Almaniyanın keçmiş federal kansleri Helmut Kol 4-5 gün qabaq öldü. Böyük adam idi. Siyasətdə, dünya səviyyəsində sonuncu mogikanlardan biri idi. 20-ci əsrin sonu, 21-ci əsrin əvvəlinə, necə deyərlər, damğasını vurmuş adam idi. Helmut Kol, Ronald Reyqan, Marqaret Tetçer, bizə qarşı cinayətkar mövqedə olsa da Mixail Qorbaçov – bunlar geopolitik əjdahalar idilər, yəqin bir daha dünyaya gəlməyəcəklər. İndi onları maklerlər, reketlər, casuslar, xırda alverçilər əvəz edir.
Helmut Kolla bağlı bir balaca xatirəm var. 1998-ci ildə Helmut müəllimin partiyası seçkiləri uduzdu və o, vəzifədən getməli oldu. Təsadüfən həmin vaxt bir dövlət vəzifəli alman, yaddaşım məni aldatmırsa, Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşı Bakıya gəlmişdi, biz jurnalistlərlə görüşmüşdü. Mən orda almana belə sual verdim ki, nə üçün Helmut Kol kimi lider şəxsiyyəti ömürlük kansler qoymadınız, axı o, sizə görünməmiş xidmətlər edibdir. Doğrudan da, Helmut Kolun təkcə Almaniyanın birləşdirilməsindəki, çağdaş Avropanın qurulmasındakı xidmətləri tarixə yazılıbdır. Ancaq alman diplomat sualımdan bir qədər çaşdı, ağlına gətirmədiyi bir tema ilə üzləşdiyi üzündən aydın görünürdü, yəni “siz nə danışırsınız, ümumiyyətlə, mən hara gəlib çıxmışam” sualları sifətindən oxunurdu. Alman dedi ki, onun xidmətləri öz yerində, ancaq daha alman xalqı Helmut Koldan bezib yorulmuşdu, zarafat deyil, 16 il kansler olmuşdu.
Təbii ki, heç bir xidməti olmayan qəddar adamların ömürlük vəzifə kürsülərinə pərçimləndiyi şərq-müsəlman aləmində Almaniya siyasətini anlamaq çətindir. Biz əvəzedilməz, dahi, bənzərsiz, ilahi qüdrətli, nə bilim, kainat qətiyyətli adamlar görmüş məmləkətik. Özü də nəinki “federal kansler” səviyyəsində, elə hər yerdə. Bizdə nəinki vəzifə və karyera, işsizlik və zülm də ömürlükdür. Buna bizdə “sabitlik” deyilir.
Srağagün MTN işi məhkəməsində general Çovdarov bir zərərçəkənə deyib: “Yalandan danışırsan, guya səni döymüşəm. Səni elə döydürərdim neft iyi verərdin”. Maraqlı bənzətmədir. Neft iyi, sən demə, bizim işgəncələrə də çökübdür. Adamı vurursan, ondan yüksək oktanlı aviasiya benzini iyi gəlir. Dırnaqlarını çəkib toka verirsən və bu zaman ayaqlarından asırsan – bəh-bəh, otaq dolur “Azəri-Çıraq-Günəşli” yatağının qoxusuyla… Ən çox döyülənlər mazut, yarımçıq döyülənlər (bu nadir hallarda olsa da olur, özü də xarici təsirlərdən asılıdır, misal üçün, adamı kamerada şappartladığın anda hardansa azmış Avropa Şurası nümayəndəsi görüş tələb edə bilər, sən də məcbur olarsan zopanı qırağa qoyub avropalının vedrəsinə kürü doldurasan) dizel yanacağı, elə birinci təpikdən liderini satan müxalifətçilər isə neftlə çirklənmiş gölməçə iyi verirmiş. Bizə yaratdığı bu şəraitə görə rəhbərliyə dərin minnətdarlığımızı bildirir, bütün Füzuli qaçqın-köçkün-didərgin məktəblərinin müəllim kollektivi adından xahiş edirik yay tətili dövründəki maaşlarımız “Cocuq Mərcanlı Fondu”na keçirilsin!
Sözgəlişi, “Qaçqınkom”un müdiri Əli müəllimin açıqlamasını oxudum, deyir, bizdə qaçqın, məcburi köçkün və azad şəkildə yaşayış yerini dəyişən adam kateqoriyaları qanunvericilikdə dəqiq yazılmayıb, bu üzdən insanlar əziyyət çəkir. Əslində mən bunları çoxdan elmi şəkildə ayırmışam, götürüb qanuna salmaq qalır, məni də deputat qoymaq. (Bu, əlbəttə, sonranın işidir, biz xalqa mandatsız da yardım etməyə hazırıq). Məcburi köçkün – ermənilər 25-50 kilometrdə olanda evi Bakıda erməni eviylə dəyişib hər şeyini – qapıdakı cücənin axırıncı tükünəcən – yığıb gələn adama deyilir. Qaçqın – ermənilər kəndə yaxınlaşarkən qiymətdə ağır, vəzndə yüngül əşyalardan toplayıb yataqxanalara qaçan adamdır. Didərgin isə hesab elə, evdə yatıb, birdən görür pəncərədən Vartan baxır. Durub o biri pəncərədən tumançaq qaçan, çadır düşərgəsində, ağac altda, avtobus dayanacağında, jurnalistlərin binasında (zarafat üçün yazdım axırıncını, qorxmayın) məskunlaşan adama didərgin deyilir. Qaldı yaşayış yerini azad dəyişən adam, bunu Sovetski, Bayıl, Basin sakinlərindən öyrənmək daha yaxşı olardı.
İndi söz “Qaçqınkom”undur.