Avropa Birliyinin enerjidaşıyıcılarına tələbatı artdıqca və xüsusilə də təbii qaz alışlarında yaranmış boşluqların aradan qaldırılması ilə bağlı yollar arandıqca Azərbaycanın təşəbbüsü olan “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsi sayılan Transanadolu qaz boru kəməri (TANAP) marşrutunun önəmi ilə aktuallığı böyüyür.
Halbuki Bakı bu layihəni gündəmə gətirəndə, sonra da Türkiyənin dəstəyini alanda Avropa Birliyi laqeyd davranmışdı və faktiki olaraq ötən ilin sonlarınadək heç nə etməmişdi.
Rusiyanın “Türk Axını” layihəsi Avropa Birliyinin “uğurla dəfn etdiyi” digər marşrut – “Nabucco”nun rəqibi sayılırdı. Lakin Ukraynadakı məlum hadisələrdən sonra Rusiyaya qarşı ABŞ və Avropa Birliyinin sərt sanksiyalar tətbiq etməsi, hazırda bu sanksiyaların yumşaldılmaq əvəzinə daha yarım il müddətinə artırılması Moskvanın avropalılara satdığı “mavi yanacağın” həcmini artırmaqla bağlı niyyətlərinin gerçəkləşməsini çətinləşdirir.
Bir zamanlar “Nabucco”ya hücumlar edərək bu layihənin “dəfn”inə can atan Rusiya indi Avropa Birliyinin sərt reaksiyası, intiqamı daha çox xatırladan mövqeləri ilə üzləşib.
“Qazprom”un Avropadakı şaxələnmiş infrastrukturunun mövcud formada qalacağı təqdirdə müəyyən müddətdən sonra Rusiyanın təbii qaz satışlarından siyasi təzyiq vasitəsi qismində istifadə etməyə can atacağını anlayan Avropa Birliyi alternativ marşrutlara üstünlük verir.
Həmin marşrutlar arasında “Cənub Qaz Dəhlizi” ilə bu layihənin tərkib hissələri olan TAP və TANAP xüsusi yer tutur.
Məhz bu səbəbdən də Avropa Birliyi Azərbaycan və Türkiyə ilə təmasları intensivləşdirib, əlaqələrin inkişafının sürətləndirilməsində maraqlı olduğunu bildirib.
Bu gün
Türkiyənin Qars vilayətində TANAP-ın bünövrəsi qoyulacaq.
TANAP və ya Transanadolu qaz boru kəməri Türkiyənin Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanakkale və Tekirdağ vilayətlərindən keçərək Ədirnədə TAP boru kəməri ilə birləşməlidir.
Göründüyü kimi, TANAP Avropa Birliyini “Qazprom”un “qaz əsarəti”ndən qurtararaq əlavə “mavi yanacaq”la təmin etməklə yanaşı, Türkiyənin sözügedən vilayətlərinin təbii qaz təminatını da keyfiyyətcə yeni səviyyəyə qaldıracaq.
BP korporasiyasının da səhmdarlar arasında pay aldığı TANAP layihəsində BOTAŞ-ın iştirakı əslində Ankaranın “Qazprom”a verdiyi ismarıc da sayıla bilər. Axı Rusiyanın “Türk axını” layihəsində yer almamış BOTAŞ indi TANAP vasitəsilə yeni, daha perspektiv marşrutun tikintisində iştirak edərək gəlirlərini artırmaqla yanaşı, yeni regional layihə vasitəsilə bölgə ölkələrinin fərqli marşrutlarına qatılmaq şansları əldə edir.
Yanlış anlayışlarla nə etməli?
Rusiya ilə həyata keçirilməsi nəzərdə tutulan “Türk axını” qaz boru kəməri layihəsi heç bir halda TANAP-a rəqib ola bilməz. Bu sözləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun bildirib.
Hazırda “Türk axını” layihəsinin reallaşdırılmasının fiziki və maliyyə baxımından mümkün olub-olmaması ilə bağlı tərəflər arasında danışıqlar aparılır. Səfir deyib ki, “Türk axını” layihəsi Azərbaycanda çox diqqətlə izlənilir və bu da normaldır: “Lakin bəzi yanlış anlayışlar meydana gəldi və bunlar da aradan qaldırılmalıdır”.
Onun sözlərinə görə, Türkiyənin energetika nazirinin Azərbaycana səfəri zamanı Azərbaycan Prezidentinə və ölkə ictimaiyyətinə bu barədə açıqlamalar verildi: “Bunu bilmək lazımdır ki, TANAP Türkiyənin də ortaq olduğu bir layihədir. Yəni Türkiyə “Şahdəniz” layihəsində BP-dən sonra ikinci ən böyük ortaqdır. Digər tərəfdən, TANAP layihəsində BOTAŞ-ın payı artıb, yəni Türkiyə TANAP layihəsində SOCAR-dan sonra ikinci əsas ortaqdır. Bu baxımdan TANAP-ı hər hansı başqa layihə ilə müqayisə etmək doğru olmaz” (Trend).
