Yapistlərin bütün işlərinin quru reklamdan, bər-bəzəkdən ibarət olduğunu bilirik. “Çölü bəzək, içi təzək” ata sözü tam olaraq bu rejim haqda deyilmişdir. Belə oyunbazlıqlardan, saxta fəaliyyətdən biri də alternativ enerji siyasətindədir.
Hakimiyyət nümayəndələri hər zaman xüsusi vurğulayırlar ki, guya bizim iqtisadiyyatın, o cümlədən energetika sektorunun neftdən asılı olması müvəqqətidir, biz alternativ, bərpa edilən enerji mənbələrinin inkişafı uğrunda çalışırıq və sairə. Abşeronun küləyi, çöllərimizin Günəşi elektrik istehsalı üçün böyük imkanlar açır. Zibil emalından da enerji alırıq. Təzəkdən yalan olmasın, adaptor qayıracağıq. Nə bilim, bağ belə, bostan belə…
İnsafən, Bakı ətrafında bir neçə yerdə alternativ enerji qurğuları düzəldiblər. Bunları görməmək mümkün də deyil, sanki qəsdən, fors üçün yol qırağında quraşdırılan külək pərləri və Günəş panelləri vardır. Bakıdan şimal istiqamətinə gedən yolların qırağında. Ancaq nə məsələdirsə bu “yel dəyirmanları” adətən fırlanmırlar. Bu yay mən onlardan birinin asta-asta fırlandığını görüb çox sevinmişdim, Beşbarmaq pirinə çatanda nəzir vermişdim.
Qobustan rayonunda quraşdırılan Günəş enerjisi panellərinə isə hətta Bakıdan məktəbliləri ekskursiyaya aparırlar. Guya bu, qədim bir abidə-zaddır, misal üçün, Şirvanşah İbrahimin ət qızartdığı ocaqdır.
Uzun sözün qısası, mən həmişə fikirləşirdim ki, görəsən bu panel-manel yığını, yelqovanlar nə işə yarayır, real bir xeyri varmı, yoxsa elə bunlar da Binəqədi rayon icra hakimi Xaləddin müəllimin düzəltdiyi süni Comolunqma dağı kimi bir şeydir, göstərmədir. Tərslikdən həmin mənbələrin illik enerji istehsalı rəqəmləri də açıqlanmırdı, sanki N saylı hərbi hissənin neçə əsgərinin Çaylı kəndində vurulması haqda məlumat idi. Nəhayət bu il Dövlət Statistika Komitəsi alternativ və bərpa olunan enerji istehsalının 2013-cü ildəki vəziyyətini açıqlayıb. Caspianbarrel.org saytı bu məlumatı çox yaxşı şəkildə analiz edib, ortaya çıxan mənzərə yumşaq desək, faciəvidir.
Keçən il külək stansiyalarında 800 min kilovatt-saat elektrik enerjisi istehsal olunubmuş. Elə bu qədər enerji də Günəş panellərindən alınıb. 134 milyon kilovatt isə zibil zavodundan gəlib. 2013-cü ildə Azərbaycanın cəmi elektrik enerjisi istehsalının 23,3 milyard kilovatt-saat olduğunu nəzərə alanda, alternativ enerjinin ölkənin ümumi enerji balansında payı… 0,007 faiz imiş!
Sayt yazır ki, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılmasından 5 il keçir, bu illər ərzində hökumətin açıqladığı rəqəmlərə görə alternativ enerjiyə qoyulan dövlət sərmayəsi 400 milyon manata yaxın olub!
Ancaq gördüyümüz kimi, yarım milyarda yaxın pul sıfır tam mində yeddi faiz enerji veribmiş. Sayt ironik bir sual qoyur: “Maraqlıdır, alternativ enerjinin ölkənin ümumi enerji balansında payının 1%-ə çıxması üçün nə qədər vəsaitin xərclənməsi gərək olacaq və zaman keçəcək?”.
Yaxşı sualdır. Ancaq başqa bir sual bizi həmin 400 milyon manatın israfına yönəldir. Doğrudanmı həmin fırlanğıc və güzgülərə bu qədər pul xərclənib? 400 milyon “ətə” verilibsə, ət hanı, pişiyə verilibsə pişik niyə gizlənir? Belə çıxır ki, hakimiyyət mənsubları dövlət büdcəsindən bu “enerji sirki” üçün ayrılan pulları da basıb yeyiblər, camaata isə həmişəki kimi şirniquş və popkorn qalmışdır.
Sormağa davam. Hər iki tərəf üçün. Mən yuxarıda azca yazdım, hesab edirəm ki, təzək materialı üzərində mobil telefon akkumulyatorlarının istehsalına 200-300 milyon ayırıb yemək planı pis deyil. Məktəbliləri inəklərə baxmağa aparmaqla həmçinin onlarda təbiət sevgisi aşılanar.