Ukraynada yaşayan azərbaycanlı jurnalist, “Amerikanın səsi” radiosunun əməkdaşı İdrak Camalbəyli vəfat edib.
Medianews.az xəbər verir ki, bu barədə Ukraynada yaşayan həmyerlimiz jurnalist Anar Natiqoğlu öz sosial media hesabında məlumat yayıb.
Qeyd olunur ki, jurnalist İdrak Camalbəyli Kiyevdə qəfil ürəktutmadan dünyasını dəyişib.
İdrak Camalbəyli vəfat edən zaman onun yanında olan Sərxan adlı dostu isə hadisə barədə bunları yazıb: “Hələ də özümə gələ bilmirəm. Bu gün yaxın qardaşlarla birlikdə iftara Nivkidəki türk məscidində toplaşmağa qərar verdik. İdrakla qonşu binada yaşayan bir qardaşımız da onu özü ilə məscidə dəvət etmişdi. Birlikdə öncə axşam namazını qıldıq, ardından orucumuzu açdıq. Namaz qıldıqdan sonra öz aramızda balaca meydançada futbol oynayacağımızı bildi və bizə qatıldı. Yarım saat olardı ki, futbol oynayırdıq. Bir az ara vermək, dincəlmək istədik. Elə bu vaxt İdrak qardaşımız anidən yerə yıxıldı. Anında süni nəfəs verib qəlb masajı etdiksə də fayda vermədi. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları da elektron avadanlıqlarla əllərindən gələni etdilər. Lakin İdrakı həyata qaytarmaq mümkün olmadı. O, gün ərzində deyib-gülürdü. Hətta sabah üçün də digər bir yaxınımızın 40 mərasimində iştirak etməyi planlaşdırırdı. Allahın evi məsciddən çıxması ilə ölümü arasında heç bir saat olmadı. Allah yerini cənnət etsin. Allah onu ən son qıldığı namaza bağışlasın. Son anında başı ucunda dayanan hər kəs bildiyi bütün duaları oxudu, amma nə fayda, Allah onu bizdən aldı. Allahdan rəhmət diləyək. Hələ də hadisənin şokunu yaşayıram. Baş verənləri qəbullanmaq çox çətindir”.