İ.A.Coşqun hesab edir ki, TANAP Türkiyənin siyasi və iqtisadi olaraq bütün potensialını ortaya qoyduğu və Ankaranın sahib çıxdığı bir layihədir.
Səfir qeyd edib ki, bu il martın 17-də Qarsda TANAP layihəsinin təməlqoyma mərasimi keçiriləcək: “Bütün bunlarla yanaşı, TANAP önəm verdiyimiz, işlərin nəzərdə tutulduğundan daha sürətlə irəlilədiyi bir layihədir və “Türk axını” TANAP-ın reallaşmasına mənfi təsir göstərə bilməz”.
Diplomat deyib ki, “Türk axını” Rusiyanın Türkiyəyə təqdim etdiyi bir layihədir və bu məsələdə BOTAŞ ilə “Qazprom” arasında gedən danışıqlara əsasən, Türkiyə Rusiyaya bildirib ki, Rusiya tərəfi boru xəttini Qara dəniz vasitəsilə Türkiyəyə çatdırsın: “Danışıqlar əsnasında Rusiyaya bildirilib ki, layihənin Türkiyə torpaqlarına çatacağı andan etibarən Türkiyə sizinlə ortaq şirkət quracaq. Lakin Qara dəniz vasitəsilə boru xəttinin Türkiyəyə çatdırılması tam olaraq Rusiyanın üzərinə düşən məsələdir. Nə iqtisadi, nə də hər hansı başqa yöndən Türkiyə bu işə müdaxilə etmir”.
O, əlavə edib ki, “Türk axını” ilə Türkiyəyə dörd borunun çəkilməsi nəzərdə tutulur. Bunlardan biri Türkiyənin Rusiyadan aldığı qaz üçün, digər üç xətt isə Avropa bazarları üçün nəzərdə tutulub.
Siyasi dəstəyə ehtiyacımız var
Azərbaycanın energetika naziri Natiq Əliyev isə “New Europe” nəşrinə müsahibəsində bildirib ki, “Cənub Qaz Dəhlizi” təkcə Azərbaycanın deyil, həm də qlobal layihədir.
O, qeyd edib: “Buna görə də regionda sülh əldə etməliyik. Hər bir səviyyədə əməkdaşlıq və dəstəyə ehtiyac var. Biz bütün maliyyə resurslarına malikik və siyasi dəstəyə ehtiyacımız var”.
N.Əliyev bildirib ki, “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması plan üzrə gedir: “Şahdəniz” qaz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində 26 quyudan 8-i artıq qazılıb və bu il 9-nun qazılmasına başlayacağıq. Əminəm ki, Azərbaycanın ilk qazı Avropaya çatanda bütün quyular qazılacaq”.
Nazirin sözlərinə görə, layihənin reallaşdırılmasında yaranan bütün məsələlər həll edilə bilən kateqoriyasına aiddir: “Azərbaycanda bütün potensial iqtisadi, maliyyə və fiskal problemləri həll etməyə hesablanmış işin yoxlanılması üzrə Dövlət Komissiyası təsis edilib. Gürcüstanda Cənub Qafqaz boru kəmərinin genişləndirilməsi üçün torpaqların əldə edilməsi üzrə bir sıra məsələlər var. TANAP üzrə heç bir real problem yoxdur, çünki Türkiyə ilə yaxşı əlaqələr qurulub. Yunanıstanla problemin olacağını isə düşünmürəm”.
Rusiya sensasiyası
Bu arada Moskva TANAP-la bağlı mövqelərində köklü dəyişiklikləri istisna etmir.
Rusiyanın Milli Enerji Təhlükəsizliyi Agentliyinin (FNEB) sədr müavini Aleksey Qrivaç ötən ilin sonlarındakı açıqlamasını təkrarlayan məzmunda çıxış edib.
Onun sözlərinə görə, Azərbaycanın təbii qazını Türkiyə ərazisindən keçirməklə Avropa Birliyinə çıxaracaq “Cənub Qaz Dəhlizi”nin TANAP marşrutuna Rusiya da qatıla bilər.
