Загрузка...

1353958807_qanli-el_newsimg

Artıq 2014-cü il başa çatır. Bu il Azərbaycan üçün bir sıra hadisələrlə yadda qaldı. Təəssüf ki, hər il olduğu kimi başa vurmaq üzrə olduğumuz at ilində də ölkəmizdə dəhşətli qəzalar, onlarla insanın öldüyü cinayətlər, faciəli olaylar, qətllər baş verib. Bəzi faciələr insanların bir-birinə qəddarlığından baş verdiyi halda, digərləri ehtiyyatsızlıq ucbatından yaşanıb. 

Ehtiyyatsızlıqdan baş verən hadisələr nəticəsində bəzən bir ailənin bir neçə üzvü dünyasını dəyişib.

AzVision.az ilin ən dəhşətli faciələrinin xronikasını təqdim edir:

Goranboyda ailə qətliamı

2014-cü ilin ən dəhşətli hadisəsi bu ilin oktyabrın əvvəlində Goranboy rayonunda qeydə alınıb. Belə ki, oktyabrın 1-i səhər saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib. Hadisə zamanı Natiq Məmmədov və Günel Məmmədova yaralı halda xəstəxanaya çatdırılmışdı. Həkimlər onların həyatını xilas etdi. 

Hadisəni törədən R.Hüseynov könüllü olaraq Goranboy RPŞ-yə gələrək hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib. Bu hadisə ailə münaqişəsi zəmnində baş vermişdi.

Bacı bacının başını kəsdi



Oktyabr ayında daha bir dəhşətli qətl yeniyetmə qızın öz doğma bacısının başını kəsməsi oldu. Belə ki, Bakı şəhərində Xətai rayonu Xudu Məmmədov küçəsi 18 ünvanında əslən Şəkidən olan Pərvanə Nuriyeva 20 yaşlı bacısı Nuriyeva Günel Etibar qızının başını kəsərək onu qətlə yetirib. O istintaqa verdiyi ilkin ifadəsində, əvvəlcə bacısnın lesbian olduğunu, yatağına qızlar gətirdiyini götürmədiyini, sonra isə bədəninə cin girdiyini və ona bacısını öldürməyi əmr etdiyini deyib.

Nənə gəlinini və nəvəsini öldürdü

Dekabr ayının əvvəlində isə Bakıda qayınana gəlinini və 6 aylıq nəvəsini öldürdü. Bu hadisə də cəmiyyətdə xeyli ajiotaj doğurdu. Belə ki, hadisə Bakıda Zeytun bağları adlanan ərazidə kirayədə qalan 40 yaşlı Şərqiyyə Hüseynovaya məxsus evdə baş verib. Belə ki, Şərqiyyə Hüseynova birlikdə yaşadığı gəlini 20 yaşlı Elnarə Nəcəfova ilə mübahisə edib. Mübahisə fərdi yaşayış evinin həyətində olub. Qadın yerdən götürdüyü daş parçası ilə gəlini Elnarənin başına bir neçə zərbə vurub. Ağır kəllə beyin travması alan Elnarə Nəcəfova huşsuz vəziyyə yerə yıxılıb və yerindəcə ölüb. Bundan sonra hadisəni törədən Şərqiyə Hüseynova evə girərək nəvəsi yəni Elnarə Nəcəfovanın 6 aylıq qızı Emilyanı boğaraq onu da amansızlıqla qətlə yetirib. 

Hadisəni törətməkdə şübhəli bilinən Şərqiyyə Hüseynova saxlanılıb. Dindirmə zamanı qadın hadisəni mübahisə zamanı törətdiyini etiraf edib. 

