“Yaxasında Azərbaycanın ən ali dövlət təltifi sayılan “Heydər Əliyev ordeni”ni daşıyan bir siyasətçi çox tezliklə Ukraynanın yeni prezidenti ola bilər. Söhbət Qərb xüsusi xidmət orqanlarının təşkil etdiyi “Maydan olayları“ ilə 2014-cü ilin 22 fevralında hakimiyyətdən uzaqlaşdırılan Viktor Yanukoviçdən gedir”.
Medianews.az xəbər verir ki, bu iddia ilə politoloq Elxan Şükürlü çıxış edib.
O qeyd edib ki, bugünlərdə Vladimir Putinin Belarusa səfəri zamanı V.Yanukoviçin də Minskə getməsi, Putin-Lukaşenko-Yanukoviç üçlüyünün bir araya gəldiyi haqda xəbərlərin yayılması artıq Rusiyanın Ukraynada hansı ssenariyə əl atmağa hazırlaşdığına da aydınlıq gətirib.
Politoloqun qənaətincə, Ukraynanın NATO-ya və Avropa İttifaqına inteqrasiyasına qarşı çıxdığı üçün devrilmiş prezident V.Yanukoviçin qanuni hakimiyyəti bərpa olunmalıdır: “Çox böyük ehtimalla, Ukrayna böhranının danışıqlar yolu ilə həlli üçün Çinin son təşəbbüsləri dəstəklənməzsə, qarşıdakı aylarda Rusiya Xarkov-Odessa-Kiyev istiqamətlərində hücumların ağırlıq dərəcəsini artıracaq. Nəticədə Putinlə danışıqları qanunla qadağan etmiş və özünün də prezidentlik müddəti başa çatmış Volodimir Zelenskiyə daxildən təzyiqləri gücləndiriləcək. Rusiya onu ya qaçmağa məcbur edəcək, ya da sui-qəsdə əl atacaq”.
E.Şükürlü deyib ki, müharibənin ilk aylarında ABŞ və Avropanın dəstəyinə, kollektiv Qərbin onları döyüş meydanında yalnız buraxmayacağına böyük ümidlər bəsləyən Ukrayna cəmiyyəti son iki il ərzində baş verənlərdən ciddi nəticə çıxarıb və böyük məyusluq içərisindədir: “Artıq onlara övladlarının boşuna – Qərb maraqları üçün qurban edildiyi bu amansız müharibənin davam etməsi yox, tezliklə bitməsi gərəkdir. Sülh yolunda da ən böyük əngəlin məhz Qərbin əlində əsas alətə çevrilmiş Zelenski olduğunu, bu gedişlə Ukraynanın rəsmən bölünəcəyini yaxşı dərk edirlər. Ukraynada Zelenskiyə sevgi artıq dərin bir nifrətə, məyusluğa və qəzəbə çevrilir”.
Politoloq söyləyib ki, V.Yanukoviçin baş nazir və prezident olduğu illərdə Ukrayna öz ərazi bütövlüyünü qoruyub saxlamaqla yanaşı, iqtisadi baxımdan da sürətlə önə çıxıb: “Yanukoviç hakimiyyətdə olduğu dönəmdə Azərbaycanla da münasibətləri xeyli yaxşılaşdırıb və elə buna görə də 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkənin ən ali dövlət təltifinə – “Heydər Əliyev ordeni”nə layiq görülüb. İndi görək, bizim bu Ukrayna bayraqlarına bürünmüş “Ukraynasevərlər” dəstəsi Azərbaycanla əlaqələrin yaxşılaşdırılmasında daha çox xidmətlər göstərmiş və hakimiyyətdə olduğu dönəmdə də Ukraynanın ərazi bütövlüyünü qoruyub saxlamağı bacarmış Yanukoviçin yenidən hakimiyyətə qayıdışını dəstəkləyəcəklər, yoxsa Yanukoviçdən daha çox Ukraynasevər olduqlarını nümayiş etdirəcəklər?!”
Vüqar MƏMMƏDOV