Bir çox jurnalistlərin sevimli ibarəsi ilə desək, deyim, biləsiniz (əslində artıq bilirsiniz), xalqımızın üstün cəhətlərinin başında pozitivliyi, daima şən ovqatda olması gəlir.
Hər nə baş verir, versin, hər zaman optimistik və hər şeyə ironik, satirik prizmadan yanaşa bilirik. Düzdür, bəzən bunu arsızlıq kimi qələmə verənlər də olur, amma qəti əlaqəsi yoxdur, əmi canı. Biz sovet vaxtından şən camaatıq, elə də qalırıq, hər cür qaranlıqda işıq axtarırıq və tapırıq.
Hətta son həftələrdə ölkədə intihar statistikasının artmasına münasibət bildirərkən də məsələyə pozitiv yöndən yanaşan respondentlərimiz olur. Məsələn, dünən biri yazmışdı ki, təqaüdçülərin intiharı hökumətə sərf edir, vaxtından tez ölürlər, bir neçə aylıq (illik) pensiyaları hökumətə qalır, büdcəyə xeyir edir.
Budur, dünən gecə qaz və işığın satış qiymətlərini qəfildən diffensiasiya eləyiblər, amma bu, xalqımızın ovqatına bir elə də pis təsir göstərməyib.
Çünki qiymətləri artırmaqla diffensiasiya eləmək eyni şey deyil. Allaha şükür, hamımız savadlı adamlarıq, başa düşürük ki, istəsələr o adı çəkilən şeylərin qiymətini yarım qat (lap ikiqat) artırardılar, məsələ bitərdi, amma diffensiasiya edirlərsə, demək, məqsəd başqadır.
Təvazökarlıqdan Nyu-York birjasının yerləşdiyi küçə qədər uzaq olsa da, deyim ki, minlərlə iqtisadi, siyasi termin bilən adam kimi, bu diffensiasiya söhbəti əvvəlcə mənə də çöçün gəldi. Elə bildim, nəsə zırıltı bir şeydir, devalvasiyadan da pis andırdır.
Hətta bir dost-simsar adam yazmışdı ki, axırı “…asiya” ilə qurtaran terminlərdən heç vaxt yarımamışıq. Amma araşdıranda məlum olur ki, “diffensiasiya” heç də “devalvasiya”nın tayı deyil.
Ümumi götürsək, qəpik-quruş söhbətidir. Uzun sözün qısası, məsələ ondadır ki, indən belə qazı, işığı çox yandıranlar çox pul verəcəklər, amma limitini, əndazəsini keçməyənlər ziyana düşməyəcəklər.
Yəni bir növ hökumət xalqa “qənaətcil ol, israfçılıq etmə” deyir.
Bu təzə söhbət deyil. Bir ara, 7-8 il əvvəl bu xüsusda bir sosial reklam da çəkilmişdi: ata girir otaqlarda boşuna yanan işıqları söndürür, ayın başında isə evə tort alıb gətirir ki, bax, qənaət edəndə adam tort yeyir.
Yaxşı reklam idi. Yəqin o çarxa baxan tortsevərlər sırf tort üçün elektrik enerjisinə bir xeyli qənaət ediblər.
Yaxşı olar ki, Tarif Şurası gələcəkdə benzinin və dizel yanacağının qiymətini də qaldırmasın, diffensiasiya eləsin. Ciddi deyirəm.
Çətin şey deyil. 1,5-2,2 mühərrik gücü olan avtomobilin bir ayda yandırdığı yanacağın orta miqdarını götürürsən, limit təyin edirsən, kim o limiti keçsə, zəhmət çəksin, artıq pul ödəsin.
Əlbəttə, onda burdan Şamaxıya gedib-gələnə qədər bir barel benzin yandıran ciplərlə “kasıb maşını” adlanan avtomobillərin yanacaq/pul sərfiyatı arasında fərq olacaq. Kasıblar ziyan çəkməyəcək, əvəzində ofisiantın cibinə dilxoşluq üçün yüzlük basanlar daha bir yüzlüyü də benzinə verəcəklər.
Vaxtilə Türkmənistanda yanacağın qiyməti diffensiasiya edilmişdi. Daha dəqiqi, orada ölkə sürücülərinə ayda 120 litr müftə benzin verirdilər, daha uzun məsafələr qət etmək istəyənlər, beləliklə, daha çox benzin yandıranlar limitdən artıq işlətdikləri yanacaq üçün pul ödəyirdilər. Amma sonra türkmən qardaşlarlar da bizə baxdılar, benzinin qiymətini birdən-birə 8 dəfə artıraraq, bizim pulla 22 qəpik elədilər. Heç demə, bundan əvvəl limitdən artıq işlədilən benzinin qiyməti 2,75 qəpik imiş – iki litri təxminən 6 qəpik.
Ancaq, açığı, suyun satış qiymətinin diffensiasiiya edilməsinə qarşıyam. Xalqımız su quşudur, xoşlayır ki, hər gün çimsin, şırhaşırla axan suyun altında dayansın. Belə olanda hamı limiti keçəcək. Suya xəsislik edəndə də camaatı çirk-pas basacaq. Onsuz da tez-tez sosial şəbəkədə vay-nöfsə qopur ki, tər iyindən metroya girmək olmur.
Hər necə olsa da, son yenilik xalqımızın şən və hazırcavab insanlar kəsiminin ovqatına təsir etməyib və etməyəcək. Facebookda işıq və qazın satış qiymətinin diffensiasiyasına aid baməzə statuslar bir-birinə calanıb. Və bunun arsızlıqla-filanla qətiyyən əlaqəsi yoxdur, deyim, biləsiniz.