Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən olan 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. Oyunlarda Azərbaycan idmançıları möhtəşəm qələbələrlə Azərbaycan bayrağını yüksəldirlər.
Əzmkar qələbələrlə Azərbaycanın gücünü göstərən idmançılarımızın sırasına basketbolçularımız da daxildir. 3×3 basketbol üzrə C qrupunda mübarizə aparan kişilərdən ibarət Azərbaycan yığması ardıcıl qalibiyyətlərlə qrup lideri olmağı hədəfləyib. Mali, ardınca Türkiyə yığmasını məğlub edən komandamız avqustun 15-də Mərakeşə qarşı oynayacaq. Azərbaycanın qələbəsi üçün Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlı mübarizə aparır.
Medianews.az-ın müxbiri qələbələrdə böyük rolu olan Basketbol üzrə kişilərdən ibarət Azərbaycan Milli yığmasının kapitanı, 4 qat Respublika Çempionu, İdman ustası, Prezident mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, “Fenerbahçe Azərbaycan Spor Okulları”-nın təsisçisi Amil Həmzəyevlə həmsöhbət olub.
Müsahibəni təqdim edirik:
– Türkiyəyə qarşı oyundan qalib ayrıldınız. Türkiyə kimi rəqibi üstələmək necə hisdir?
– Biz Türkiyə ilə qarşılaşdığımız əvvəlki yarışlarda da qalib gəlmişik. İndi öz evlərində oynayırdılar, bu da güclü azarkeş dəstəyi və rahatlıq hissi verir. Həmçinin heyətlərini də gücləndirmişdilər. Lakin onların çatışmayan cəhəti var idi. Onlar 3×3 üzrə oyunlarda təcrübəsiz idilər. Yenə də arxayınlaşmadıq. Kifayət qədər güclü oyunçularının olduğunu nəzərə almışdıq. Məsələn, Sinan Gülər dünya 2-cisidir, ABŞ-yə qarşı oynayıb, Serbiyanı məğlub edib, peşəkar oyunçudur. Lakin 3×3 üzrə ilk təcrübəsi idi. Biz üstünlüyümüzdən və gücümüzdən faydalanaraq qalib gəldik.
– Növbəti oyun Mərakeş və Qabona qarşı keçiriləcək. Rəqiblər barəsində nə düşünürsən?
– Qabon komandası hansısa səbəbə görə, iştirak etməyəcək. Amma Mərakeşlə elə bu gün oyun keçirəcəyik. Əsas hədəfimiz qrupdan lider kimi çıxmaqdır. Daha sonra A qrupunun 2-cisi ilə qarşılaşmaq məqsədimizdir. İnşallah ki, qazanacağıq.
– Komanda yoldaşlarının oyununu necə dəyərləndirirsən?
– Komanda yoldaşlarımın oyununu əla dəyərləndirirəm. Biz uzun müddətdir ki, birgə 3×3 üzrə oynayırıq. Serbiyada da təlim-məşq toplanışında birgə olmuşuq. Bir-birimizə uyğunluğumuz çox yaxşıdır. Hər kəs üzərinə düşəni layiqincə yerinə yetirir.
– Oyunlarımıza azarkeş dəstəyi necədir?
– Nazirliyin gözəl layihəsi var. Azarkeş qrupu ilə müəyyən əməkdaşlıq edilir. Onlar bütün idman növlərində fəal iştirak edərək idmançılarımızı dəstəkləyirlər. Bizi də oyunlarda yüksək səviyyədə dəstəkləyirlər. Başqa bir ölkədə belə bir azarkeş dəstəyini hiss etmək çox gözəl hisdir.
– SSRİ zamanından bəri Azərbaycanda basketbol oynanılır. Amma görünür ki, basketbola maraq hələ də azdır. Bunun səbəbi nədir?
– İnsanlarda basketbola əsgərlik, universitet yaşlarına qədər böyük maraq olur. Lakin sonradan bu yoxa çıxır. Məncə, yaxşı liqanın formalaşmamağından qaynaqlanır. Bu il rəqabətli liqa mühiti yaradılacaq. Emin Əmrullayev Federasiyaya gələndən sonra həm uşaq basketbolunda, həm də kişilərin super liqasında inkişaf özünü göstərir. İnkişafı, dəstəyi görən valideyn də övladını sona qədər basketbola yönləndirir. Bununla da gənc idmançıda daha çox həvəs yaranacaq və idman karyerasında uğurlu olacaq. Kişilərdən ibarət liqa oyunları oktyabr ayından başlayacaq. Rəqabətli oyunların bizi gözlədiyini düşünürəm.
