Rusiya-Ukrayna müharibəsi çərçivəsində şimal qonşumuza məxsus neft emalı zavodları vurulur. Bundan əvvəl isə Rusiyadan neft-qaz alınmasına sanksiyalar tətbiq edilib. Paralel olaraq da Yaxın Şərqdə müharibə alovlanıb, İsrail-Fələstin münaqişəsi başlayıb, Qırmızı dənizdə husilər tərəfindən daşıyıcılara problemlər yaradılıb. Üstəlik, İsrail-İran münasibətləri də gərginləşib. Hətta tərəflər bir-birilərinin mövqelərinə raket zərbələri endiriblər.
Belə bir fonda dünya neft bazarında vəziyyət necədir? Münaqişələr, müharibələr neftin qiymətinə necə təsir edir? İran-İsrail müharibəsi baş verərsə, bu, dünya neft bazarına, neftin qiymətinə necə təsir edə bilər? Neftin qiyməti ilə bağlı perspektiv proqnozlar nədən ibarətdir?
Mövzu ilə bağlı Medianews.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib ki, ötən həftə neftin qiyməti ən yüksək həddə çatıb.
Onun sözlərinə görə, bu, 2023-cü ilin oktyabrından indiyə qədər ötən müddətdə rast gəlinən maksimum qiymət həddidir: “Brent” markalı neft London birjasında maksimal olaraq 92 dollar 12 sentə satıldı. Birinci növbədə bu, Yaxın Şərqdə İsrail-Fələstin müharibəsinin coğrafiyasının genişlənməsi və İranla toqquşma kimi amildən qaynaqlanır. Bu, bazarı qayğılandıran və neftin daşınmasına olan riskləri artıran amil idi. Buna görə də, ötən cümə günü neftin qiyməti artıq özünün pik həddinə çatdı. Maraqlı hal budur ki, İranın İsrailə hava hücumu zərbələri endirməsi düz iki gün anons edildi. Sanki bir filmi anons edirlər. Bu, indiyə qədər qarşıdurmada olan ölkələr arasında tətbiq edilən bir ilk idi. Endrəcəyin zərbəni qabaqcadan anons edirsən və hətta onun cizgilərini də verirsən. Belə bir hal ilk dəfə idi ki, müşahidə olunurdu”.
İqtisadçı-ekspert deyib ki, hazırda neft bazarında nisbi sakitlikdir: “Şənbə günü baş verən hadisədən sonra onun nəticələri məlum oldu. Hamı öyrəndi ki, İsrailə atılan raketlərin cəmi bir, iki faizi istisna olmaqla, qalan hamısı elə havadaca zərərsizləşdirilib, ciddi dağıntı və tələfat yoxdur. Bazar ertəsi günü London birjasına baxanda gördüm ki, neftin qiymətləri 90 dollardan aşağı həddə düşüb. Yəni, bazar baş verənlərə adekvat reaksiya verir. Əgər hansısa böyük toqquşma, qruplaşma, qütbləşmə baş verərsə, məsələn, İraq, İran, Suriya, Yəmən bir koalisiya halında İsrailə qarşı genişmiqyaslı əməliyyatlar başlayarsa, İsrail İranın hava hücumundan müdafiə sistemlərinə, nüvə obyektlərinə zərbə endirərsə, dərhal bazar buna da reaksiya verəcək. Amma xoşbəxtlikdən bunun kimi addımlar olmadı. Ona görə də bazar indi nisbi sakitləşmə dövrünə gedir. Bir həftə ərzində neftin qiyməti 86-dan 92 dollara qədər artırılmışdı. Hesab edirəm ki, dünən olduğu kimi, bu gün də yeni bir hadisə olmasa, neft bazarında qiymətlər yenidən həmin rəqəmlərə qayıda bilər. Çünki, bazara olan siyasi risklər proqnozları doğrultmayıb. Bu səbəbdən bazar əvvəlki vəziyyətinə qayıda bilər”.
Lamiyə MİRZƏYEVA