan ediblər ki, məsuliyyət daşımasınlar).
Xalq artisti xanım redaksiyamıza zəng vurdu, haqlı olaraq hiddətli şəkildə etirazını bildirdi, biz də, onun bizə danışmaq imkanı verdiyi saniyələrdə üzr istəməyə çalışdıq, arada üzr istəməyə nail olduq, amma olduqca qəzəblənmiş xanım, deyəsən, bu sözlərə qulaq asmadı.
İndi etibarlı Google-un etibarsızlığının zəhərini dadmış əməkdaşımız düşünür ki, rəqs ansamblının solisti, xalq artisti Təranə Muradovaya şəxsən üzrxahlıq məktubu yazsın, lazımdırsa, gül çələngi göndərsin, əfv diləsin.
Təsadüfə baxın, bir-birinə yaxın iki incəsənət sahəsində eyni ad-soyadlı qadın olsun və onların yolu belə bir xoşagəlməz xəbərdə kəsişsin.
Əslində jurnalistikada belə yanılmalar tez-tez olur və onlardan çoxunun qarşısı vaxtında alınır – ya xəbər oxucuya çatmamış, ya da ilk siqnalda.
Ona qalsa, belə səhvlər qəzetin kağız variantında gedəndə daha pis olur. Çünki qəzeti dəyişmək olmur, onun nüsxələri şəxsi və rəsmi arxivlərdə həmin səhvlərlə birlikdə qalır. Elektron mediada isə buraxılmış səhvi dərhal düzəltmək mümkündür.
Bircə bu səhvləri skrinşot edənlər, o səhvin şəklini çəkib saxlayanlar, yayanlar olmasaydı, daha yaxşı olardı. Söz yox, onlar bunu saf niyyətlə edirlər, bir də görürsən, buraxılmış səhvin yeddinci ilinin tamamında həmin skrinşotu yenidən yaydılar ki, baxın, filan sayt it ilində belə bir səhv buraxmışdı, ha-ha-ha. Həmin paylaşımın altında “hi-hi-hi”, “he-he-he”, “ah-hah-ha” kimi gülüş, qəhqəhə, irişmə, hırıltı ifadə edən şərhlərlə yanaşı, çoxlu söyüşlər də olur.
Amma bu ədalətsizlikdir. O səhvə görə jurnalist və ya administrator yeddi il öncə yeddi ayrı-ayrı paylaşımlarda söyülüb axı. Ən qəddar hakimlər belə bir cinayətə görə bir dəfə cəza verirlər, indi nə xəbərdir?
Görünür, bəzi böyük ürəkli, məsum adamlar kimisə söydürməkdən ləzzət alırlar.
Bununla belə, hər nə olur-olsun, buraxılmış o məşum, bir qırıq da məsum səhvə görə xalq artisti Təranə Muradovaya üzrxahlığımızı, müğənni Təranə Muradovaya “keçmiş olsun” diləklərimizi çatdırır, eləcə də həmin ittihamla dünən-srağagün həbs olunmuş Təranə Səmədova və Təranə Əliyeva adlı qadınlara da “Allah qapınızı açsın” deyirik.