– Azərbaycanlı basketbolçulardan kimi ideal kimi görmüsünüz?
– Mən basketbola 2004-cü ildə gəlmişəm. O zamanlar 14 yaşım var idi. Həmin vaxt ideal kimi gördüyüm oyunçularla sonradan komanda yoldaşı olmuşuq. 15-16 yaşımdan milli komandaya seçilmişəm. Artıq komanda yoldaşı olduqdan sonra da ideal kimi görmürük (gülür).
– Basketbol qaydalarında hansı boşluqların olduğunu düşünürsən?
– Qaydalarda boşluq olduğunu düşünmürəm. Bütün qaydalar ideal şəkildə qurulub.
– Niyə Azərbaycan televiziyalarında millimizin basketbol oyunları yayımlanmır?
– Maraq az olduğu üçün yayımlanmır. Amma artıq liqa yaxşı vəziyyətdə olduqdan sonra yayımlanacaq.
– Amil Basketboldan başqa hansı idman növünü sevir?
– Tennisi çox sevirəm. Boş vaxtım olduqca oyunları izləyirəm.
– Basketboldakı ən xoş xatirən nədir?
– 2015-ci ildə Avropa oyunlarında matç olan günlərdən biri mənim ad günümə düşüb. O zaman bizim Federasiya rəsmiləri mənə sürpriz etmişdilər. Meydançada ad günümü qeyd etmişdik. Hər kəs “Happy birthday” mahnısını oxuyurdu. Bu çox xoş xatirə idi.
– Bəs basketbol karyeranda sənə mənfi təsir edən xatirə varmı?
– Elə o da eyni gündə olub. Həmin oyuna başladıqdan bir neçə dəqiqə sonra ayağım sındı. Ən xoş da, ən pis xatirə də eyni gündə oldu.
– Basketbola yeni başlayan gənclərə tövsiyələrin nələrdir?
– Təhsildən çox uzaqlaşmasınlar. Bacardıqları qədər təhsili idmanla bərabər aparsınlar. İdmançı təhsildə özünü nə qədər inkişaf etdirsə, komandada özünə bir o qədər yer tapa biləcək. Karyerasında da daha uğurlu olacaq.
– Bu günə qədər ən həyəcanla gözlədiyin oyun hansı olub?
– 2012-ci ildə 5×5 üzrə Avropa çempionatının seçmələrini oynayırdıq. İsveçlə evdə oyunumuz var idi. 15 xalla qazansa idik, Avropa çempionatının əsas mərhələsinə keçirdik. Lakin həmin oyunu 10 xalla qazandıq. O oyunu səbrsizliklə gözləmişdim.
– Kapitan olmaq necə hissdir?
– Kapitan olmaq çox məsuliyyət tələb edir. Əvvəllər məğlubiyyət, əksiklik, zədə olanda onu tək hiss edirdin. Lakin indi kapitan olaraq öz dərdini atıb komanda yoldaşlarını motivasiya etməlisən. Bəzən gənclər uğursuzluqla qarşılaşdıqda deyir “atım gedim bu idmanı, mənlik deyil”. Həmin vaxtlarda psixoloq kimi olmağa çalışırıq. Yalnızca təklikdə öz dərdimizi çəkirik.
– “Fenerbahçe Azərbaycan Spor Okulları”-nın təsisçisi olaraq gələcək basketbolçular barəsində nə deyə bilərsən?
– İdman məktəbimiz 2016-cı ildən fəaliyyət göstərir. Gənclərin uğurlu idmançı olmağı üçün əlimizdən gələni etmişik. Onlar da çox çalışırlar, karyeraları üçün vuruşurlar. Onların bacarıqlı, peşəkar idmançı olacaqlarına inamım yüksəkdir. Onlara da hər zaman məsləhət görürəm ki, idmanla yanaşı təhsilə də fikir versinlər.
– Legioner həyatını da yaşamısan. Azərbaycanda basketbolçu olmaqla, xaricdə basketbolçu olmaq arasındakı fərqli məqamlar nələrdir?
– Legioner kimi Ukraynanın “Kremen” və Moldovanın “Ribnita” klublarında oynamışam. Basketbolun daha məşhur, sevildiyi ölkələrdə oynamaqla bizdə oynamaq bir az fərqlidir. Həmin ölkələrdə idmançı özünü tam peşəkar hiss edir. Mən inanıram ki, tezliklə Azərbaycan çempionatı da seviləcək və yüksək mərhələlərə çatacaq.
Xanlar Əlibəy
Medianews.az