Prezident İlham Əliyev iyunun 6-da TÜRK PA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.
Görüşdə çıxış edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan prosesi ilə bağlı bəzi məqamlara toxunub. Dövlətimizin başçısı qeyd edib ki, iki ölkə arasında münasibətlərə dair bir neçə açıq olan məsələ hələ də qalmaqdadır: “Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır. Təbii ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure – hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir”.
Prezident İlham Əliyev bu yaxınlarda sərhədlərin müəyyən edilməsi istiqamətində önəmli hadisələrin baş verməsinə də diqqət çəkib: “Azərbaycan 1990-cı və 1992-ci illərdə itirdiyi dörd kəndi – Qazax bölgəsində yerləşən dörd kəndi bir güllə atılmadan geri qaytardı. Bu, onu göstərir ki, məsələlər sülh yolu ilə həll oluna bilər. Əgər Ermənistan 2020-ci ildə bizim sözümüzə qulaq assaydı və sülh yolu ilə bizim torpaqlarımızı qaytarsaydı, İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına ehtiyac qalmazdı. Yəni o, onlar üçün dərs olmalıdır və mən görürəm ki, o dərsdən onlar, necə deyərlər, nəticə çıxarırlar. Çünki dörd kəndin sülh yolu ilə, danışıqlar yolu ilə bizə qaytarılması və o bölgədə sərhədlərin müəyyən edilməsi göstərir ki, biz məsələləri danışıqlar yolu ilə həll edə bilərik”.
Medianews.az xəbər verir ki, Milli Məclisin deputatı Sahib Alıyev Azərbaycan Prezidentinin səsləndirdiyi fikirləri şərh edib. Onun sözlərinə görə, türk dövlətləri parlamentlərinin rəhbərləri ilə görüşdə Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında aparılan danışıqların üzərindən sirr pərdəsini götürüb: “Mənə elə gəlir ki, bununla da Ermənistandan çox sülh anlaşmasına noyabrdakı seçkilərdə özlərinə divident gətirəcək məsələ kimi yanaşan, təbrik məktublarında və edilən zənglərdə israrla onun tez bağlanmasını istəyənlərə ismarıc göndərilirdi. İsmarıc göndərilirdi ki, əgər tezliklə sülh anlaşmasının bağlanması istənilirsə, onda ilk növbədə Ermənistan Konstitusiyasından Azərbaycana qarşı torpaq iddiası çıxarılmalı, ardınca rəsmi İrəvan Minsk qrupunun buraxılması üçün Azərbaycanla birgə bəyanat verməlidir”.
Millət vəkilinin qənaətincə, əgər regionda dayanıqlı sülh arzulanırsa, bu, tam haqlı tələbdir: “Belə bir tələbimizin olduğunun açıqlanması onu göstərir ki, Ermənistan tərəfi müxtəlif bəhanələrlə, eyni zamanda COP29 öncəsi Azərbaycanın güzəştə gedəcəyini düşünərək, tələbləri yerinə yetirmək istəmir. Ancaq unudurlar ki, bizə dövlətlər arasında sülh anlaşmasının bağlanması lazımdır, hakimiyyətlər arasında yox. Yəni Paşinyandan sonra hər hansı keşiş Baqrat, yaxud da ona bənzər biri hakimiyyətə gələn də Konstitusiyalarında Qarabağın Azərbaycanın tərkibində olması təqdirində ölkəmizlə hər hansı sülh anlaşması bağlanmasının mümkünsüzlüyü haqda hissəni əsas gətirərək, ondan imtina etdiyini deyə bilməməlidir”.
Politoloq Elxan Şahinoğlu da hesab edir ki, İrəvan dayanıqlı sülh naminə Bakının bu iki tələbini yerinə yetirməlidir: “Prezident İlham Əliyev TÜRK PA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Ermənistanla açıq qalan iki əsas məsələni xatırladıb. Birinci məsələ Azərbaycana ərazi iddiasını ehtiva edən Ermənistan Konstitusiyasıdır, ikinci məsələ ATƏT-in Minsk Qrupunu de-yure mövcudluğunun davam etdirilməsidir. Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibliyi barədə baş nazir Nikol Paşinyanın mövqeyi bəllidir, o da hesab edir ki, əsas qanunda qonşu dövlətlərə ərazi iddialarını əks etdirən bəndlər olmamalıdır. Ancaq Nikol Paşinyanın Minsk Qrupunun ləğvi ilə bağlı mövqeyi bəlli deyil. İlham Əliyev Nikol Paşinyana iki dövlətin Minsk Qrupnun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətini təklif edib. “Biz Minsk Qrupunun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik”, – deyən İlham Əliyev Ermənistanın Minsk qrupunun saxlanmasına üstünlük verməsini qonşu dövlətin Azərbaycana qarşı ərazi iddialarının davamı kimi qiymətləndirib. Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıbsa, Minsk Qrupundan imtinası ona problem yaratmayacaq, radikal müxalifətin bir az çığırıb-bağırması heç nəyi dəyişməyəcək. Digər tərəfdən Rusiya, ABŞ, hətta Fransanın “Minsk Qrupu fəaliyyətini davam etdirməlidir” iddiası yoxdur. Bu amil də Paşinyanın Minsk Qrupunu ləğvi ilə bağlı qərar verməsini asanlaşdırır”.
Turan ORUC