Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları davam etdirilib. İkinci oyun günündə iki qarşılaşma baş tutub. “Barselona” “Mançester Siti”ni qəbul edib. Mançesterdə baş tutan ilk oyunda 2:0 hesablı qələbə qazanan “Barselona” “Nou Kamp”da da rəqibinə şans verməyib – 2:1. Hesabı 67-ci dəqiqədə Lionel Messi açıb. 78-ci dəqiqədə Pablo Zabaleta ikinci sarı vərəqəni alaraq “Mançester Siti”ni azlıqda qoyub. Say azlığına baxmayaraq İngiltərə klubu 89-cu dəqiqədə Vinsent Kompaninin qolu ilə bərabərliyi təmin edib. Lakin Dani Alveş 2 dəqiqə sonra “Barselona”nın qələbə qolunu vurub.
Günün digər oyununda isə PSJ “Bayer”i qəbul edib. Leverkuzendə keçirilən ilk oyunda 4:0 hesablı qələbə qazanan Paris klubu “Park de Prins” stadionunda da rəqibini sevindirməyib – 2:1. Hesabı 1-cı dəqiqədə qonaqlardan Sidney Sam açıb. Cəmi 7 dəqiqə sonra Markinyos bərabərliyi təmin edib. 63-cü dəqiqədə Lavezzi PSJ-nin qələbə qoluna imza atıb. 68-ci dəqiqədə Emre Can ikinci sarı vərəqəni alaraq “Bayer”i azlıqda qoyub.