Gürcüstanda bu gün saat 14:00-dan etibarən SOCAR-ın yanacaqdoldurma məntəqələrində 90 dəqiqəlik bütün növ yanacaqlar 2 lari (1 manat 21 qəpik) olub. Bu barədə SOCAR Georgia məlumat yayıb.
Məlumata görə, şirkət Gürcüstan millisinin AÇ-2024-ün 1/4 finalında İspaniya millisini məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətini 90 dəqiqəlik 2 lariyə (1 AZN 21 qəpik) endirəcəyi ilə bağlı paylaşım edib. Amma Gürcüstan yığması İspaniyaya 1:4 hesabı ilə uduzub. Buna baxmayaraq SOCAR milli komandanın mübarizəsinə görə yanacaq qiymətlərini 2 lariyə endirib.
Maraqlıdır, SOCAR-ın belə jestləri Azərbaycanda etməməsinin səbəbi nədir? Nəyə görə məhsulumuz özümüzə baha, qonşuya jest olaraq bazar qiymətindən ucuz satılır?
Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, SOCAR Gürcüstanda bazar mühitində irəli keçməyə, rəqiblərindən üstün olmağa çalışır.
“Mən bu gün Gürcüstandayam və hadisələri canlı olaraq görürəm. Doğrudan da bəzi yanacaqdoldurma stansiyalarında ajiotaj yaşandı. SOCAR ayrıca Gürcüstanda qeydiyyatdan keçmiş və orada fəaliyyət göstərən şirkətdir. Gürcüstanın pərakəndə benzin bazarında 12 böyük, təqribən 100-ə yaxın isə kiçik şirkətlər və fərdi sahibkarlar mövcuddur. Burada olduqca rəqabətli bir mühit var. Ona görə də SOCAR bu mühitdə irəli keçməyə, rəqiblərindən üstün olmağa çalışır. Sözügedən şirkətin Azərbaycanda belə bir dərdi yoxdur. Çünki inhisarçıdır. SOCAR-ın benzin istehsalı və Aİ 95 markalı benzinin satışında Azərbaycanda hər hansı bir rəqibi yoxdur. Belə olduğu təqdirdə nə üçün reklam aksiyaları keçirsin? Baş vermiş situasiyaya bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Acı da olsa, həqiqətdir”,- deyə N.Cəfərli fikrini yekunlaşdırıb.
Ayşən