“Şuşada konsulluğun açılması ilə bağlı Türkiyə və Azərbaycan arasında danışıqlar gedir. Xarici İşlər Nazirlikləri arasında müzakirələr davam edir”.
Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, mayın 26-29 arası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Rəsmi məlumata görə, Ərdoğan 26-29 mayda keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalında iştirak edəcək.
3 günlük səfər zamanı Türkiyə liderinin Qarabağa da getməsi, Şuşa Konsulluğunun açılması, yaxud konsulluğun yeni binasının təməlinin qoyulması gözləniləndirmi?
Siyasi şərhçi Mübariz Göyüşlü Medianews.az saytının suallarını cavablandıran zaman bildirib ki, Şuşada Türkiyə Cümhuriyyətinin konsulluğunun açılması çox vacib və həyati dərəcədə önəmli məsələdir. Onun sözlərinə görə, bu barədə fikirlər və çalışmalar gündəmdədir.
“Bunları təqdir edir və hesab edirəm ki, belə bir addımın atılması həm Azərbaycan Türkiyə müttəfiqlik, dostluq, qardaşlıq münasibətlərinin inkişafı, həm də Qarabağda Azərbaycanın, Türkiyənin mövqelərinin möhkəmlənməsi demək olacaq. Bilirik ki, hələ də Xankəndi və ərtaf ərazilərdə ermənilərin separatçılığı, sülhməramlıların, Rusiya dövlətinin bu və ya digər qurumlarının dəstəkçiliyi ilə davam edir. Əldə olunan sülh hələ çox kövrəkdir. Bu mənada Türkiyə konsulluğunun Şuşada olması, diplomatik təmsilçiliyinin açılması çox faydalı ola bilər”.
Siyasi şərhçinin sözlərinə görə, Türkiyə prezidenti Ərdoğanın Azərbaycana may ayındakı səfəri zamanı Qarabağada səfər etməsi, Türkiyənin oradakı konsulluğunun yeni binasının təməlini qoyması mümkün məsələdir.
“Şuşa Bəyənnaməsindən sonra belə bir addımın atılması iki ölkənin qardaşlığının, Qarabağdakı sülhün təminatının dünyaya bir daha bəyan edilməsi olacaq.
Əgər bu may ayında olmazsa da bunun mütləq yaxın zamanda baş tutacağına inanıram”.
Leyla
Medianews.az