Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının birinci sessiyasının iclasında deputatlar amnistiya qanun layihəsini iki oxunuşda qəbul ediblər.
Medianews.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
Söhbət “Belarusun nasist işğalçılarından azad edilməsinin 80 illiyi ilə əlaqədar amnistiya haqqında” qanun layihəsindən gedir. Sənəd mayın 23-də Nümayəndələr Palatasında təqdim edilib. İlkin məlumata görə, amnistiya 7850 məhkuma şamil olunacaq.
Aydınlaşdırılır ki, amnistiyanın tətbiqi üçün əsas şərtlər törədilmiş cinayət nəticəsində vurulmuş zərərin tam ödənilməsi, şəxsin cəza çəkdiyi müddətdə müsbət səciyyələndirilməsi olub.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin nasist işğalçılarından azad edilməsinin 80 illiyi ilə əlaqədar amnistiyaya qeyri-ənənəvi yanaşma təklif edib. Onun sözlərinə görə, qadın və uşaqlara və digər kateqoriyadan olan məhkumlara daha yaxından baxmaq lazımdır.
Medianews.az