Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun dediyi “2020-ci ildə Azərbaycanda yoxsul insan qalmayacaq” fikri ictimaiyyət arasında geniş müzakirə olunmaqdadır.
Həmişə olduğu kimi, sosial şəbəkə istifadəçiləri arasında bu fikrə ironik yanaşma üstünlük təşkil edir.
İnsanların çox ciddi mətləblərin müzakirəsində də yoğunlayan istehza damarının son halının səbəbi odur ki, baş nazir müavininin bu ifadəsi hamıya fantastik görünür.
İndiki halda bu, gerçəkdən də mümkün deyil. Cəmi iki ildən sonra ölkədə kasıb, yoxsul adamların qalmayacağı fikri gerçəkliklə heç cür uzlaşmır.
Nəinki 2020-ci ildə, hətta 2040-cı ildə də Azərbaycanda yoxsul adamlar olacaq. Hətta təkcə Azərbaycanda yox, dünyanın ən yüksək rifahlı ölkələrində, məsələn, Norveçdə, Kanadada, İsveçrədə, İsveçdə, Yaponiyada da yoxsul adamlar qalacaq.
Həmin ölkələrdə yoxsul adamlar indi də var. İmkanlar, layihələr, təşəbbüslər ölkəsi olan ABŞ-ın özündə də kifayət qədər dövlətdən işsizliyə görə müavinət alan, kasıblıq həddindən aşağıda yaşayan insan var.
Avropanın inkişaf etmiş ölkələrində xüsusi kateqoriyadan olan insanlar var ki, dövlətdən aldıqları müavinətlə kifayətlənir, onlara normal iş təklif olunsa da, imtina edir, işləmək istəmir, aza qane olurlar. Bunlar əqidəli tənbəllərdir, zahidanə həyat tərzinə alışmış, varlanmaq, rifah içində yaşamaq istəməyən insanlardır və sayları gündən-günə artır.
Bu baxımdan İsveç kimi firavan, sosial yönümlü dövlətdə bu cür kasıb insanların olmasını dövlətin minusu kimi göstərmək doğru olmaz.
Təbii ki, o sayaq işləmək istəməyən, tüfeyli həyat tərzi keçirməyi məqbul sayan, prinsipi “ver yeyim, ört, yatım” olan insanlar ölkəmizdə də var və onlar bütün zamanlarda yoxsul olmağa məhkumdurlar. Heç bir dövlət və ya heç kəs gətirib onlara var-dövlət bəxş etməyəcək. Heç Kanadada da belə etmirlər.
Söhbət ondan getməlidir ki, dövlət işləmək istəyən, amma normal iş tapmayan, sırf işsizlik və ya az maaş üzündən normal təminatı olmayan insanlar üçün nə edir və ya nə edəcək?
Əsas məsələ budur. Ölkədə aztəminatlı insanlar çoxdur və onların həyat səviyyəsinin iki ilin içində qəfildən düzələcəyini yalnız ən optimistlər və ya ən yalançı adamlar iddia edə bilər.
2020-ci ilə qədər minlərlə ahıl adam təqaüdə çıxacaq və onlar yüksək rifah içində yaşamalarına imkan verməyən təqaüdlərini alacaqlar. Yüz minlərlə gənc orta və ali məktəbi bitirəcək, hərbi xidmətdən qayıdacaq, obyektiv səbəblərdən işsizlər ordusuna qatılacaqlar. Bu sırada çalışdıqları müəssisədə ixtisara düşən, iş yerlərinin bağlanması səbəbindən işini, maaşını itirənlər də olacaq – hər ölkədə olduğu kimi.
Bütün bunları nəzərə alanda əmin olursan ki, insanları kasıblıq həddinin qırmızı cizgisindən yuxarıda tutmaq üçün effektiv, saat kimi işləyən dövlət proqramı olmalıdır. O dövlət proqramı yeni iş yerlərinin açılmasını nəzərdə tutmalıdır. Bu iş yerləri xüsusilə də istehsal sahələrini əhatə etməlidir. Düzdür, xidmət və ticarət obyektlərini ard-arda açmaqla işsizliyi müəyyən qədər azaltmaq olar, amma bu üsulla nə ölkəyə valyuta axını təmin etmək, nə də ölkədən gedən valyuta selinin qarşısında bənd qurmaq olmaz. Pul kütləsinin sağ cibdən götürüb sol cibə qoyulması əvvəl-axır sıxıntı yaratmalıdır.
İqtisadçılar bu barədə vaxtaşırı sanballı araşdırmalar, hesabatlar təqdim edirlər.
Yoxsulluq səviyyəsinin azaldılması (qeyd etdiyimiz kimi, yoxsulluğun tamamən ləğv edilməsi mümkün deyil) üçün başqa sosial proqramlar da həyata keçirilməlidir. Bundan ötrü dövlət büdcəsindən sosialyönümlü layihələrə, təqaüd fonduna vəsait ayrılması bir neçə dəfə artırılmalıdır. Bütün bunları həyata keçirmək üçünsə dövlət iqtisadi baxımdan güclü olmalıdır, başqa sözlə, çox pul xərcləmək üçün çox pul qazanmaq lazımdır.
Bəlkə də Əli Həsənovun əlinin altında bu sayaq perspektiv planlar, layihələr var, ona görə bu cür ötkəm danışıb, kim bilir. Belə bir şey olsa da, bu, 1-2 ilin işi deyil. Ona görə də xalqa yalandan ümid vermək olmaz. Daşa dəyən ümidlər umsuqluq, məyusluq yaradır.