img1306318

Elektron KİV-lərdə işğal altındakı Şuşadan son fotolar yayılıb. Onlara həyəcansız, soyuqqanlı baxmaq olmur. Ələlxüsus da şəhərin girişindəki azərbaycanca (kirilcə) “Şuşa” sözünün ermənicə “Şuşa” ilə əvəzləndiyini görmək adamı sıxır, qürura toxunur.

Heç şübhəsiz, bu qədim diyarımızdan didərgin düşmüş soydaşlarımız həmin şəkillərdən hamıdan çox təsirlənib. Zarafat gəlməsin, zorla tərk edib getməli olduğun doğma yurdunu, uşaqlığının, gəncliyinin keçdiyi el-obanı on illər sonra yalnız şəkillərdən görüb özünə təsəlli tapa bilirsən. Heç kim inciməsin, bu dərdi, ağrı-acını, sızıltını köçkün düşməyən bilməz!
Şuşa həmişəlik itirilibmi, Şuşa erməninin oldumu? Nə yaxşı ki, suala təsdiqi cavab yoxdur. Bu, hələ ki bizim əsas təsəllimizdir. Çünki Şuşa 25 ildir sadəcə, girovluqdadır. Lap dəqiqi, erməni əsirliyindədir. Onu, işğalı düşmən rəsmiləşdirə bilməyib, rəsmiləşdirə bilmir. Bir dəfə yazmışdıq, çünki “kupçası”, sənədi-sünədi bizdədir.

Doğru, Şuşanın əsirliyi az qala müstəqilliyimizlə yaşıddır. Yaman uzandı bu işğal… Ümid isə sonsuzdur. Təsəlli həm də onadır ki, Şuşa ermənilər tərəfindən hələ də bir elə məskunlaşdırılmayıb. Onlar yalnız hər il işğal günü şəhərdə təntənəli törən təşkil eləməklə sanki onun erməni şəhəri olmasını dünyaya göstərmək, bir növ Azərbaycana acıq vermək istəyirlər.

Halbuki, bir yer, torpaq, ərazi insanlarla məskunlaşmırsa, Dədə Qorqud demiş, əkilib-becərilmirsə, o, ən azından heç kimindir, yəni yiyəsizdir. Şuşa da elə: ermənilərin nəzarətində olsa da, ora zirehli texnika yığsalar da, ermənilərin deyil. Şuşa onlara yaddır. Doğma olsaydı, ermənilər 25 ildə orda kök salar, iş yerləri açar, tikər-yaradar, artıb-törəyərdilər. Bunlar yoxdur!

Şuşada erməni kilsəsi də tikiblər, amma nə xeyri? Yenə Şuşa erməniyə doğmalaşmayıb. Çünki erməni gözəl bilir ki, gec-tez onun gerçək sahibi gələcək. Şəhərin girişindəki azərbaycanca lövhəni ermənicəyə dəyişməklə deyil. Biz Şuşadan, imtina etməyincə, onun “kupça”sını düşmənə verməyincə, o, heç vaxt ermənin olmayacaq!

Bu mənada ermənilər Şuşanı işğal eləməklə əslində uduzublar. Çünki onu özününküləşdirə, erməniləşdirə bilməyibilər. Bu, mümkün də deyildi. Faşistlər kimi, bir gün erməni işğalçı tör-töküntüləri də gəldikləri kimi cəhənnəm olub gedəcəklər. Həmin günü tezləşdirmək təəssüf ki, indi tək Azərbaycandan yox, həm də regionda və dünyada gedən proseslərin konyunkturasından asılı duruma gəlib. Əlverişli məqamı, fürsəti gözləmək zorundayıq.
İş də ondadır ki, bu, tək erməni işğalı deyil. Daha çox Rusiyanın işğalı, Rusiya ilə şərikli işğaldır. Bizim davamız Ermənistanla olsaydı, nə var idi ki – cavabını uzağı, 1-2 həftəyə verə, 1-2 həftə içində düşmənlə haqq-hesabı çürüdərdik, Şuşa bunca girovluqda qalmazdı.
Bizim davamız erməninin arxasındakı Rusiya ilədir. Bu ilin aprel döyüşləri zamanı bir daha buna əminlik hasil elədik. Hücumda olan Azərbaycan ordusunun yürüşünü yalnız ermənilərin yalvarışı və xahişi ilə Rusiya dayandırmalı olmadımı?

Bu iki amil təsəllidən də çox, bizə aydın mesajdır ki, bəli, biz Dağlıq Qarabağı, Şuşanı itirmişik, amma Dağlıq Qarabağ, Şuşa klassik anlamda erməniləşməyib, erməninin olmayıb. Düşmən bunu bacarmayıb, işğalı, etnik təmizlənməni rəsmiləşdirə, dünyaya qəbul etdirə bilməyib.
Separatçı rejimin “müstəqilliyinin” hətta Ermənistanın özü tərəfindən belə indiyədək tanınması da ermənilərin öz “hərbi qələbəsi”nə inamsızlığının, onun saxta, ən yaxşı halda ruslarla şərikli olduğunun növbəti bariz sübutudur.

Müxtəsəri, nə qədər ki, hətta yerli erməni də özünü Qarabağda, Şuşada narahat hiss edir, daima müharibə qorxusu altında yaşayır, nə Şuşa, nə də ümumən Qarabağ erməninin olmayacaq. Bu rahatlığı erməniyə yalnız Azərbaycan xalqı bəxş edə, qaytara bilər – Şuşanı, Qarabağı oradakı yerli ermənilərlə birgə Azərbaycan tərkibinə qaytarmaqla.

Erməni nə qədər tez bu gerçəyi anlasa, bir o qədər onun özü üçün yaxşı olar. Çünki Şuşanın azadlığı həm də Qarabağ ermənilərinin girovluqdan azadlığı demək olacaq, yalnız bədbəxtçilik vəd edən saxta “müstəqillik”dən qurtuluş demək olacaq.