ABŞ Nümayəndələr Palatasının sədri Pelosinin Tayvana səfərindən qaynaqlanan gərginlik hələ də davam edir.
Medianews.az xəbər verir ki, Pelosidən sonra ABŞ senatoru Ed Markinin də Tayvanı ziyarət etməsi səbəbiylə Çin yeni təlimə başlayıb və 51 döyüş təyyarəsi və 6 döyüş gəmisi ilə adayı blokadaya alıb.
Onlardan 25-nin orta xətti keçdiyini qeyd edən Tayvan Milli Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərini işə saldıqlarını açıqlayıb.
Qeyd edək ki, Pelosinin ayın əvvəlindəki səfərindən sonra Çin ordusu adanın ətrafında hərbi təlimlərə başlayıb. 7 gün davam edən təlimlər adanın ətrafında faktiki blokada yaratmışdı. Həqiqi silah və sursatlardan istifadə edilən təlimlər zamanı Çindən atılan raketlər Tayvan yaxınlığındakı sulara düşüb. Ordu sözçüsü təlimlərin avqustun 10-da başa çatdığını açıqlayıb, lakin Tayvan boğazında hərbi patrul fəaliyyətinin davam edəcəyini bildirib.
Pelosinin səfərindən 12 gün sonra ABŞ Konqresinin Massaçusetsdən olan demokrat senator Ed Markinin başçılıq etdiyi yeni nümayəndə heyəti Tayvana səfər edərkən Çin yeni təlimə başlayıb. Tayvan Milli Müdafiə Nazirliyi Çin Xalq Azadlıq Ordusuna (PLA) aid 51 döyüş təyyarəsi və 6 döyüş gəmisinin Tayvanın “Hava Hücumundan Müdafiə Müəyyənləşdirmə Bölgəsi”nə (ADIZ) daxil olduğunu açıqlayıb.
Bu təyyarələrdən 25-nin orta xətti keçdiyi bildirilib. Nazirlik ötən gün Çinə məxsus 21 döyüş təyyarəsi və 5 döyüş gəmisinin sözügedən bölgəyə (ADIZ) daxil olduğunu açıqlayıb.
Medianews.az