“Bu marşrutu tənqid etmək niyyətindən çox uzağam. Tam əksinə, Rusiyanın “Qazprom” konserni “Cənub axını” marşrutu ilə Avropa Birliyinə çıxarmağa hazırlaşdığı təbii qazı TANAP-la nəql edə bilər. Avropa Birliyinin də iqtisadi, maliyyə və siyasi dəstəyini almış TANAP ildə 30 milyard kubmetr təbii qazın nəqlinə hesablanıb. Lakin Azərbaycanın ildə 15 milyard kubmetrdən artıq təbii qaz verə biləcəyini düşünmürəm. Ona görə də “Qazprom” boru kəmərinin ötürmə həcminin yerdə qalan hissəsinə bel bağlaya bilər. Bununla belə, aktiv olmalıyıq. Qərbin Rusiyaya qarşı tutduğu mövqeni nəzərə alsaq, Avropa Birliyindən nə desən, gözləmək olar”, – A.Qrivaç söyləyib.
Rusiyanın yaxın vaxtlarda TANAP-a qatılması real təsir bağışlamasa da, perspektivdə bu marşrutda “Qazprom”un da iştirakçı olacağı şübhə doğurmur, çünki təbii qaz təminatında Rusiyadan asılı durumundan qurtulmaqda qərarlı olan Avropa Birliyinin Moskvanın yeni layihələri ilə asanlıqla razılaşması sadəcə, mümkün deyil. Belə vəziyyətdə Avropaya alternativ çıxış yolları arayan “Qazprom” Bakı ilə yeni danışıqlara başlamaq və “Cənub Qaz Dəhlizi” layihəsinə qatılmaq məcburiyyətində qalacaq.
Ekspertlərin fikrincə, “Qazprom”un mövqeyində labüd dəyişikliklər sensasiya sayıla bilər: axı indiyədək Moskva əvvəl “Cənub Axını”, sonra da “Türk Axını” layihələrinin alternativlərinin olmadığını, Bakının təbii qazın Avropa Birliyinə nəqlinə yönəlmiş yeni marşrutların reallaşdırılması layihələrinin perspektivsiz sayıldığını israrla vurğulayırdı.
Zaman və situasiya dəyişdikcə Avropada “Qazprom”un mövqeləri zəifləməyə başlayıb və Rusiya qitənin energetika bazarında güclü oyunçu mövqelərini itirməmək üçün Azərbaycanla müzakirələrə hazırlaşır.
Mövcud situasiyada Rusiyanın başqa çıxış yolları yoxdur. İş ondadır ki, Rusiya təbii qazını Avropa Birliyinə çıxarmaq üçün yeni marşrut qismində gördüyü “Türk Axını”nın inşasını “Qazprom Rossiya” şirkətinə həvalə etmək niyyətindədir.
Rəsmi Ankara bununla razı deyil və boru kəmərinin Türkiyə ərazisindən keçəcək hissəsinin inşasında BOTAŞ-ın prosesə cəlb olunmasını zəruri, hətta labüd sayır.
TANAP və TAP-dan fərqli olaraq, dünyanın ən böyük neft-qaz şirkətləri bir yana, Avropa Birliyinin müvafiq strukturlarından heç biri “Türk Axını” layihəsinə qatılmaqla bağlı niyyətlərini bildirməyiblər.
Türkiyə və “Qazprom” arasındakı mübahisələrin bir səbəbi də “Türk Axını”ndakı təbii qazın paylanması ilə bağlıdır. “Qazprom” təbii qazı bütünlüklə Avropa Birliyinə ötürmək istəsə də, Ankara buna etiraz edib və bəhs etdiyimiz marşrutla nəql ediləcək təbii qazın bir hissəsinin Türkiyənin qazpaylama şəbəkəsinə yönəldilməsini tələb edib.
Nəticədə “Türk Axını”nda bir yox, üç boru kəmərinin tikilməsi məsələsi nəzərdən keçirilir ki, bu da istənilən halda layihənin inşa müddətini uzadacaq, xərcləri isə artıracaq.
“Qazprom” onu da anlayır ki, “Türk Axını” tikilib istifadəyə verilsə belə, ilkin olaraq nəzərdə tutulmuş variant, yəni Rusiyanın təbii qazının Türkiyə-Yunanıstan sərhədindəki hab vasitəsilə Avropa Birliyinə paylanması baş tutmayacaq.
Moskva bu qazı paylamaq niyyətində deyil və “mavi yanacağ”ın habda alıcı ölkələr tərəfindən alınmasını şərt sayır.
Belədə “Türk Axını” TAP-a birləşdirilməsə, “Qazprom” təbii qazını sata bilməyəcək.
Avropa Birliyinin ekspertlərinin “sensasiya” adlandırdıqları variantların məcmusu kimi TANAP-TAP marşrutunu önəmli edən məqamlardan biri də elə budur.