Dünyanın neft hasilatına görə lider ölkələrini yəqin çoxları tanıyır. Lakin elə ölkələr də var ki, orada neft hasilatının həcmi böyük olmaqla yanaşı oğurlanan neftin də miqdarı da böyükdür.
Söhbət hökumətlərin və korrupsioner məmurların mürəkkəb offşor mexanizmlər quraraq oğurladıqları neftdən yox, kriminal qruplaşmaların və adi oğruların kəmərləri deşərək oğurladığı neftdən gedir.
Virtualaz.org saytı xəbər verir ki, vestifinance.ru saytı dünyada ən çox neft oğurluğunun baş verdiyi 5 ölkənin siyahısını hazırlayıb.
Nigeriya
Hər gün Nigeriyada 400 min barrel neft yoxa çıxır. Müqayisə üçün qeyd edək ki, bu həcm “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən və Bakı-Tiflis-Ceyhan ixrac kəməri ilə nəql edilən Azərbaycan neftinin yarıdan çoxunu təşkil edir.
Hesablamara görə, Nigeriyada bir ayda oğurlanan neftin dəyəri 1,7 milyard dollardır. İl ərzində isə oğurlanan neftin dəyəri Nigeriyanın ümumi daxili məhsulunun (ÜDM) 7,7 faizinə yaxın olur. Bu, Nigeriyanın təhsilə və səhiyyəyə ayırdığı vəsaitlərin həcmindən çoxdur.
Nəinki Nigeriya hökuməti, eləcə də bu ölkədə işləyən transmilli neft şirkətləri neft oğurluğuna qarşı heç nə edə bilmirlər. “Shell” şirkətinin rəhbərliyi Nigeriya ərazisində yüz kilometrlərlə uzunluğu olan neft kəmərlərindən açılan qanunsuz kəsiklərə etiraz edir və bu işdə hökumətin bəzi üzvlərinin də əliin olduğunu bildirir.
Şirkət uzun illər boyu Nigeriyada neft oğurluğu ilə məşğul olan şəbəkənin mürəkkəb strukturunun olduğunu, bu şəbəkənin məmurlar tərəfindən himayə edildiyini açıqlayıb.
Hasil etdiyi neftin əhəmiyyətli hissəsinin oğurlanması “Shell” şirkətini Nigeriyada aktivlər portfelini ixtisar etməyə məbur edib. Nigeriyada əsas oğurluq məhz “Shell” şirkətinin kəmərlərindən edilir.
2013-cü ildə neft oğurluğunun həcmi rekord səviyyəyə qalxıb. “Böyük səkkizlər” qrupu ölkələri bu problemə qarşı mübarizədə kömək vəd edib. Nigeriyada oğurlanan neft beynəlxalq qeydiyyata malik tankerlərlə daşınır, alıcılar isə beynəlxalq treyder şirkətləridir.
Şirkətlər həmin oğurluq nefti beynəlxalq neftayırma zavodlarında emal edirlər və pullarını beynəlxalq bank sistemi üzərindən ödəyirlər.
Meksika
Meksika prezidenti Enrike Penya Nyetonun hökuməti son vaxtlara qədər ölkədə neft oğurluğu faktının oduğunu heç vaxt açıqlamamışdı.
Milli neft şirkəti “Pemex”in prezidenti Karlos Morales ötən il etiraf edib ki, Meksikada neft oğurluğu hər il 30 faiz artır və gündə 5-10 min barrel təşkil edir.
2013-cü ildə Meksikada neft kəmərlərində 2614 yerdən qanunsuz kəsik aşkar edilib. 2000-2013-cü illər ərzində neft oğurluğu 1548 faiz artıb və bu da əsasən Meksikada fəaliyyət göstərən güclü narkokartellərlə bağlıdır.
Zeta və Qolfo narkokartelləri nəzarət etdikləri ərazilərdən keçən kəmərlərlə nəql olunan neftin böyük hissəsini oğurlayırlar. Həmçinin son illər neft tankerlərinin oğurlanması halları da artıb. Yerli mətbuat yazır ki, narkokartellər malik olduqları neftə görə artıq dövlət şirkəti “Pemex”lə rəqabət apara bilərlər.
İraq
Hətta ABŞ-ın İraqa müdaxiləsinin bütün zamanların ən iri neft soyğunçuluğu olduğu barədə deyilənləri də kənara qoysaq, Bağdad hələ də neftlə bağlı ciddi problemlərlə üz-üzədir.
Neft qaçaqmalçılığı hələ Səddam Hüseyn dövründən təşkil edilmişdi. ABŞ Senatının qiymətləndirmələrinə görə, “Bəəs” rejimi neft qaçaqmalçılığından 21,3 milyard dollar qazanmışdı. Bu pullar BMT-nin “Ərzaq əvəzinə neft” proqramı çərçivəsində əldə edilib.
Hazırda İraqda nə qədər qaçaq neft satıldığı məlum deyil. Məlumatlara görə, İraqda oğurlanan neft Suriya və İranın neftayırma zavodlarına satılır.
Rusiya
Rusiya dünyanın ən iri neft hasilatçılarından biridir və 2020-ci ilə qədər illik neft hasilatını 535 milyon tona qaldırmağa çalışır.
Lakin Rusiyanın enerji strategiyasının uğur qazanması üçün “Transneft”in idarə etdiyi 50 min kilometrlik kəmərlər sistemini də yaxşı mühafiə etmək lazımdır. Ötən il “Transneft”in Ukraynaya nəql etdiyi neftin 57,9 min barreli yoxa çıxmışdı.
Həmçinin “Transneft” Dağıstan kimi ərazilərdə neft oğurluğunun artmasından da əziyyət çəkir. Dağıstanda hər il on minlərlə ton neftin oğurlandığı təxmin edilir.
İndoneziya
İndoneziyada neft oğurluğu Nigeriya ilə müqayisədə cüzi görünə bilər. Bu rəqəm sutkada cəmi 2-3 min barrel təşkil edir. Hökumət problemlə ciddi məşğul olmağa ilk dəfə 2012-ci ildə Cənubi Sumatrada neft kəmərində oğurluq zamanı baş vermiş partlayışdan sonra başladı. Həmin partlayışda 8 nəfər ölüb.
Lakin İndoneziya hökumətinin neft oğurluğu ilə mübarizəsi səmərə vermir. Milli neft şirkəti “Pertamina” ötən il 17,5 min barrel neftin oğurlanmasından sonra kəmərlərindən birini bağlamalı olmuşdu.
“Chevron” şirkəti də İndoneziyada kəmərlərini mühafizə etmək üçün qüvvələr ayırıb və yerli hökuməti mühafizənin zəif olmasına görə tənqid edib.
Qeyd edək ki, Azərbaycanda da kəmərlərdən neft oğurluğu halları qeydə alınıb. Lakin belə faktların sayı cüzidir və 90-cı illərin sonlarında qeydə alınıb. Azərbaycanda neft nəqli kəmərlərinin mühafizəsi etibarlı təmin olunub və son illərdə oğurluq faktının baş verdiyinə dair məlumat yoxdur. Habelə ixrac kəmərlərinin mühafizəsi Baş Dövlət Xüsusi Mühafizə İdarəsinin bölmələri tərəfindən etibarlı şəkildı təmin olunur.
Virtualaz.org