“Müğənniyə uduzduğuma görə çox pis olmuşdum”.
Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı gimnast Sultan İbrahimovadır.
– Sultan, ilk öncə bizə özün haqqında məlumat ver, zəhmət olmasa.
– Mən Sultan İbrahimova 1994-cü il iyunun 7-də Naxçıvanda anadan olmuşam. Bir müddət Naxçıvanda yaşamışıq, daha sonra Moskvaya getdik, 5 il orda yaşadıq, 5 ildən sonra bura qayıtdıq. İlk dəfə idmanın nə olduğunu biləndə 4 yaşım vardı, atam məni gimnastikaya apardı və bədii gimnastikanın sirlərini öyrənməyə başladım. Bizim ailə idmanı sevirdi.
Atam idmanı sevdirmişdi mənə və ancaq idmanla məşğul olmağı düşünürdüm. Amma belə rəqsi də sevirdim, rəqslə arada məşğul olurdum.
– Ümumiyyətlə, gimnastikaya neçə yaşdan başlamaq olar?
– Əslində bu idman növünə 3 yaşından başlamalısan. Gimnastika elastikadır, sümüklər, bədən daima hərəkətdədir. Mən başlayanda 4 yaşım vardı, Bakıya qayıdandan sonra isə 8 yaşımdan Valentina Ukleynanın yanında başladım.
Yeni başlayanda yeniyetmələr arasında qalib olmuşam, bir neçə beynəlxalq yarışların qalibiyəm. Amma gimnastikadan tez – 13 yaşımda ayrılmışam. Yəni idmançı olaraq ayrılmışam, amma trener kimi davam edirəm. Beynəlxalq məşqçi və hakiməm. Hal-hazırda həm bölgələrdə, həm də burda çalışıram.
– Bölgələrdə necə? Maraq varmı bu idman növünə?
– Deyərdim ki, var. Biz onlara müxtəlif dərslər keçirik və bu, onlara maraqlı gəlir.
– Hansı içkiləri sevirsən?
– Moxito, Red Bull.
– “Fort Boyard”da nələr oldu? Bildiyimə görə xoşagəlməz hallar da olub?!
– Maraqlı idi. Məni Federasiyadan göndərmişdilər, ilk dəfə idi ki, belə yarışmada iştirak edirdim. Xoşagəlməz o idi ki, şou-biznes adamları mənlik deyil. Ümumiyyətlə, şounu sevmirəm. Mən “İki qoşa” komandasında idim. Bir şey xoşuma gəlməmişdi. Deməli, bir tapşırıq verilmişdi və Nigar Camalla mən iştirak edirdim. Mən idmanla məşğulam, o isə müğənnidi. Amma həmin vaxt mən uduzdum (ilandan qorxurdum bəlkə ona görə). Ona görə çox pis olmuşdum ki, mən idmanla məşğul ola-ola uduzdum, amma belə salamımız var, münasibətimiz yaxşıdı.
– Hal-hazırda nə işlə məşğulsan?
– Hal-hazırda öz işimlə məşğulam, idman, yenə də idman. Yarışlara hazırlaşırıq və irəlidə maraqlı yarışlarımız olacaq.
– Bizim sənətçiləri çoxları bəyənmir. Çox azlıq təşkil edir ki, bizim sənətçiləri bəyənsin. Sən necə? Kimləri dinləyirsən?
– Miri Yusifi deyərdim. Röyanın mahnıları yaxşıdı. Dediyim kimi mən şou-biznesi bəyənmirəm.
– Hər bir insanın həyatında xasiyyətinə uyğun kimsə olmalıdır. Zövqün necədir? Məsələn, sənin zövqündəki insan necə olmalıdır?
– Ciddi olmalıdır, xasiyyəti nəzərdə tuturam. Geyimi də ciddi olmalıdır. Çünki onsuz da sport stildə özüm də geyinirəm. Yəqin ki, belə biri olsa artıq həyatımda olacaq.
– Bakıda nəyi bəyənmirsən?
– Küçələrin zibilli olmasını bəyənmirəm. Buna tədbir görülsə əla olar.