Kürdəmirdə 16 yaşlı qız özünü öldürməyə cəhd edib. Hadisə bu gün saat 11:00 radələrində Kürdəmir şəhərinin Soltan Şıxəliyev küçəsində, dəmiryolu stansiyasının yaxınlığında yerləşən ərazidə baş verib. Rayon sakini, 1998-ci il təvəllüdlü Aynur Məhərrəmova telefon ötürücü dayağına çıxaraq intihar edəcəyini bildirib. Hadisə yerinə Kürdəmir Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər. İntihara cəhd edən qızla psixoloji söhbətlər aparılıb və o, fikrindən daşınıb.
Aynur bildirib ki, atası öləndən sonra anası ikinci dəfə ailə qurub. Qız isə nənəsi ilə yaşayır. Anası və nənəsi ilə yaranan söz-söhbət onu belə addım atmağa məcbur edib.
Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir şəhərində, 16 yaşlı qızın 35 metrlik işıqlandırma qülləsinə çıxması barədə məlumat daxil olub.
Yanğınsöndürən-xilasedicilər vətəndaşla müvafiq söhbətlər aparıb, yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısı alınıb.