Fəxr edək və dəstəyimizi əsirgəməyək!

İngiltərə çempionu “Çelsi” ilə qarşılaşmada ağır məğlubiyyətlə üzləşən təmsilçimiz Bakıya döndü. Düzü, onların hava limanından çəkilmiş fotosuna çox üzüldüm. “Anasıölmüş məğlubiyyət” buna deyərlər…Sahib çıxan olmur.

Cəmi bir ay əvvəl, Danimarkadan Çempionlar Liqasına vəsiqəni təmin edərək geri dönəndə qəhrəman kimi hava limanında qarşıladığımız komandanı Londondan gələndə də yüksək səviyyədə qarşılamalıydıq. Qarşılamalıydıq ki, komandamız yaman günün də dostu, azarkeşi olduğumuzu görüb də daha əzmlə çalışsın, məsuliyyəti artsın.

“Qarabağ”ın 0-6 hesabı ilə uduzmasından sonra ruh düşünlüyünə qapılanlar bəlkə də hardasa haqlıdır. Bəli, hamısı sevgidəndir.

Qarabağ, Azərbaycan adına nə varsa, ona yalnız qələbə yaraşır. Amma bu, futboldur, elə “Seltik” eyni gündə qapısında top yağışı görmədimi?

Vaxt var idi giley edirdik ki, biz Türkiyə klublarına azarkeşlik etsək də, qardaş ölkə mediası bizim futbol komandalarına diqqət göstərmir. Artıq Türkiyənin xarici işlər naziri “Qarabağ”ın uğuruna görə xalqımızı təbrik edir. Artıq Türkiyənin aparıcı qəzeti “Çempionlar Liqasında qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu” başlıqlı yazı yazır, Ağdam təmsilçisinin Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağı təmsil etdiyini vurğulayır. Bunlar hadisədir. Özü də təkcə futbol hadisəsi yox!

Bəli, bizim də müstəqilliyimizin yaşı çox yox, indikindən 2-3 dəfə artıq olsaydı, şübhəsiz ki, “Çelsi” kimi klubumuz olardı. Amma unutmayaq, 25 yaşlı “Qarabağ”la 112 illik “Çelsi” arasında yerlə göy qədər fərq var. “Qarabağ”ın illik büdcəsi London klubunun bir oyunçusunun qiymətindən iki dəfə azdır!

Amma Qurban Qurbanov bütün bunlara baxmayaraq, aza qane olaraq, hətta dəfələrlə maliyyə çətinlikləri ilə üzləşdiyi halda, komandanı Avropaya apara bilib. Yəni durub Üzeyir bəy demişkən, birdən-birə “fil boyda” iş görməkdənsə, hədəfinə doğru təmkinlə, ağıllı taktika ilə irəliləyib. Nəticə ortada!

Qurban Qurbanovun “Qarabağ”ı Avropa zirvəsinə aparması tək futbol hadisəsi də yox, həm də işğal altındakı ərazilərimizin azadlığı yolunda mühüm addımdır. Bu, həm ruh məsələsidir, həm təbliğatdır, həm inamdır.

Erməni işğalçılarının hədəfindəki “İmarət” stadionunda belə oynamaqdan məhrum olan bu komandanın uğuru dünyanı heyrətləndirdi. Qurban Qurbanovun qola, qələbəyə sevindiyini nadir hallarda görmüşük, “Çelsi” ilə oyuna gedəndə də soyuqqanlı danışmışdı.

Təqribən belə, “bu, bir savaşdır, ölüm də var, itim də”.

Qurban Qurbanovun Londondakı brifinqdə jurnalistlərə dedikləri qürurvericidir. O, təkcə futbol mübarizəsi aparmır, həm də Vətən uğrunda savaş aparır. Diqqəti “Qarabağ”ın uğursuz debütündən məharətlə yayındırıb Qarabağa-işğalda olan Azərbaycan torpaqlarına yönəldib.

Sitat: “Yəqin ki, Qarabağın tarixini eşitmisiniz. Bu adın, Qarabağın mənasını bilirlər. Bu, bizim çox yaralı yerimizdir, Qarabağ torpaqlarının çox hissəsi erməni daşnaklarının əlindədir və haqsız yerə əlimizdən alıblar…” Adam qeyri-ixtiyari “halal olsun” deyir.

Azərbaycan diplomatiyası, diasporu ənənəvi görüşlərində, tədbirlərində hər zaman Qarabağdan bəhs edir. Amma onların öz auditoriyası var. Dünyanın futbol auditoriyası isə başqadır, həm də nəhəngdir. “Qarabağ” bu auditoriyaya çıxdığı üçün həm özü adını ucaldıb, həm də Azərbaycan üçün yeni bir tribuna qazanıb.

FİFA-da da artıq Qarabağın Ermənistanın işğalı altında olmasından danışılır. Bu qətiyyətli mövqe Qarabağ separatçılarının hansısa ad altında çempionatlara qatılması arzusunun üstünə qara bir daş salmış oldu. Çünki dünya bir Qarabağ tanıyır-Azərbaycanın Qarabağını.

Elə Ermənistan mətbuatı da əlacsız şəkildə “Çelsi” (İngiltərə)-“Qarabağ”(Azərbaycan) yazmağa məcbur oldular. Düzdür, onlar “Qarabağ”ı Ağdam klubu kimi təqdim etməməklə də özlərinə təsəlli vermək istəyirlər. Amma Qarabağ həm də Ağdamdır, Şuşadır, Laçındır, Kəlbəcərdir. Düşmən etiraf etməsə də, anlayır ki, bir gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək və “Qarabağ” klubu öz doğma meydanında oynayacaq…

Qarşıda “Qarabağ”ın ev oyunu var, 27 sentyabrda İtaliya nəhəngi Roma ilə üz-üzə gələcək, həmin gün komandamızla bir yerdə olaq.

İnşallah klubumuz üzümüzü ağ edəcək. “Çelsi” ilə oyundakı böyük hesabı isə boş verin! Kim bilir, “Qarabağ” “Çelsi” yaşına çatanda hansı uğurlara imza atacaq…

Unutmayaq ki, Azərbaycanın 80 il əvvəl yaradılmış “Neftçi” futbol klubunun SSRİ tarixində ən böyük uğuru bürünc olub.

Unutmayaq ki, Cənubi Qafqaz respublikaları arasında yalnız Azərbaycan klubu Avropa səddini aşa bilib. Hətta böyük futbol ənənələri olan gürcülər də kənarda qalıb.

Onu da unutmayaq ki, postsovet məkanından Rusiyanın “Spartak” və “MOİK”, Ukraynanın “Şaxtyor” və Azərbaycanın “Qarabağ”ı dünya divlərinin sırasına düşüb. Nəhayət, Avropanın 32 ən güclü komandasından biridir “Qarabağ”ımız.

Fəxr edək və dəstəyimizi əsirgəməyək!