Medianews.az
Mövsümi müxalifətçilərin haqlı tənqidləri
149 baxış

Mövsümi müxalifətçilərin haqlı tənqidləri

img1830847 Burası birmənalıdır: ölkəmizin parlamentində nə müxalifət fraksiyası var, nə də heç olmasa bircə nəfər müxalifətçi. Söhbət əsl, gerçək müxalifətçilərdən gedir. 98 il öncə bu günlərdə yaradılan ilk Azərbaycan parlamentində isə 11 müxalifət fraksiyası varmış. Üstündən bir əsr keçəndən sonra parlamentimizdə cəmi bir fraksiya var, bu, hakim partiyanın – YAP-ın fraksiyasıdır. Bir də bəzi partiyaların hərəsindən bir nəfər təmsil olunur. Ancaq onların da müxalif olub-olmamaları, yumşaq desək, mübahisə mövzusudur. Hakimiyyət üçün prinsipial, əhəmiyyətli məsələlərdə bu parlamentdə heç kim sola gedərək solo çıxış etməz. Hamı necə, onlar da eləcə. Ancaq bəzən elə məsələlər olur ki, parlamentdə çıxış edən deputatların ritorikası müxalifət liderlərinin çıxışlarından fərqlənmir. Başqa sözlə, əgər ənənəvi, klassik müxalifət partiyalarının nümayəndələri parlamentdə təmsil olunsaydılar, MM-in indiki monoton heyətində olanlar kimi danışardılar. MM-dən bu cür polifonik səslər bir qayda olaraq büdcə layihələrinin müzakirəsi zamanı olur. Bu da təsadüfi deyil, ortada pul-para bölgüsü var. Pul bölüşdürülməsi olan yerdə isə ənənəvi müxalifət-iqtidar cəbhələşməsi arxa plana keçir, deputatlar nəinki partiyalara, fraksiyalara, qruplara ayrılır, hətta bir partiyanın üzvü olan iki şəxsin toqquşması da mümkündür. Hazırda bir sıra deputatların parlamentdə səsləndirdiyi cürətli və müxalif mövqeli çıxışlara bu prizmadan baxmaq lazımdır. Əlbəttə, bu çıxışlara “icazəli cəsarət” adı qoymaq da olar, amma həqiqət bundan ibarətdir ki, müxalifətçilər kimi çıxış edən deputatlar həqiqəti deyirlər, seçicilərinin ürəyindən keçənləri dilə gətirirlər. Məsələn, Qubadan seçilmiş Yevda Abramov aşağıda iqtibas etdiyimiz sözləri deyərkən çox haqlıdır: “Əl çəkmək lazımdır bu korrupsiyadan... İnsanın nə qədər villası olar? Dağda ev, bağda ev, dəniz qırağında ev... Mən Qonaqkənddə oldum, nə qədər qoyun sürülərin qışlağa gedir. Mən soruşdum, kimindir, burada demək istəmirəm”. Deyilənə görə, Yevda Abramov özü oliqarxlaşmış deputat-biznesmenlərdən deyil. Məhz buna görə o, bu cür danışa bilir, dilini gödək eləyən mətləblər olsaydı, danışa bilməzdi. Bircə ona təəssüf ki, Abramov dağda, bağda, dəniz qırağında villaları olan, Qonaqkənddən qışlağa gedən qoyun sürülərinin sahibi olan məmur-biznesmen(lər)in adını çəkməyib. Parlament salonunda deməsə də, o, mediaya ünvan göstərsəydi, daha faydalı olardı. Fazil Mustafa inhisarçılıqdan və Rəqabət Məcəlləsinin hələ də qəbul edilməməsi üzündən ölkədə sağlam rəqabətin olmamasının problemə çevrilməsindən danışarkən haqlıdır. Gerçəkdən də bu ölkənin ən böyük problemlərinin sıralamasında inhisarçılıq ilk beşliyə girəcək qədər böyüyüb. Bunu iş adamları və sıravi insanlarla yanaşı, artıq deputatlar da deyir. İqtidar deputatı Tahir Rzayev “israfçılığın qarşısını almaq lazımdır” deyərkən haqlıdır, yəqin ki, o, özü dediyi kimi, “bahalı maşınlar alanlar”dan, “özlərinə xeyli sayda köməkçilər saxlayanlar”dan deyil. Qüdrət Həsənquliyev də düz deyir, əgər o, hökumətin hansısa addımını təqdir edibsə, bu o demək deyil ki, daha onu tənqid etməməlidir. İndi kimsə hazırda və yaxın gələcəkdə bəzi deputatların hökumətin ünvanına səsləndirdiyi tənqidləri səmimi hesab etməyə bilər, ancaq gerçəklik bundan ibarətdir ki, onların dediklərində böyük həqiqət payı var. Onları cəsarətli edən əsas məqam odur ki, dilə gətirdikləri tənqidi fikirlər birbaşa hakimiyyət rəhbərlərinə ünvanlanmayıb. İkinci eşelondan olan vəzifə sahiblərini tənqid etmək asandır. Ancaq səslənən tənqidlərin şəxsiləşdirilməsi, ünvanların konkretləşdirilməsi ikinci dərəcəli məsələdir, əsas məsələ odur ki, bu deputatlar ölkədə insanları narahat edən, iqtisadiyyata tormoz olan problemləri diqqətə çatdırırlar. Eyni problemlər müxalifətçilərin dilindən sadalandıqda, hakimiyyət təbliğatçıları bunu “hər şeyi qara görən müxalifətçilərin qərəzli fikirləri” kimi qələmə verə bilirlərsə, iqtidarın payladığı mandatlara sahib olan adamların analoji fikrinə bir söz deyə bilmirlər. Ona görə də qoy real müxalifət olmayan parlamentdə heç olmasa mövsümdən mövsümə müxalifətçilik edənlər danışsın. Yoxsa MM-də sükut qulaq deşər.

Bizə qoşulun