Bir ailənin 5 üzvü yanaraq öldü



Dekabr ayında, daha dəqiq desək bir neçə gün öncə Sabirabad rayonunda baş vermiş yanğın bir ailənin tamamilə məhv olmasına səbəb oldu. Adıçəkilən rayonun Qaratuğay kəndində Rzayevlər ailəsində məxsus evin yanması nəticəsində ailənin ikisi qadın, üçü azyaşlı olmaqla beş üzvü yanaraq öldü. Hadisə səhər saat 6.30 radələrində baş verib. Məlumata görə, yanğın zamanı 1967-ci il təvəllüdlü Rzayeva Nəzakət Hüseynağa qızı, 1991-ci il təvəllüdlü Rzayeva Lamiyə Mahir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Mənsumə Zabil qızı, 2012-ci il təvəllüdlü Rzayeva Yağmur Zabil qızı və 2013-cü il təvəllüdlü Rzayeva Gülay Zabil qızının cəsədləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Xəzərin apardığı 5 uşaq…



Bu ilin avqust ayında 2 ailə dəhşət yaşadı. Belə ki, Bakı çimərliklərinin birində iki ailənin 5 uşağı eyni vaxta dənizdə boğulub. Xəzər rayonu Şimal DRESS qəsəbə sakinləri Aydan Fərziyeva, Hüseyn Fərziyev və Kamalə Əliyeva, İlgün Əliyev, Fariz Əliyev Şüvəlan çimərliyində dənizdə çimərkən boğulublar. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən meyitlər sudan çıxarılıb və ailələrinə təhvil verilib. 

Kür çayında batan bir ailənin 4 üzvü



Avqust ayında daha bir ailə “su faciəsi” yaşayıb. Kürün Qazax rayonu ərazisindən keçən hissəsində bir ailənin 4 üzvü çayda batdı. Belə ki, rayonun Çaylı kənd sakini Civişov Tofiq Xaləddin oğlu ailəsi ilə Kür sayının kənarına gedib. Onun oğlu, 1998-ci il təvəllüdlü Rafiq Civişov ehtiyatsızlıqdan çayda batıb. Anası, 1969-cu il təvəllüdlü Pərvanə Civişova onu xilas etmək üçün suya girib. Onun ardınca Tofiq Civişovun iki qızı, 1992-ci il təvəllüdlü Aytən Civişova və 1994-cü il təvəllüdlü Gülmirə Civişovada özlərini suya atıblar. Hər 4 şəxs Kür çayında batıb. Onları xilas etmək mümkün olmayıb.

İntihar edən yeniyetmə cütlük



Bu ilin may ayında Xaçmaz rayonunda iki yeniyetmənin meşədə intihar etməsi xeyli müzakirələrə yol açmışdı. Belə ki, intihar edənlər 10-cu sinif şagirdləri 22.08.1998-cil il təvəllüdlü Quliyev Vasif Yaşar oğlu və 27.05.1997-cil təvəllüdlü Tağıyeva Nərgiz Nurməmməd qızı idi. Gənclər sevgili olublar və ayrılmamaq üçün intihar ediblər: Hər ikisi 10-cu sinif şagirdləri olub və paralel siniflərdə oxuyublar. Qız ailəsinin istəyi ilə qohumu ilə nişanlanıb. Bundan sonra bir-birini sevən gənclər meşəyə gedərək orada intihar ediblər.

Toyu yasa çevirən qəza – 9 ölü



Bu ilin sentyabr ayında baş verən yol qəzası isə toyu yasa çevirdi. Göyçayın Şahsoltanlı kəndi ərazisində “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn “Mitsubishi Pajero” markalı minik maşını ilə toqquşub. Baş verən yol qəzasında “Mitsubishi Pajero” markalı minik maşının sürücüsü, Göyçay rayonu Potu kənd sakini Əsgərov Bəxtiyar Firudin oğlu ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Əsgərova Nahidə Seyfəddin qızı, atası 1936-cı il təvəllüdlü Əsgərov Firudin Ələkbər oğlu, anası 1938-ci il təvəllüdlü Əsgərova Lumu Kərim qızı aldığı ağır bədən xəsarətləri səbəbindən dünyasını dəyişib.

