Mart ayı öz adını qədim romalıların savaş tanrısı Marsın adından götürüb, ona görə də bu ayda həyat uğrunda savaş hər bir camaat üçün təbiidir. Üstəlik yazın gəlişi, təbiətin oyanmağa başlaması da işləməyi, əməyi zəruri edir. Yalnız bizdən başqa. Biz bəlkə dünyada yeganə camaatıq ki, təbii ilin başlanmasını iş-güclə, hərəkətlə deyil, yatmaqla, işsizliklə, evdə oturmaqla bayram edirik. Mart ayının 31 günündən yalan olmasın 20-si hər il qeyri-iş günü elan edilir. Savaş tanrısının adını daşıyan ayda hərəkətsizlik bəlkə də bizim üçün simvolikdir – ən azından respublikanın qərb tərəfinə baxanda bunun mənası anlaşılır.
Uzun sözün qısası, son iki gündə qəzetimiz çıxmadı, ancaq həyat öz yolundan qalmır, arada müəyyən fövqəladə, kainatın gedişatını dəyişən hadisələr baş vermişdir. Bunlardan ilk növbədə qeyd etməliyik prezidentin sərəncamı ilə martın 7-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin adının dəyişdirilib Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qoyulmasını. Möhtəşəm islahatdır.
Əgər zəhmətkeşlərimizin yadına gəlirsə, bu nazirliyin adı lap qabaqlar sadəcə Rabitə Nazirliyi idi. Elə ki bunun adına İnformasiya Texnologiyaları əlavə edilmişdi, bundan sonra nazirlik dünyada informasiya texnologiyaları sahəsində də sıçrayış yaratdı. Bəlkə də çox adam bilmir, Stiv Cobsun ölümünə bizim nazirlik səbəb olub. İnformasiya casusları ona çatdırıblar ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni model “Qarpız 5″ smartfonu buraxmağa hazırlaşır, bu anda ”Apple”nin qurucusunu infarkt vurub.
Dünya şöhrətli poçt daşımaları şirkətləri olan UPS və DHL isə bizim RİTN-in Əhmədlidən Biləcəriyə məktubu altı aya daşıyaraq sürət rekordu vurmasından sonra birjada iflasa uğradıqlarını elan etdilər.
Bəs indi bu nazirliyin yüksək texnologiyalar sahəsində hansı planları gözlənilir? Biz deyə bilmərik. Çünki bunlar çox yüksək texnologiyalar olacaq, bəlkə heç boyumuz çatıb görmədik. Ad qoymuşkən, bunu “Yüksək, Brilyant, Qızıl və Gümüş Texnologiyalar Nazirliyi” qoymaq olardı. Kasıbçılığı gizlətmək üçün kənd yerində itə adətən belə adlar qoyurlar. Qürurlu olmalıyıq.
Elə tətil günlərində Bakı küçələrindən birində deşilən dizel yanacağı kəmərinin ətrafına toplaşan zəhmətkeşlərimiz də yüksək məğrurluq nümayiş etdirərək əllərinə keçən qabları doldurub qaçırdılar. Qınamaq da olmaz, adamlar neftin xeyrini görməyiblər, heç olmazsa bu yolla, təsadüf nəticəsində (dindarlar demişkən, qismət yoluyla) bir az yanacaq əldə ediblər. Halbuki küçəyə dağılmış o yanacaq çox təhlükəli idi, hər an yanıb partlaya bilərdi, camaatı qırardı.
Ancaq adamlar dövlətimizin yüksək iqtisadi inkişafı sayəsində bundan qorxmadılar, küçədən dizel daşıdılar. Qabaqlar mən bənzər səhnəni Nigeriyadan-filandan reportajlarda görmüşdüm. Nə yaxşı ölmədik, Azərbaycanın Nigeriyaya çatdığı günü gördük. Buna görə məqsədyönlü siyasəti üçün möhtərəm dövlət başçısına dərin minnətdarlığımızı bildiririk. Hər an Kürdəxanı zindanına girməyə hazırıq! Qoy millətdə ruh yaşasın! Ya Qarabağ, Ya Virgin adaları, başqa yolu yox artıq! İmkan olsa yolüstü Xocalıya da ədalət!
Yeri gəlmişkən, mən dizel yanacağı dağılan məkanın adında da tarixi ənənələrimizə sadiqlik gördüm: Xətai rayonu, Nobel prospekti. Bəh-bəh… Necə gözəldir, harmonikdir… Şah İsmayıl Xətaidən gələn dövlətçilik ənənələrimiz, bu mövzuda Ramiz Mehdiyevin yazdığı tarixi romanlar, Nobel qardaşlarının Bakı nefti üçün səyahəti yada düşür, qəlbimiz rövnəqlənir, sanki Rövnəq Abdullayevə çevrilirik.
Yazını elə bu xoş ovqatla da bitirirəm.