Ərdoğan hökuməti nə qədər haqq-nahaq tənqid edilsə də, Türkiyə hüquqi dövlət olaraq öz simasını saxlayır. Qardaş ölkənin Azərbaycandan başlıca fərqi də budur – qanunun aliliyinin, “qırmızı xətt”in hamılıqla gözlənilməsi, hüquqa sayğı. Azərbaycanlı hüquq müdafiəçisi İntiqam Əliyevə qarşı üç il öncə İstanbul hava limanında törədilən polis zorakılığı ilə bağlı məhkəmə prosesini vəkilin udması buna yeni sübut oldu.
Belə sonuc olmaya da bilərdi, əgər Türkiyədə məhkəmə sistemi kifayət qədər müstəqil olmasaydı. Yoxsa İntiqam Əliyevin qanı da Fərahim İlqaroğlu, vəhşicəsinə döyülən neçə-neçə digər azərbaycanlı jurnalistlər kimi çoxdan batırılmışdı. Və yaxud olay İstanbul deyil, Bakının aeroportunda yaşansaydı, yenə eyni nəticəsizlik qeydə alınacaqdı. Bəlkə İntiqam bəy onda heç şikayət ərizəsi də yazmazdı – yekunu öncədən bildiyi üçün.
Amma Türkiyə aeroportunda başına gələnlərlə bağlı o, şikayət yazdı və haqqını aldı. Ona görə ki, qardaş ölkə femidasının insidenti ədalətli araşdıracağına inanırdı. Vəkil yanılmamışdı – zərərçəkənin iddiası təmin edildi. Şübhə yox ki, İntiqam Əliyevin yerinə başqa əcnəbi olsaydı da işə ədalətli baxılacaqdı. Çünki bu ölkənin məmuru əynindəki dövlət atributuna – geydiyi mindirə, çiynində gəzdirdiyi ulduza sayğılıdır, öz məsuliyyətinmi dərk edir və o səbəbə ölkəsinin adının çirklənməsinə razı olmaz.
Daha bir mühüm səbəb var. Məsələ ondadır ki, hər bir əcnəbi ziyarət elədiyi ölkə haqda konkret rəy, təəssüratla qayıdır ölkəsinə. Əgər bu rəy və ya təəssürat neqativdisə, ziyarət edilən ölkə ziyarət edənin ölkəsində mütləq əks-təbliğata tuş gəlir. Demək, birincinin beynəlxalq imici də labüd olaraq zədələnmiş olacaq.
Türkiyə isə üstəlik, turizm ölkəsidir, büdcəsinin mühüm hissəsi bu sahənin hesabına doldurulur. Özünüz fikirləşin, kim qanunsuzluğun tüğyan elədiyi dövlətdə istirahət edər? Bu xüsusda zərərçəkən istər azərbaycanlı olsun, istərsə də qeyrisi, Türkiyə hüquq-mühafizə orqanlarının belə faktları ədalətli araşdırmasını həm də milli çıxarlar diktə edir və siyasi məna kəsb edir. Odur ki, bunu bir azərbaycanlı vəkilin qələbəsi, “İntiqamın intiqamı”ndan daha çox, Türkiyə dövlətinin qələbəsi kimi dəyərləndirmək lazım gəlir…
Vətən və onun haqqında təəssürat sərhəddən – hava limanından, gömrük postundan başlayır. Əfsus ki, Azərbaycan adına belə pozitiv məhkəmələrə, hüquqi cəzaların kəsilməsi hallarına rast gəlmək mümkünsüzdür. Əksinə, sərhəddə, gömrük məntəqələrimizdə, “Qırmızı körpü”də, ölkəmizin başqa giriş qapılarında geyindiyi mundirə, çiynində gəzdirdiyi dövlət atributuna məhəl qoymayıb da dövlətimizi hər gün rüsvayi-cahan edən, Azərbaycan haqda dünyada mənfi rəyi gücləndirən məmurlarımıza “gözün üstə qaşın var” deyən tapılmır.
Dəfələrlə, bu mövzuda yazmışıq, yazıblar, amma fayda yoxdur. Ona görə ki, belə yaramazlıqlara himayə ən yüksək səviyyədən gəlir və mövcud korrupsiya-rüşvət sisteminin mahiyyətindən doğur.
Təbii ki, Azərbaycana qardaş Türkiyədən də hər gün xeyli qonaq, ziyarətçi təşrif buyurur. Ölkəmizə gəlmək üçün onlara qarşı mənasız viza tələbi azmış kimi, üstəlik, türk qonaqlar (eləcə də digər ölkələrin vətəndaşları) sərhəddə yersiz yoxlamalara, incidilmələrə məruz qalırlar.
Söz vaxtına çəkər, ötən yay ayında bir qrup türkiyəli turist Balakən gömrüyündə ağlasığmaz qanunsuzluqlarla üzləşməmişdilərmi? O zaman Bakı, Gəncə və Şəkini görməyi planlaşdıran qonaqların ürək yanğısı ilə söylədiklərindən məlum olmuşdu ki, onların anadan əmdikləri süd burunlarından gətirilib. Qonaqları rüşvət almaqdan ötrü saatlarla sərhəddə ləngidiblər, hətta ələ salıb, təbii ehtiyaclarını ödəmək üçün tualeti belə çox görüblər onlara.
Ancaq günahkarlardan kimsə cəza aldımı? Qətiyyən. Maraqlansanız, onlar dövlətçiliyimizə “xidmətlərini” indi də bal kimi davam etdirirlər. Çünki bura hüququn aliliyi qorunan Türkiyə yox, şahın qanun olduğu Azərbaycandır. Dünyada bizi ən çox da məhz buna görə tanıyırlar – hüquqi dərəbəyliyə, insan haqlarına, insana sayğısızlığa görə. Fərq eləməz, bu insan ölkənin vətəndaşıdır, yoxsa müsafir.