Yay mövsümünün başlaması ilə Azərbaycana turistlərin axını başlayır.
Otellərdə qiymətlər ucuz olmadığına görə, insanlar daha çox mənzil kirayələməyə üstünlük verirlər.
“Ölkəmizə uzun müddətə gələn turistlər üçün ev kirayələmək daha sərfəlidir. Çünki bu oteldə qalmaqdan 2-3 dəfə baha başa gəlir. Şəhərin mərkəzində, misal üçün, “28 may” və “Sahil” metro stansiyaları yaxınlığında, Fəvvarələr bağı ətrafında bir otaqlı evin gündəlik kirayə haqqı təxminən 30-40 manatdır. İki-üç otaqlı evlər isə daha bahadır – 50 manat. Daha bahalı evlərə də rast gəlinir, misal üçün, 100 manat”.
Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu sözləri “Эхо” qəzetinə açılqmasında MBA Consulting şirkətinin direktoru Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, regionlarda istirahət də ucuz başa gəlmir. Turizm baxımından daha populyar olan Qəbələ rayonunda 14 turizm mərkəzi fəaliyyət göstərir. Bir adamın burada bir günlük istirahət qiyməti 350-1000 manat arası dəyişir. Koteclərdə qalmaq otellərdən 150-200 manat bahadır. Cənub regionunda isə bir sutkalıq istirahət 30-200 manat arası dəyişir. Ən münasib otellər Masallı rayonunda yerləşir. Burada 30-a yaxın turizm obyekti fəaliyyət göstərir. Bu rayonda hətta 30-50 manata da koteclər var. Amma bu qiymətə hansısa xidmətlər və qida daxil deyil. Daha bahalı obyektlər isə Lerik və Lənkəran rayonları ərazisindədir. Burada bir günlük istirahətin orta qiyməti 200 manatdır. Həmin rayonlarda 20-30 manatlıq da evlər tapmaq mümkündür.
Quba-Xaçmaz regionunda da ötən illə müqayisədə ucuzlaşma müşahidə olunmur. Bu regionda 35-40 turizm müəssisəsi fəaliyyət göstərir. 4-6 nəfərlik hər cür şəraiti olan turizm obyektinin qiyməti 250-280 manatdır.