Hafta.az saytının müsahibi Azərbaycanın məşhur estrada və opera müğənnisi, Azərbaycanın xalq artisti Flora Kərimovadır. Son zamanlar ailəsində bəzi itkilərin üz verməsinə, xalq artistinin əhval-ruhiyyəsinin heç də yaxşı olmadığına baxmayaraq, bizimlə danışığa razılıq verdi.
-Hər zaman səmimiliyi və sadəliyi ilə seçilən Flora Kərimova kimdir? Bir az özünüz haqqında məlumat verərdiniz?
– Mən, Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olmuşam. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, Azərbaycan Dövlət Tibb İnstitutunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirmişəm. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun “Çinar” ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış etmişəm. Hal-hazörda 73 yaşım var. Fikrimcə, yaşadığım bu illər, bu ömür mənim qazancımdır.
– Bəs özünüz-özünüzü neçə yaşında hiss edirsiniz?
– Bugünkü xoşbəxt anımda özümü yaşımdan çox gənc hiss edirəm. Bu yaşımda nənə olmağımla fəxr edirəm. Mən nənə olmaqdan heç zaman qorxmamışam, əksinə bu mənim üçün böyük şərəfdir. Kənardan baxanda heç vaxt öz yaşımı verməyiblər. Ancaq cavanlığın yüngüllüyünü də duymuram. Mən həyatı görmüş, həyata dəyər vermiş, həyatın keşməkeşinden keçmiş, həyatdan yorulmuş bir insanam, ancaq heç zaman həyata acgöz münasibətim olmayıb. Mən həyatı dəyərləndirmirəm ki, Allaha yalvarım və əcəllə mübarizə aparım. Çox təəssüflər olsun ki, bu yaxınlarda nəvəmi itirdim.
– Nəyəsə görə peşmançılıq hissi keçirirsinizmi?
– Xeyr, heç nəyə görə peşman deyiləm. İradəm olmasaydı, sınsaydım, dizim bükülsəydi, belim əyilsəydi peşman olardım. Mən gücüm çatmayacaq yükün altına girdim, ancaq o sınaqdan alnıaçıq çıxdım. Tanrı mənə mübarizə və bu mübarizədə qalib gəlmək üçün iradə verdi. İtkilərimi çox ağır keçirdim. Bu evin hər bir küncündə yalnız həyat yoldaşımın yox, həm də valideynlərimin izi və nəfəsi var. Bəlkə də bu gün məni saxlayan onların nəfəsidir.
– Flora Kərimovanın ürəyində bir arzusu qalıbmı?
– O qədər qalan arzularım var ki… Nəvələrimi gördüm. Nəticəmi də görmək istərdim…
-Yaşınızın artması sizi qorxudur ?
– Yox, daha nə qorxmaq. Sözün düzü iki ay beynimi yaş artmaq qorxusu bürüdü və bundan sonra mən özümə söz verdim ki, yaşın artma qorxusunun məni üstələməsinə imkan verməyəcəyəm. Yaş qorxusu qadını qorxudanda, artıq onun zahiri görünüşü də onu qorxutmağa başlayır. Mən yaşımı gizlətmirəm və bundan da qorxmuram.
– Çoxları Flora Kərimovanı bəxtəvər hesab edir. Bəs siz necə, özünüzü xoşbəxt qadın sayırsınızmı?
– Mənə bəxtəvərlik oxuyanların həyatımla bağlı bilmədiyi məqamları çoxdur. Çox şükür edirəm ki, həyatımın müəyyən anları naməlumdur, amma bu anların hər biri məni ağrıdır. Bu məqamların çoxu mənim keçmiş ictimai həyatıma aiddir. İnanın mənə çox çətin olub, ancaq göz yaşımı nə oğlum, nə də qızım görüb. İtkilərimden başqa, cəmi bir dəfə ağlamışam…
– Hamının mahnılarını ifa edirlər, amma Flora Kərimovanın ifaları təkrarlanmır, niyə?
– 50 il bundan əvvəl Bəxtiyar Vahabzadə demişdi ki, bu cür səs bir də dünyaya gəlməyəcək. Hələ ki, səsimin oxşarı yoxdur. Hərdən məndə qəbahət tuturlar ki, sən tələbələrin inkişaf etməsini istəmirsən. Mən musiqi kollecinə girəndə artıq səsim var idi və onu cilovlamaq üçün kollecə daxil olmuşdum. Ancaq indi öz səsimə, tempimə uyğun hansı səsi götürüm ki, onun üzərində işləyim? Axı bir səsdə dörd çaların cəmlənməsi yoxdur.
-Əvvəllər filmlərə daha çox dəvət alırdınız. Bəs indi necə, filmlərə yenidən dəvət alsaydınız, çəkilərdiniz?
– Yəqin ki, yox. Çünki, artıq yaş da öz sözünü deyir.