Həmçinin, Ağsudan Göyçayın Şahsoltanlı kəndinə toy mərasiminə gedən maşın karvanındakı “MerCedes” markalı minik avtomobilinin sürücüsü – Ağsu şəhər sakini, 1962-ci il təvəllüdlü Məmmədov Davud Məmməd oğlu, eləcə də sərnişinlər – Ağsu sakinləri, 1963-cü il təvəllüdlü Məmmədova Jalə Qubadəli qızı, 2014-cü il təvəllüdlü Bədəlova Mələk Rauf qızı, 1985-ci il təvəllüdlü Məhərrəmli Günel Veyis qızı, 2008-ci il təvəllüdlü Məhərrəmov Ramiz Rüstəm oğlu, 1990-cı il təvəllüdlü Bədəlova Gülay Davud qızı aldıqları ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.

Həyat yoldaşını, qayınanasını və özünü öldürdü



Ötən gün Lerikdə daha bir dəhşətli cinayət faktı qeydə alındı. Belə ki, Lerikdə doğulan, hazırda Sumqayıtda yaşayan 33 yaşlı Sürətov Cəmaləddin Cəbrayıl oğlu 25 yaşlı həyat yoldaşı Məhsəti Bağır qızı Sürətovanı və qaynanası, 54 yaşlı Əliyeva Leyla Rəcəb qızını ov tüfəngindən açdığı atəşlə öldürüb. Onlar hadisə yerindəcə keçinib. Həyat yoldaşı və qaynasını öldürən Cəmaləddin Sürətov bundan sonra atasının doğulduğu Peyzəküçə kəndinə gedərək evlərində həmin ov tüfəngi ilə özünə atəş açıb. O, hadisə yerindəcə keçinib. 

Hadisənin ailə-məişət zəminində baş verdiyi bildirilir. Belə ki, Məhsəti Sürətovanın bir neçə gün əvvəl əri ilə dalaşdığı, ata evinə getdiyi deyilir. Cəmaləddin Sürətov onların evinə gələrək həyat yoldaşını evinə qaytarmaq istəməsi ehtimal olunur ki, bu zaman da onlar arasında mübahisə yaranıb. Və sonluq belə bir faciə ilə nəticələnib.

İntihar edən ana və qızı



Bu ilin avqust ayında dəhşətli intihar hadisəsi baş verib. Xatırlayırsınızsa, həmin hadisə Bakı şəhərində Yeni Yasamal 2, ev 10 ünvanında qeydə alınmışdı. Bu ünvanda yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar edib. Onların intihar etməsinin səbəbləri ilk öncə məlum deyildi. Sonradan ananın bir neçə gün öncə itkin düşən qızına görə intihar etdiyi ehtimalları üstündə daha çox dayanıldı. Belə ki, iki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşmüşdü. 

Sonradan itkin düşən qız tapılaraq ailəsinə təhvil verildi.

İlin ən səs-küylü ölümü…



Bu ilin noyabr ayında Biləcəri qəsəbəsindəki “Vulkan” otelində qadının intihar etməsi də mətbuatda geniş yer aldı. Belə ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki “Vulkan” otelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılmışdı. Onun ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğma yolu ilə qətlə yetirmiş qohumu – Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulub. Qadını öldürən şəxs onun qohumu idi.

A.Şükürova ailəli olsa da, onun öz doğma əmisi oğlu ilə də münasibətləri olub. Ötən gecə “Vulkan” motelində hadisə baş verən zamanı da A.Şükürova orada əmisi oğlu ilə birlikdə olub. Onun əmisi oğlunun adı açıqlanmır. Məlumatda bildirilib ki, hadisə zamanı A.Şükürovanın yanında olan əmisi oğlu şübhəli şəxs qismində saxlanılıb. Hazırda onun A.Şükürovanın ölümündə nə dərəcədə iştirak edib-etmədiyi araşdırılır.

Qeyd edək ki, yuxardıda sadaladığımız hadisələrlə yanaşı il ərzində ölkə ərazisində onlarla insanın həyatına son qoyan olaylar yaşanıb.