“Türk xalqı müsəlman olduğu üçün Avropa Birliyinə (AB) qəbul olunmur”.
Bu sözləri srağagün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan quruma üzvlüklə bağlı qardaş ölkə önündə yaradılan əngəllər haqda danışarkən söyləyib. Hərçənd, Böyük Britaniyadakı referendumun bəlli nəticəsindən sonra AB-nin ənənəvi nüfuzu yəqin ki, zərbə yemiş olacaq.
Ancaq mövzumuz bu deyil, qardaş ölkəyə qarşı Avropada on illərdir sərgilənən əlahiddə və ədalətsiz münasibətin anatomiyasıdır. Əslində üzvlük önündə ən ciddi maneə elə budur – din amili, nəinki erməni, kürd (PKK) məsələsi, yaxud vaxtaşırı çeynənən insan haqları mövzusu. Hakim AKP-nin dinə meylli siyasi qüvvə olması da burada həlledici rol oynamır. Zira, AKP-dək də Türkiyənin AB-yə üzvlüyü yolunda hər cür əngəl olub, bəhanə uydurulub. Sadəcə, bu sərt həqiqət Ərdoğanın timsalında ilk dəfə dövlət başçısı səviyyəsində etiraf olundu.
Baxın, Avropa Birliyi tərkibində iqtisadi, demokratik göstəriciləri Türkiyədən qat-qat zəif neçə-neçə ölkə var. Amma gəl, Türkiyə orada yoxdur. Çünki Türkiyə güclü və müstəqil sözü olan modern İslam dövlətdir, regional supergücdür. Vəssalam, bitdi. Yerdə qalan irad-iddiaların hamısı boş şeylərdir, bəhanədir, ikinci-üçüncü dərəcəli əhəmiyyət daşıyan amillərdir…
Türkiyə lideri əlbəttə ki, haqlıdır. Bunu kim anlamaq istıməsə də, Azərbaycan xalqı yaxşı anlayır. Tək ona görə yox ki, “bir millət – iki dövlət”ik. Ən əvvəl o səbəbə ki, Azərbaycan xalqı da məhz müsəlman olduğu üçün illərdir işğalçı Ermənistana göz ağardılmır, tam əksinə, Xocalı soyqırımına imza atmış bir xristian təcavüzkarın başı sığallanır. Xristian dünyasının aparıcı dövlətlərindən biri ona maddi-maliyyə dəstəyi verir, digəri – hərbi, o birisi siyasi-humanitar köməyini əsirgəmir, başqa birisi isə onu “kiçik bacı” adlandırır (Fransa).
Onların heç biri təbii ki, Ermənistanın adının yanında “işğalçı” sözünü işlətmir. Belə bir şeyi əfsus ki, indiyədək nə Rusiya, nə də ABŞ və ya Avropa rəsmilərinin dilindən eşitməmişik. Çünki Ermənistan onlar üçün “xristian ailəsinin ərköyün balası” qismindədir. Hamı “balaca işğalçı”nın xətrini istəyir, onu əzizləyir – bir-bir ilə çəkişmədə olan Amerika da, Rusiya da… Hətta onu istəməyənlər belə erməninin ətini yeyib sümüyünü atmır, təcavüzkarı təcavüzə məruz qalan Azərbaycandan bir köynək yaxın hesab edir özünə.
Nə etməli, müasir dünyanın əcaib gerçəkliklərindən biri də budur – gizli xristian təəssübkeşliyi. Rəhmətlik Vəfa müəllim yoruldu bunu deməkdən…
Yenə məhz həmin xristian təəssübkeşliyinə görədir ki, Azərbaycan kimi əraziləri işğal altında olan Gürcüstan və Ukraynaya münasibətdə təcavüzkar dövlət – Rusiya öz adı ilə çağırılırsa, üstəlik, ona sanksiyalar tətbiq olunursa, öz qonşusunun 20% ərazisini 24 ildir işğalda saxlayan Ermənistana sanksiya tətbiq olunmur, hələ harasıdır, bir ovuc Dağlıq Qarabağ ermənisi üçün referendum, öz müqəddəratı təyinetmə haqqından dəm vurulur.
Ona görə ki, ermənin işğal etdiyi torpaqlar müsəlman torpaqlarıdır, qovduğu əhali türk-müsəlmanlardır. Eyni səbəbdən Ermənistandan çıxarılmış 200 milyonluq (Qarabağdakı erməni əhalidən iki dəfə çox!) azərbaycanlı-türk üçün öz müqəddəratı təyinetmə haqqı Qərbdə kimsənin yadına da düşmür. Baxın, heç işğalçı Rusiya Qərbdə bu qədər hörmət-izzət yiyəsi deyil…
İndi bir anlığa təsəvvür edin ki, torpaqları qəsb olunan Ermənistan, işğalçı isə Azərbaycandır. Qərb, Rusiya buna on illiklərlə dözərdimi? Cavab aydındır. Deyilə bilər ki, o zaman bəs nə edək, əstəğfürullah, dinimizimi indi dəyişək?
Əlbəttə, yox. Bir yol var – güclənmək, güclənmək və güclənmək! İqtisadi, siyasi, hərbi, demokratik cəhətdən güclənmək. Dünyadakı, regiondakı proseslərə təsir imkanlarımızı artırmaq, dost-müttəfiqlərimizin sayını artırmaq və Qərbi, Rusiyanı fakt qarşısında qoymaq! İdarə olunmamaq, idarə eləmək! Diktə olunmamaq, diktə eləmək, gündəm yaratmaq! Qardaş Türkiyə kimi. Qardaş Türkiyə ilə birgə. Çünki dünyada “gücün haqqı”, “güclü həmişə haqlıdır” kimi yazılmamış qanunlar da var. Bəzən gücün haqqı haqqın gücündən ötə olur, unutmayaq.
Biz haqlıyıq, doğru. Ancaq bu, yetərli deyil. Qarabağı geri almaq üçün həm də güclü olmalıyıq. Nə yaxşı ki, hədəfə çatmağa potensialımız artıqlaması ilədir – əzizlənən işğalçı Ermənistandan fərqli olaraq…