Baş nazir Nikol Paşinyan İrəvana səfər edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə bildirib ki, Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Onun sözlərinə görə, söhbət 1991-ci il Almatı Bəyannaməsinin müddəaları əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasından və respublikalar arasında delimitasiyanın həyata keçirilməsindən, eləcə də dövlətlərin suverenlik və yurisdiksiyaya hörmət prinsipləri, qarşılıqlılıq və bərabərlik əsasında regional infrastrukturların blokdan çıxarılmasından gedir.
Bəs Azərbaycan bu şərtlərlə sülh müqaviləsi imzalamağa hazırdırmı? “İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır”, – söyləyən Paşinyanın səmimiyyətinə inanmaq olarmı? Əgər Ermənistan rəhbəri belə bir addım atmaqda maraqlıdırsa, proses nə üçün indiyə qədər yubanır?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Şəbnəm Həsənova bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin İrəvana səfəri bir neçə aspektdən müsbət hadisə kimi dəyərləndirilməlidir.
Onun sözlərinə görə, Tokayevin Ermənistana getməsi Bakı səfərindən sonra reallaşıb: “İki ölkə arasında moderatorluqdan söhbət gedirsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyinə daxil, həm də Türk Dövlətləri Təşkilatına üzv ölkə kimi Qazaxıstan ən məqbul variantlardan biridir. Cənubi Qafqazda sabitlik nəqliyyat və kommunikasiyaların açılmasına, enerji layihələrinə birbaşa bağlıdır. Bu baxımdan Nikol Paşinyan Üçtərəfli bəyanatda da öhdəsinə götürdüyü kimi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsində konstruktiv davranmalıdır. “Orta dəhliz”in önəmi isə regional deyil, qlobal kontekstdən dəyərləndirilməli məsələdir ki, Ermənistanın hər hansı pozucu addımı prosesi sadəcə bir qədər yubada bilər, nəticə isə qaçılmazdır. Odur ki, Ermənistan praqmatizm sərgiləsə regional layihələrə inteqrasiya edə bilər ki, ona yalnız bu addım keçici, qısamüddətli deyil, uzunmüddətli və qalıcı müsbət divident gətirə bilər. Bunun yolu isə Azərbaycanla sülh müqaviləsi imzalamaqdan, regional aktorlarla konstruktiv münasibətlərdə sözdə deyil, əməldə maraqlı olmaqdan keçir”.
Politoloq vurğulayıb ki, Ermənistan buqələmun kimi rəng dəyişdirməkdən əl çəkməlidir: “Azərbaycan bütün vədlərində hər zaman olduğu kimi yekrəng və yeknəsəq davranır. Cənab Prezident İlham Əliyev ABŞ Dövlət Katibi Antoni Blinkenlə telefon danışığı zamanı da Azərbaycanın 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiq olduğunu vurğulamışdı. Yəni, yeni heç nə yoxdur, yeni Ermənistanın qətiyyəti ola bilər. Prosesin yubanması hər nə qədər Ermənistandan asılı deyilsə, yubadılması da bir o qədər kənar proseslərdən və bu proseslərdə ağırlıq mərkəzini öz xeyirlərinə salmağa cəhd göstərən qüvvələrdən asılıdır. Ermənilər özgə torpağına göz dikərkən illər, əsrlər boyu onlara aşılanan, “böyük Ermənistan” vədi verilərək inandırılan şüursuz instinktin təsiri altında qərar veriblər. Azərbaycanın indiyə qədər davam edən qələbəsi, qətiyyəti onları qəflət yuxusundan ayılmağa vadar edib. Realizm hisslərindən məhrum olmayan Paşinyan siyasi və şəxsi prizmadan bir neçə xüsusiyyətdən məhrum ola bilər, erməni xisləti sayılmamaq şərtilə. Bu, onda da mütləqdir. Yəni, Ermənistana olan etimad incə ip üzərindədir ki, Paşinyan da bunun üzərində təhlükəli oynayır”.
Ş.Həsənova deyib ki, qarşıdakı payız, noyabr ayı həlledicidir: “ABŞ seçkiləri və onun nəticəsi Rusiya-Ukrayna adı altında Rusiya-ABŞ münasibətlərinə aydınlıq gətirəcək. Bu da məhz müxtəlif regionlarda gedən proseslərə təsir edəcək. Məsələlər həm də o baxımdan mürəkkəbləşir ki, Rusiya-Qərb qarşıdurmasını Qərb-Şərq qarşıdurmasına çevirərək din amilinə, dünyanın fundamental yaradılış konsepsiayaları səviyyəsinə qaldırmaq, ya da endirmək istəyirlər. Bu baxımdan sülh müqaviləsinin o zamana qədər imzalanacağını gözləmirəm. Praqmatik siyasət qəti “xeyr”, qəti “bəli” kimi mütləq anlayışları sevmir. Paşinyan burada ehtiyatlı olub, hansı tərəfə “hə”, hansı tərəfə nələrdə “yox” deməyi bacarmalıdır. O isə tamamilə ardıcıl və qətiyyətli deyil. Ermənistan siyasi meydançasında da sinizm yüksələn xətt üzrə inkişaf edir. “Miatsuma” xəyanətdə bir-birilərini ittiham edirlər. Cəmiyyətin gözündə özlərini süni surətdə yüksəltmək üçün aqressiv şüarlarla siyasi xal toplamaq variantına da əl atırlar. Bunun isə effekt verməyəcəyi göz qabağındadır”.
Politoloq söyləyib ki, Paşinyan hakimiyyətinin rəqibləri onun özünün anlaşılmaz həvəsli təbliğatını apardığı Brüsselin yardımını “heç nəyi dəyişdirə bilməyən bəzi maliyyə vəsaitləri” adlandırırlar: “Ermənistan bu qədər reallıqdan sonra hələ də ümid edirsə ki, Qərb onun “sadiqliyini” qiymətləndirəcək və onlara isti yer verəcək, yanılır. Ermənistan ətrafında cərəyan edən siyasi proseslərə fərqli baxış bucağı olsa da, son dərəcə diqqət tələb edən zamandır. Xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin aprelin 12-də Minskdə baş tutmalı olan MDB-nin növbəti tədbirində iştirak etməyəcəyini bəyan etsə də, lakin sonra nazir müavini MDB üzvü olan ölkələrin xarici işlər nazirlərinin sammitində iştirak etmək üçün Belarusun paytaxtına yollandı. Maraqlı məsələ odur ki, Paşinyan, mayın 7-də Rusiya Prezidenti Vladimir Putinin inauqurasiya mərasimində iştirak edəcəkmi. Keçmiş xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyanın da bildirdiyi kimi, fundamental xarici siyasət məsələlərində dərin uçurum mövcuddur ki, Paşinyan bu uçurumu və öz quyusunu dərinləşdirməməlidir”.
Vüqar MƏMMƏDOV