O gün Rusiyanın İrkutsk şəhərində spirtli məhlul içərək ölənlərə dair “Antifris içənlərin sonu” başlıqlı bir yazı yazmışdım. O yazını yazanda mərhumların sayı 60-a çatmamışdı, 30 civarındaydı, həm də onların içdikləri məhlulun tərkibində metanol və antifrizin olduğunu bilmirdim. Sözgəlişi yazmışdım. Heç demə, zəhərli losyonda doğrudan da antifris varmış.
Həmin yazıda belə bir abzas da vardı: “Rusiyadan gələn iki ayrı-ayrı xəbərdə insanların spirtli içkilərdən kütləvi şəkildə zəhərləndikləri deyilir. Biri bizimkilərin işidir, o birilərinin istehsalçıları barədə hələ xəbər yoxdur”.
Bu sətirləri yazarkən Moskvada fransızların zəhərlənməsinə səbəb olan spirtli içkinin azərbaycanlılar (adları da qeyd olunurdu) tərəfindən hazırlanmış olması faktı artıq istintaq materiallarında da qeyd olunmuşdu. Amma İrkutskdakı qırğının müsəbbiblərinin ad-soyadı keçmirdi.
Ürəyimdə arzu edirdim ki, heç olmasa İrkutskda camaatı zəhərləyənlər ermənilər çıxalar və hesab 1:1 ola. Yoxsa bir-birindən 3-4 min kilometr aralıdakı iki ayrı-ayrı şəhərdə baş verən iki zəhərlənmə olayına azərbaycanlıların baiskar olması faktının altından qalxmaq çətin olardı.
Artıq qürur duyacağımız və ya xəcalət çəkəcəyimiz (burası zövqə, qanacağa bağlıdır) faktı yaza bilərəm. İrkutsk zəhərçiləri də azərbaycanlılar çıxdı. Abbasov soyadlı bir adammış, özü də bu saat Azərbaycandaymış.
Əslində Kalininqraddan Kuril adalarına qədər saxta araq istehsalı işində nəzarət-səhm paketinin bizimkilərin əlində olduğunu hələ 20 il öncədən bilən adamlara bu xəbər çox da təəccüblü görünməz.
Bu işlər belədir. Bizim Rusiyaya axışmış həmvətənlərimiz taciklər kimi əllərinə süpürgə götürüb küçə süpürmürlər, özbəklər kimi tikintidə can qoymurlar, gürcülər kimi oğurluq, evyarmaq işlərində boy göstərmirlər, ermənilər kimi hər oğraşlığa əl atmırlar, bizimkilərinki də budur: dükan-bazar ticarəti, iaşə obyektləri işlətmək, qeyri-leqal sexlərdə nəsə bir şey istehsal etmək, şəraitə görə fırıldaqçılıq və s..
Təbii ki, istisnalar da var. Yəni bizimkilərin içində bankirlərə, ali məktəb müəllimlərinə, iri biznesmenlərə, oğru və banditlərə, hələ desən, sutenyorlara da rast gəlmək olar. Amma bizim qastarbayterlərin ən populyar peşə sahələri o yuxarıda dediklərimdir.
Elə bu üzdəndir ki, bir ara Rusiyanın iri şəhərlərində azərbaycanlılara kirayə yaşamaq üçün ev vermirdilər. Çünki kriminala, əliəyriliyə meylli həmvətənlərimiz ümumilikdə millətin adını bədnam eləmişdilər və ev sahibləri də sonradan şahid-cavabdeh qismində istintaqa cəlb edilməmək üçün bu “qara millət”dən uzaq durmağı üstün tuturdu. Hələ kirayəyə götürülmüş evin bərbad günə qoyulması bir kənara dursun.
Söz yox, biz fərasətli camaatıq, daşdan pul çıxarmağı bacaran qövmük, amma qanundankənar işlərə, saxtakarlığa, kələkbazlığa meylimiz də artıq postsovet məkanında dillər əzbəridir.
Maşallah olsun ki, hazırda milli kələkbazlarımız MDB məkanındakı fəaliyyətlə kifayətlənmirlər, yavaş-yavaş Avropa məkanına da sızmağa başlayıblar. İndilikdə bir qədər azdırlar deyə, uyğun soraqları az gəlir, çoxaldıqca (bu temp var) Avropanı da heyrətləndirəcəyik.
Hələlik bizimkilərin bir hissəsi Avropada köhnə arvadlarını boşayıb, onun “tənha qadın” kimi dövlətdən müavinət alması işində uğurlar əldə edirlər. Almaniyada özlərini ev itinə qapdırıb təzminat davası açanlardan da yazmışıq. Bir daha yada salaq. Demək, Almaniyanın bir şəhərində məhkəmədə itqapma olayları ilə bağlı şikayətlərin kütləviləşməsindən şübhələnən hakimlər araşdırma aparıblar ki, şikayətçilərin onda doqquzu azərbaycanlılardır. O da aydın olub ki, bizimkilər sakit iti qəsdən cırnadır, özlərini cırmaqladıb, qapdırırlar, sonra da yiyəsini məhkəməyə verir, bir “Mersedes”in pulunu alırlar. İşi belə görən şəhər meriyası qərar çıxarıb ki, indən belə şəhərdə it qapan azərbaycanlı məhkəməyə müraciət edə bilməz.
İnşallah, bu yazıdan sonra o biri ölkələrdə yaşayan dürüst, vicdanlı soydaşlarımız milli kələkbazların millətimizin adını necə “ucaltdıqlar”ı barədə şərhlər yazarlar, oxuyub agah olarıq.