Ötən ilin iyun ayı idi, Qazaxıstanın paytaxtı Astanada bir beynəlxalq tədbirdə iştirak edirdik. Türkiyənin sabiq prezidenti Abdulla Güllə şəkil çəkdirəndən sonra gəlmişdik bir türk lokantasına ki, bir qismət çörək yeyək. Nə də olmasa, bir millət-iki dövlətin mətbəxi bir-birinə yaxındır. (Düşüncə və zövq məsələsinə sonra qayıdarıq).
Xüləs, oturmuşuq, yeməyimiz hazırlanır, biz də dörd jurnalist (APA-dan Cavid İsmayıl, AzTV-dən Fadil Paşayev, İTV-dən Füzuli Məcidli və mən, bir də keçmiş jurnalist, hazırda JTİ şirkətində piar menecer işləyən Əli Verdiyev), ordan-burdan, ədəbiyyatdan, sənətdən danışırıq.
Söhbət ötən əsrin əvvəllərində yaşayan korifeylərimizdən düşmüşdü. Mirzə Cəlildən, Əbdürrəhim bəy Haqverdiyevdən, Hüseyn Caviddən, Üzeyir Hacıbəyovdan danışırdıq, fikirlərimiz əsasən üst-üstə düşür, amma toqquşan məqamlar da vardı. Elə oldu ki, Üzeyir bəyin adını tez-tez çəkəsi olduq. Korifeyimizin həm böyük bəstəkar, həm gözəl felyetonçu, həm gözəl pedaqoq olduğundan bəhs edirdik.
Biz “Üzeyir bəy, Üzeyir bəy” dediyimiz yerdə birdən lokantadakı yan masadan Üzeyir Mehdizadənin axırıncı (bəlkə də axırdan əvvəlinci) mahnısının sədaları səsləndi. Dönüb baxdıq ki, sir-sifətlərindən azərbaycanlıya oxşayan iki gənc iki qazax qızının və bir suyu rusa çəkən yeniyetmənin müşayiətilə oturub çörək yeyirlər və mobil telefonlarının pleyerində Üzeyirə qulaq asırlar.
Məsələ aydın idi: Gənclər dilimizdən səslənən “Üzeyir” kəlməsini alayarımçıq şəkildə eşidib elə bilmişdilər ki, biz də onların tanıdığı Üzeyirdən danışırıq. Onlar bir növ bizə bu yolla tanışlıq verirdilər. Biz gənclərlə gendən-genə salamlaşdıq, daha gedib demədik ki, öz Üzeyirinizi bizim Üzeyirə qatmayın.
Bir də Üzeyirin səs-sədasını yenə ölkə xaricində – Gürcüstanın Kobuleti şəhərində dincələndə eşitdim. Üzbəüzdəki yay diskotekasında hər axşam dörd-beş dəfə onun mahnısını çaldırırdılar. Sanki bu boyda ölkədə üzə çıxarılmalı bircə mahnı vardı. Kobuletidə dincələn azərbaycanlılar erməniləri məhz “Üzeyir silahı” ilə vurur, ortalığa düşüb oynayırdılar. Ara yerdə gürcü diceylər onların çəkişməsinin hesabına hər axşam N qədər lari qamarlayırdılar.
İndi saytlardan oxuyuram ki, gənclərin tanıdığı, sevdiyi Üzeyiri (düzü, qapıdan girsə, sifətdən tanımaram) Türkiyədə izdihamla qarşılayıblar – biz Tarkanı qarşıladığımız kimi.
Bir Türkiyə deyil, qardaşı Türkmənistanda, hətta Özbəkistanda, Əfqanıstanda da tanıyırlar, sevirlər.
Bu saat Üzeyir Mehdizadə dünyada ən çox tanınan, dinlənilən azərbaycanlı müğənnidir. Adam Sami Yusif qədər məşhurlaşıb.
Biz əslində onunla, onun şöhrəti ilə qürur duymalıyıq. Amma duya bilmirik. Üstəlik, ona qarşı yaxşı-yaman şeylər yazanlar var.
Bu nədən irəli gəlir? Bəlkə biz paxıl millətik, bir fərdimizin şöhrət və sərvət qazanmasını həzm edə bilmirik?
Təbii ki, qismən bu da var. Paxıllıq, həsəd, gözügötürməzlik faktoru Üzeyirin qəbul edilməməsində rol oynayır – amma 3-5 faiz.
Məncə, bizdə Üzeyirin oxumağını qəbul etməyənlərin, edə bilməyənlərin əksəriyyəti bunu paxıllıqdan etmirlər, ona görə edirlər ki, adamın sənəti yoxdur. Sıfırdır. Melodiyaları da, mahnısının sözləri də, ifa tərzi də.
Onun oxuduğu sadəcə ritmik mərsiyədir (bu ifadəni 2-3 il əvvəl xüsusi olaraq ondan ötrü icad etmişəm). Ötəri bir dəbdir, camaat maraq edir. Hətta bu cür ifa tərzi, “yanıqlı” mahnılar uzunömürlü, qalıcı olsa belə, yenə sənət deyil, musiqi sənətinin balıqqulağı səviyyəsidir.
Deyə bilərlər, siz də bir vaxtlar Ağadadaş Ağayevin “İki cavan, iki aşıq” mahnısına qulaq asırdınız, yaşlılar bəyənmirdi, amma siz bəyənirdiniz. Elədir. Amma Ağadadaş yaxşı oxuyurdu axı. Sonradan öz sənətini daha da təkmilləşdirdi, zirvəyə çıxdı, zirvədən sonra gedib başqa şeylər oxudu. O başqa.
Amma Üzeyir başladığı kimi də oxuyur. Ritmik mərsiyə şousu davam edir və gənclərin sümüyünə düşür.
Onun Türkiyədə sevilməsinə gəlincə, təəccüblü deyil. Bizim mətbəximiz kimi, musiqi zövqümüz də, temperamentimiz də, düşüncəmiz də demək olar ki, eynidir. Ona görə də Üzeyir bizi birləşdirən dəyərdir.
Böyük Üzeyir bəy də “Leyli və Məcnun” operasında mərsiyədən (“Ata, ana, Leylinin eşqi məni Məcnun edəcək”, “Ah eylədiyim sərvi-xuramanın üçündür”) yararlanıb, amma yaradıb.
Yaşasın Üzeyir bəyin sənəti!