“Əvvəl Ələt var idi, Gedib-gələ bilirdik. İndi Elit var, Gedib-gələ bilmirik”
(Fikrət Sadıq, “Ələt-Elit” şeiri)
Öncə epiqraf verdiyim şeirin doğrudan yazıldığına şübhə edən varsa, onlar görkəmli şairimiz Fikrət bəyin adını google-da axtarışa versinlər, bu qızıl misralar qarşılarına çıxacaqdır. Ümumiyyətlə, Fikrət Sadıqın belə maraqlı xırda şeirləri çoxdur. Birini də yazım, sonra poeziya dəqiqələrini bitirərik:
“Üç cür olur zurnaçılar
Biri elə çalır,
Biri belə çalır
Biri də elə-belə çalır”.
Poeziyaya üz tutmağımızın səbəbi isə ordakı Ələt qəsəbəsinin söhbətidir. Yəqin Bakıdan üzü cənuba çıxarkən yolüstü yerləşən bu kiçik yaşayış məntəqəsini hamınız uzaqdan da olsa görmüsünüz. Ələt həm də dəmiryolu qovşağıdır. Əhalisi 2011 siyahıyalınmasına görə 10 min nəfərdən bir az çoxdur.
Dəmiryolu demişkən, çoxdan yazdığım maraqlı bir tarixi faktı yenidən xatırlatmaq istərdim. Dünya şöhrətli yazıçı Mixail Bulqakovun Ələt haqda yazdığını bilirdinizmi? Doğrudur, bu bir növ Çexovun “Sevinc” hekayəsində at arabasının altına düşən, bu haqda qəzetdə çıxan yazıya sevinən Mitya Kuldarovun əhvalatı kimi bir şeydir, ancaq bizim üçün fəxrdir ki, hər halda Bulqakov kimi nəhəng yazıçı Ələtin adını çəkib. Əgər Mədəniyyət və Turizm Nazirliyimizin, yaxud Dəmiryolu İdarəsinin azacıq ağıllı işçiləri varsa bu faktı Ələtdə bir yerə xatirə lövhəsi kimi yazıb vurmalıdırlar.
Fakt isə belədir ki, ötən əsrin 20-ci illərində Bulqakov bolşeviklərin dəmiryolçular üçün buraxdığı qəzetlərdən birində qısa felyetonlar, xırda qeydlər yazmaqla birtəhər başını dolandırırmış. Həmin qəzetin nömrələrindən birində Bulqakov Zaqafqaziya dəmir yolunun Ələt stansiyasında hamamın yoxluğunu tənqid eləmişdir.
Düzü, bilmirəm indi Ələtdə hamam var, ya yox, dəmiryolçular çimmək üçün dənizə gedirlər, yoxsa Ziya Məmmədovun delfin saxladığı hovuza – hər halda Ələt o günlərdən bəri çox dəyişmişdir. O cümlədən, Fikrət Sadığın yuxarıda sitat verdiyimiz şeiri də yazıldığı 2006-cı ildən bəri köhnəlibdir, artıq aktual deyildir. Çünki daha Bakının məşhur “Elit” alış-veriş mərkəzi arxivə getmişdir, indi orda bayquşlar ulayır. Fikrət bəy indi istəsə “Elit”ə gedib boş salonlarda futbol oynaya bilər. Ələtə isə ola bilsin gedə bilməyəcəkdir. Ortada iş var.
Srağagün qəzetlər-filanlar yazıblar ki, yapist yoldaşların təzə meqaproyekti (kasıb itinin adını Gümüş qoyduğu kimi bizdə də hərə it damı tikəndə onun adını meqaproyekt qoyur) vardır, bu proyekt isə Ələtdə yeni paytaxt salınmasından ibarətdir.
Guya hökumət Ələtdəki boş düzlərdə yeni şəhər salacaq, nazirliklər-zadlar ora köçürdüləcək, Bakının yükü azalacaq, bağ belə bostan belə… Neftin qiymətinin düşdüyü, hökumətin xalqın toqqasını deşdiyi bu günlərdə belə fantaziyalar, nağıllar lazımdır. Bunu anlayırıq. Amma Ələt paytaxt yeri kimi Bakıya çox yaxındır. Camaat Bakı-Ələt yolunun qırağında qanunsuz evlər tikə-tikə uzağı 3-4 ilə Ələti Bakıya birləşdirəcək, bu proyektin bir mənası olmayacaqdır. Təzə paytaxtı o zaman Hacıqabula köçürtmək lazım gələcəkdir. Bir neçə milyard manat ayırıb bir müddət də bu saqqızı çeynəyib çürüdərik.
Daha sonra Hacıqabul Ələtə birləşəcək, onda paytaxtı Kürdəmirin Şilyan kəndinə köçürdərik.
Necə gözəl proyektlərdir… İnsan qürurlanır ki, nə yaxşı onun belə hakimiyyəti var, bütün ölkəni paytaxta çevirmək üzərində baş sındırırlar. Xarici dövlətlərin zor-bəla bir paytaxtı var, misal üçün, fransızlar Parisə, ruslar Moskvaya, ingilislər Londona yığışırlar, darısqallıqdan ürəkləri sıxılır. Bizim isə Bakı, Ələt, Hacıqabul, Şilyan, Qəbələ, Gəncə, Nehrəm kimi onlarla paytaxtımız var!