AMEA-da alimlərin “akademik talan”ı
Prezidentin Nəsimi adına Dilçilik İnstitutuna ayırdığı 2 milyon manat kimlər tərəfindən və necə mənimsənilib; institutun əməkdaşları böyük yeyinti ilə bağlı sensasion faktlar açıqladılar
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dövlətin milyonlarının necə mənimsənilməsi ilə bağlı şok məlumatlar almışıq. Bu barədə “Yeni Müsavat”a məlumat verən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun bir qrup əməkdaşı bildirib ki, bir müddət əvvəl prezidentin sərəncamı ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi məqsədilə iki milyon manat ayrılıb.
Məlumatda bildirilir ki, dövlətin ayırdığı bu pulun hara və necə xərclənməsi ilə heç bir dövlət qurumu maraqlanmır. Buna görə də prezident sərəncamı ilə ayrılan milyonlar talanır: “Son olaraq ayrılan 2 milyon manat Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsinə deyil, institutun direktor əvəzi Fəxrəddin Veysəllinin xaricdə yaşayan oğlunun, ingilis kürəkəninin, eləcə də onun özünün və akademiyanın Rəyasət Heyətindəki səlahiyyətli havadarlarının maddi durumunun genişləndirilməsinə sərf olunub.
Fəxrəddin Veysəlli birinin qiyməti, guya təxminən 1700 manat olan coxlu LC (Seleron) kompüteri alıb. Həmin kompüterlərin qiyməti əslində təxminən 300 manatdır.
Fəxrəddin Veysəlli qiyməti guya 2500 manat olan 20 ədəd noutbuk alıb. Ən zəif, istehsalı artıq dayandırılmış, köhnəlmiş “Compaq” noutbuklarının təxmini qiyməti 299 dollardır.
Fəxrəddin Veysəlli qiyməti guya 1000 manat olan 10 ədəd musiqi mərkəzi alıb. Onların real qiyməti 200 manatdan cox deyil. Digər tərəfdən, Nəsimi adına Dilçilik İnstitutuna 10 ədəd musiqi mərkəzi lazım idimi?.
Axı Dilçilik İnstitutu kafe, pivə barı, əyləncə mərkəzi deyil, elmi-tədqiqat müəssisəsidir”.
Məlumatda həmçinin qeyd edilir ki, institut üçün çox baha qiymətə alınan tərcümə qurğuları başqa təşkilatın balansına keçirilib. Həmin avadanlıqların təxmini qiymətinin 1 milyon manat olduğu iddia edilir. İnstitutun əməkdaşları rəhbərlikdən 1 milyon manatlıq avadanlığın niyə başqa bir təşkilatın balansına keçirilməsinin səbəbini soruşurlar.
Ayrılan 2 milyon manat talan edildiyindən bu məbləğin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsinə heç bir xeyri olmadığı xüsusi vurğulanır. O da qeyd edilir ki, alınmış noutbook, kompüter, musiqi mərkəzi, tərcümə qurğuları və sair avadanlıqların heç birisinin pasportu, zəmanət kağızı, digər zəruri sənədləri yoxdur: “Onlar haradasa, bəlkə də Avropa ölkələrinin birində istifadə olunmuş və sonradan hesabdan silinmiş köhnə avadanlıqlardır. Onları şişirdilmiş qiymətlərlə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna ”sırımaq” cinayətdir. İnstitutun rəhbərliyinin nəşriyyat xərcləri ilə bağlı fırıldaqları da heç bir əndazəyə sığmır və xüsusi təhqiqat tələb edir.
Fəxrəddin Veysəlli və onun AMEA Rəyasət Heyətindəki havadarlarının ana dilimizin inkişafı üçün ayrılmış bu qədər vəsaiti mənimsəməsi ilə bağlı araşdırmalar aparılmalı və günahkarlar cəzalandırılmalıdır”.
İnstitutun əməkdaşları AMEA-dakı milyonlarla manatlıq maxinasiyalarla bağlı başqa faktların da olduğunu və onları həm ictimailəşdirəcəklərini, həm də bu mənimsəmələrlə bağlı prezidentə müraciət ediləcəyini bildiriblər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
musavat.com