Nə qədər tərifləyib öysək də, məmləkət əhlinin olduqca qüsurlu düşüncə və hərəkətləri var. Onlardan ən pisi camaatın korrupsioner və rüşvətxorlara haqq qazandırmasıdır.
Son aylarda ard-arda üstü açılan qalmaqallı korrupsiya və rüşvətxorluq, eləcə də talançılıq, yağmalama, məmur reketçiliyi kimi hallardan yazan mediaya gələn ən kütləvi reaksiya aşağıdakı fikirlərlə ifadə olunur:
“Başqalarının pulunu saymaq düzgün deyil, kimə nə dəxli var, necə qazanıb, fərasəti olmasa, qazana bilməzdi”;
“Guya siz məmur olsaydınız, rüşvət almazdınızmı, villanız, cipiniz, obyektləriniz olmazdı?”;
“İşiniz-gücünüz yoxdur, oturub pul qazananların paxıllığını çəkirsiniz”;
“Yıxılana balta vurursunuz, kim bir az büdrəyir, üstünə gedirsiniz, başqa vaxt cəsarətiniz çatmır”;
“Onlardan umacağınız var, yığdıqlarından sizə vermirlər deyə, yazırsınız” və sair və ilaxır.
Bu kimi fikirlərin hamısında bir motiv var: korrupsioneri, rüşvətxoru birbaşa və dolayısı ilə müdafiə etmək.
Çünki adıçəkilən korrupsioner onların yaxınıdır, qohumudur, müdiridir, tanışıdır, eloğlusudur və s. Bu müdafiəçilər həmin o korrupsionerdən ya barınırlar, ya da irəlidə faydalanmağı düşünürlər.
Ona görə də onlar üçün həmin şəxsin cinayət törətməsi, cinayətdə ittiham olunması əsas deyil, əsas odur ki, bunlara xeyri dəyir.
Bu, leksikonumuzda işlək olan “Mənə dəyməyən qurd yüz il yaşasın” məsələnin izah etdiyi situasiyadır. Mövqe belədir: nə olsun ki, filankəs korrupsionerdir, işimə yarayır, xeyrini görürəm, qoy pulu daha da çox olsun.
Bu cür düşünənlərin kütləvi olduğu cəmiyyətdə korrupsiya da, rüşvətxorluq da, cürbəcür əliəyriliklər də norma olmalıdır. İşdən qovulan, tutulan bir korrupsionerin yerini tutmağa yüz korrupsioner namizəd varsa, o ölkədə haqq-ədaləti bərqərar və təmin etmək Sizif əməyi kimi bir şeydir.
Bu üzdəndir ki, ilk baxışda ortabab vəzifə daşıyan adamların evindən bəzən külli miqdarda pul-para çıxır. Bu hadisə adətən hansısa oğurluq-quldurluq olayından sonra ictimaiyyətə çatır. Yoxsa bu cür hadisələr korrupsiyaya qarşı mübarizə aparan rəsmilərin fəaliyyətinin nəticəsi olaraq baş vermir.
Məsələn, bir neçə il öncə kənd rayonlarından birinin təhsil şöbəsinin müdirinin evindən 100 min manat (o vaxtkı məzənnə ilə 100 min avro) pul aşkarlanmışdı. Hər kəs maraqlanırdı ki, adi bir rayon məmurunun kabinetindəki seyfdə bu qədər pul haradandır. Amma bu suala heç kəs cavab vermədi.
Dünən isə adının çəkilməsi məsləhət olmayan (xəbəri ilk yayanlar tərəfindən) deputatın seyfindən 120 min dollar pul vəsaitinin oğurlanması xəbəri yayılıb. İlk sual yenə klassikdir: “1600 manat civarında maaşı olan deputatın seyfində bu qədər pul hardandır?”
Bu sual səslənib cavabını almamış verilən reaksiyalar da klassikdir: “Başqalarının pulunu niyə sayırsınız?”
Sanki o deputat, bu nazir, o biri məmur halal-hümbət bizneslə məşğul olur, vergilərini vaxtlı-vaxtında ödəyərək, azad rəqabət şəraitində pul qazanırlar və kimsə də oturub onların qazancını hesablayır.
Elə deyil, vətəndaşlar. Söhbət əlində müəyyən postu, səlahiyyəti olan məmurların dövlət vəsaitini talayaraq, xalqı istismar edərək, vətəndaşları onlara rüşvət və xərac ödəməyə məcbur qoyaraq topladıqları haram pullardan, hüquqi dildə desək, cinayət yoluyla toplanmış külli miqdarda maliyyə vəsaitindən gedir.
Bu pulların toplanma yollarını öyrənib bilmək, ona nəzarət etmək, kəsəsi, onları hesablamaq hüquq-mühafizə orqanları ilə yanaşı, xalqın da boynunun borcudur.
Əgər istəyiriksə ki, ölkədə qanunun aliliyi bərpa olunsun, korrupsiya və rüşvətxorluq halları minimuma, gözlə görünməyəcək, hiss olunmayacaq səviyyəyə ensin, o zaman hər kəs dotələb olmalıdır, korrupsiya ilə barışmaz mövqedə durmalıdır.
Yoxsa başqa korrupsionerlərdən söhbət gedəndə “ay yaramaz, gör dövləti necə soyurmuş” deyərək, öz qohumu olan korrupsionerin haqqında yazan jurnalistlərin məqalələrinə söyüşlü şərh yazmaq əxlaqsızlıqdır.
Bu xasiyyətin kütləvi səciyyə daşıması isə artıq milli faciədir.